“Bu, Azərbaycan üçün çox aktualdır”- Səfər

bu-azerbaycan-ucun-cox-aktualdir-sefer
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, millət vəkilləri həmçinin “Seçkilərdə və siyasi partiyalarda qadınların iştirakı”, “İş və ailə həyatının uzlaşdırılması” mövzuları ətrafında müzakirələrdə aktiv iştirak edərək fikirlərini konfrans iştirakçılarının diqqətinə çatdırıblar. Onlar eyni zamanda, gender bərabərliyi, qadınların ölkənin ictimai, siyasi, iqtisadi həyatında rolunun artırılması istiqamətində Azərbaycanda görülən və görülməsi nəzərdə tutulan işlər barədə də məlumatlar veriblər. Millət vəkilləri bildiriblər ki, bu mövzu Azərbaycan üçün çox aktual bir mövzudur və bu istiqamətdə aparılan işlər özünün müsbət nəticələrini göstərir. Millət vəkilləri görüşlər və fikir mübadiləsi zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində öz iş yerlərini itirən məcburi köçkün qadınların üzləşdiyi problemləri də diqqətə çatdırıblar.
Qeyd edək ki, konfransda əsas məqsədlərdən biri ictimai həyatda qadınların iştirakına şərait yaratmaq üçün konkret tədbirlərin görülməsi məqsədilə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Proqramı”nın iştirakçısı olan ölkələrin qadın parlamentarilərinin təcrübələri və təkliflərini öyrənməkdir. Fikir mübadiləsinin yekununda hər üç mövzu istiqamətində fəaliyyət proqramları hazırlanacaq. Bu gün media sahəsində gender balansı, gender bərabərliyi istiqamətində cəmiyyətin maarifləndirilməsində KİV-nin üzərinə düşən vəzifələr ətrafında geniş müzakirələr aparılacaq və yekun sənəddə də öz əksini tapacaq. Konfrans fevralın 9-da başa çatacaq.