“Bu, Azərbaycan dövlətinin şərəf məsələsidir” – Müsahibə

bu-azerbaycan-dovletinin-seref-meselesidir-musahibe
Oxunma sayı: 680

“Qafqazinfo” Gültəkin Hacıbəylinin müsahibəsini təqdim edir:


- Fransanını Türkiyə kimi nüfuzlu bir dövlətlə konfliktə girməsində zərurət nədən ibarətdir? Bu, prezident Sarkozinin seçki maraqlarından, yoxsa, Fransanın Türkiyəyə qarşı ənənəvi təzyiq siyasətinin tərkib hissəsidir?

- Burada bir çox maraqlar kəsişir. Subyektiv və obyektiv məqamlar üst- üstə düşür. Üzdə olan və nəzərə çarpan səbəblərdən biri prezident Nikolya Sarkozinin qarşıdan gələn prezident seçkilərində kifayət qədər zəif görünən şanslarını artırmaq cəhdidir. Bütün rəy sorğuları hazırki prezidentin nüfuzunun ciddi şəkildə azalmasına dəlalət edir. Erməni kökənli elektorat isə mütəşəkkil, siyasi, iqtisadi, ideoloji təsir imkanları baxımından zəngindir. Sarkozi sözsüz ki, bu faktoru nəzərə alır. Digər tərəfdən Fransa ilə Türkiyə arasında uzun müddətdir ciddi siyasi dairələrin təmasları səviyyəsində belə, bəzən, hətta diplomatik protokol çərçivəsini aşan gərginlik yaşanmaqdadır. Sarkozinin Türkiyəyə son səfərini xatırlamaq yetər. Lakin zənnimcə, bu bədnam qanunun qəbulunu daha çox obyektiv amillərlə bağlamalıyıq. Bu amillərin hamısı Fransa siyasətinin və xüsusilə də, prezident Sarkozinin güclü, qüdrətli Türkiyə faktoru qarşısında yaşadığı natamamlıq kompleksi ilə şərtlənir. Baxın, Avropanı iqtisadi böhran bürüyüb, Türkiyə iqtisadiyyatı nəinki geriləmir, əksinə, inkişaf edir. Avropa əhalisi qocalır, Avropa miqrasiya hesabına demoqrafik tarazlığı qorumağa məcburdur, Türkiyə əhalisi artır. Türkiyə Avropanın turizm lideridir. Türk ordusu Avropanın ikinci qüdrətli ordusudur. Türk müdafiə sənayesi dünyanın ən sürətlə böyüyən müdafiə sənayesidir. Aydındır ki, Türkiyə Avropa Birliyinə daxil olarsa, Fransa onunla rəqabət aparacaq gücdə olmayacaq. Odur ki, Türkiyənin Avropa Birliyinə gedən yolunda “aşılmaz” maneələr yaradılır. Bugünədək, ən ciddi maneə Avropa Birliyinə qəbul edilmiş yunan Kipri idi. Uzun müddət təzyiq mexanizmi kimi mövcud olan, lakin AKP iqtidarının siyasi praqmatizmi nəticəsində “zərərsizləşdirilən” kürd kartının yerini indi “soyqırım” məsələsi almaqdadır. Bir məqamı da unutmamalıyıq. “Ərəb baharı” adlandırılan qlobal proses özü ilə bölgə və dünya siyasətinə çox yeniliklər gətirdi. Bir-birinin ardınca diktatura zülmündən qurtulan xalqların hamısı “ Türkiyə modelli demokratiya” arzusunda olduqlarını bəyan edirlər. Türkiyənin əzən müstəbidlərin deyil, əzilən xalqların yanında olması, onlara hər çür mənəvi, humanitar, siyasi, iqtisadi, maliyyə dəstəyi verməsi isə ikinci Vətənimizi bölgənin şəksiz liderinə çevirdi. Görünür, Sarkozi özünün və Türkiyə Baş Bakanının yeni demokratiya paytaxtlarında necə qarşılanması arasındakı fərqi də həzm edə bilməyib.


- Bu qarşıdurmanın perspektivini necə görürsünüz?

-Bu qanunun qəbulu Fransa cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Assambleyanın, Senatın özündə belə ciddi etirazlar var. Qanunun lehinə Məclisin 577 üzvündən 38-inin səs verməsi özü ciddi məqamlardan xəbər verir. Demək, deputatların əksəriyyəti bu qanunun yaratdığı mənəvi, siyasi və hüquqi məsuliyyətin ağırlığını dərk edərək ona bulaşmaq istəməyiblər. Rəy sorğuları sadə fransızların 65-70 faizinin bu qanuna qarşı olduğunu göstərir. İstənilən halda, hansı şəraitdə, hansı səbəbdən qəbul edilməsindən, hansı məqsədi hədəf almasından asılı olmayaraq, bu qanun Fransa Milli Assambleyası, Fransa Parlamenti və Fransa dövlətinin tarixində bir qara ləkə olaraq qalacaqdır. İnanıram ki, fransız xalqı onun tarixini ləkələyənlərə “dur” deməyi bacaracaq.


- Bu məsələdə Azərbaycanın tutduğu mövqeni necə dəyərləndirirsiniz?

- Məndə belə bir təəssürat yaranıb ki, görünür biz hələ bu qanunun əsl mahiyyətini, milli maraqlarımız və ilk öncə, Qarabağ probleminin həlli istiqamətində doğura biləcəyi ağır fəsadları görməyi bacarmırıq. Tam məsuliyyəti ilə deyirəm: Bu bədnam qanun Senatdan keçəcəyi təqdirdə Türkiyədən çox bizi vuracaq! Bu qanun ilk öncə Qarabağ məsələsindəki mövqeyimizə sarsıdıcı zərbədir! Bu qanunun qəbulunu əngəlləmək Türkiyə dövləti və vətəndaşı qədər, Azərbaycan dövlətinin və vətəndaşının şərəf məsələsidir! Bu milli kimliyimizi aşağılayan, milli qürurumuzu tapdamağı hədəf alan bir qanundur. Dünya tarixində mərdliyi, ləyaqəti, bütövlüyü, etibarı, tolerantlığı ilə ad çıxarmış millətimizin dünyanın ən alçaq cinayətinə-soyqırımına suç ortağı edilməsinə damarlarında türk qanı axan və türk millətinə sayğı duyan kimsə biganə qalmamalıdır. Bu bizim öz keçmişimizə xəyanətimiz, öz gələcəyimizə qarşı isə bağışlanmaz məsuliyyətsizliyimiz demək olardı. Bu qanun təkcə milli ləyaqətimizi aşağılamır, eyni zamanda türklərin ən qəddar obrazını yaratmaqla, Qarabağ savaşındakı mövqelərimizi zərbə altına qoyur. Yeganə arxamız olan Türkiyəni zərərsizləşdirməklə, onun bizə dəstək imkanlarını zəiflədir.
-Bu məsələdə Türkiyənin bizdən haqlı gözləntiləri var. Sürix prosesi başlayanda, Azərbaycan sərhədlərin açılmamasıyla bağlı Türkiyə qarşısında çox sərt tələblər qoydu. Hətta bayraq krizi adlandırdığımız və hər zaman ürəkağrısı ilə xatırlayacağımız olaylar yaşandı. Bütün dünya Türkiyədən sərhədlərin açılmasını tələb etsə də, Türkiyə buna getmədi. Türkiyə 18 ildir Ermənistanla sərhədlərini bağlamaqla qardaş fədakarlığı göstərir. İndi eyni fədakarlığı göstərmək sırası bizdədir. Bir faktı da unutmayaq ki, Türkiyənin o vaxtki durumundan fərqli olaraq, biz tək deyilik. Bütün beynəlxalq insan haqları təşkilatları, ATƏT, bir çox Fransa parlamentarları özləri belə bu qanunun ifadə azadlığı ilə ziddiyyət təşkil etdiyini bildirirlər.


- Sizcə, Azərbaycan tərəfindən hansı əməli addımlar atılmalıdır?

-Düşünürəm ki, Azərbaycan əlində olan hər bir imkandan istifadə edərək öz etirazını bildirməli və bu qanunun qəbulunu əngəlləməlidir. Yaranmış bu situasiyada Azərbaycan Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını tələb etməlidir. Bu bizim doğal haqqımızdır. Millətimizi təhqir edən, türklük ləyaqətimizi aşağılayan və düşmənimizin yanında olan bir ölkə Qarabağ probleminin həllində tərəfsiz vasitəçi ola bilməz. Fransa bu addımıyla həmsədr kimi özünü tam diskreditə etdi. Fransa ilə iqtisadi, siyası əlaqələrimizə yenidən baxmalıyıq. Sonda, bir hadisəni xatırlatmaq istəyirəm. 2001-ci ilin yanvar ayında mərhum prezidentimiz Heydər Əliyev AŞPA-dakı ilk sessiyasına yola düşən Azərbaycan nümayəndə heyətini qəbul edib, öz tövsiyyələrini verirdi. Bu səfər Fransa parlamentinin uydurma erməni soyqırımını tanıması haqqında qanunu qəbul etdiyi vaxta təsadüf edirdi. Cənab prezident Türkiyə haqqında, onun Azərbaycan üçün önəmi haqqında çox danışdı. Bizim həmişə AŞPA-da Türkiyə ilə bir olmağımızın vacibliyini vurğuladı və hər zaman xatırlayacağım bu sözləri dedi: “Unutmayın, Türkiyənin ayağına atılan daş, bizim başımıza dəyir!”. Bugünkü durumu bu sözlərdən daha sərrast ifadə etmək mümkün deyil. Fransa tərəfindən Türkiyəmizin ayağına daş atılıb. Başımızı qorumaq isə bizlikdir.