“Bu barədə danışmağa qadağa qoyacaqlar”- Müsahibə

bu-barede-danismaga-qadaga-qoyacaqlar-musahibe-
Oxunma sayı: 651





Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəsi

- Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünü necə qiymətləndirirsiniz?
- Görüşdən heç nə gözləmədiyimi əvvəlcədən də demişdim. Daha öncə verdiyim açıqlamalarda qeyd etdiyim kimi, prezidentlərin Kazan görüşü ərəfəsində NATO Parlament Assambleyasının iclasında iştirak etmişdim və Ermənistanın nümayəndə heyətinin fikirlərini də öyrənmişdim. Onlar da Kazan görüşündən hər hansı bir nəticə gözləmirdilər. Yəni onlar bilirdilər ki, Azərbaycan Dağlıq Qarabağın Ermənistana verilməsinə dair heç bir hüquqi sənədə imza atmayacaq. Həm də dünyada və regionda baş verən hadisələr, bu məsələ ilə bağlı beynəlxalq güclərin tutduğu mövqe də belə qənaətə gəlməyə əsas verirdi. Təəssüf ki, bəzi qüvvələr, o cümlədən müxalif mövqedə dayandıqlarını iddia edən qəzetlər də bu kampaniyaya qoşulmuşdular ki, guya Kazan görüşündə nəticələr əldə olunacaq. Kazanda nəticə əldə olunması üçün isə Ermənistana çox ciddi təzyiqlər edilməliydi. Bu təzyiqlər həm də ermənilərin başa düşəcəyi, anlayacağı formada olmalıydı. Onlar görməliydilər ki, Ermənistana beynəlxalq təzyiqlər var. Bunun əvəzində isə başqa bir mənzərənin şahidi oluruq. Münaqişənin həllilə bağlı müxtəlif fikirlər səsləndirilir, qulağa xoş gələn ifadələrlə müxtəlif bəyanatlar verilir, amma heç kim imperativ şəkildə demir ki, bu problem, Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu məsələ öz həllini tapmayana qədər, fikrimcə, münaqişənin ədalətli həllini gözləmək yersizdir. Rəsmi Bakı Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu vəd etsə də bu erməniləri qane etmir, onlar Qarabağın müstəqilliyi tələbini irəli sürürlər. Sözün düzü, hətta Dağlıq Qarabağ ermənilərinə tam müstəqillik verilsə belə, ermənilərin işğal etdikləri digər ərazilərimizdən geriyə çəkiləcəklərini gözləmirəm. Fikirləşirəm ki, onlar Laçın və Kəlbəcərlə bağlı iddialarını ortaya qoyacaqlar. Ona görə ki, ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonları da tərk etmək istəmirlər. Söhbət bundan gedir. Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasındakı Haxçıvanla bağlı məsələni gündəmə gətirməsi də ermənilərin uzağa gedən planlarından xəbər verir. Azərbaycanın xarici və daxili siyasətində bir dəyişiklik olmasa Dağlıq Qarabağın azad olunması mümkünsüz görünür. Təəssüf ki, bu minvalla ermənilərlə qəzet səhifələrində söz savaşı aparmaqdan uzağa gedə bilməyəcəyik.

- Azərbaycanın daxili və xarici siyasətində hansı dəyişikliklər aparılmalıdır?
- Əgər Azərbaycan indiki yürütdüyü xarici siyasət Dağlıq Qarabağın azad olunmasına heç bir ciddi təsir göstərmirsə onu dəyişdirmək lazımdır. Hətta bu siyasət ölkənin maraqlarına uyğun olsa da belə... Yeri gələndə, daha böyük maraqlar naminə kiçik maraqlardan imtina etməyi bacarmalıyıq. Azərbaycan ilk növbədə özünə güclü müttəfiq tapmalıdır. Bu müttəfiqin Dağlıq Qarabağın azad olunmasına Azərbaycanla birgə səy göstərməsi üçün gərək rəsmi Bakı da onun maraqlarına uyğun addım atsın.

- Bizə müttəfiq ola biləcək belə bir dövlət varmı?
- Hesab edirəm ki, var. Danışıqların gedişatından asılı olaraq bu ABŞ, Rusiya və Türkiyə də ola bilər. Daha yaxşı olardı ki, bu dövlət Türkiyə olsun. Amma Türkiyənin yürütdüyü xarici siyasəti, iqtisadi və hərbi gücünü nəzərə alsaq, bunun qeyri-real olduğu görəcəyik. Türkiyədən indikindən artıq dəstək alacağımızı gözləmirəm. Türkiyə Ermənistanla ticari əlaqələrini dondura və hava məkanını bağlaya bilmir. Yerdə qalır ABŞ və Rusiya. Azərbaycan bu dövlətlərin birilə hansısa razılaşmalar əldə etməlidir. ABŞ-la bu danışıqların müsbət nəticə verəcəyinə ümid azdır. Qalır Rusiya...Bəzən gileylənirlər ki, Milli Azadlıq Hərəkatında Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan Qüdrət Həsənquliyev indi Azərbaycanın Rusiyaya yaxınlaşmasından danışır. Amma bizim bu mövqedən çıxış etməyimizin yeganə səbəbi Azərbaycanın milli maraqlarıdır. Biz ən azı Ermənistan qədər Rusiyaya yaxınlaşmalıyıq. Ermənistan Rusiyanın bölgədəki maraqlarının ifadəçisi kimi çıxış etməklə özündən dörd dəfə böyük dövlətin torpaqlarını işğal altında saxlayır. Deməli, Azərbaycan Rusiyaya o səviyyədə yaxınlaşmalıdır ki, sabah işğal olunmuş torpaqlarını azad etmək istəyəndə rəsmi Moskva ən azı Ermənistana dəstək verə bilməsin. Yəni Gürcüstandakı hadisələr Azərbaycanda təkrarlanmasın. ABŞ və Avropa Birliyi bizə açıq formada bildirirlər ki, bölgədə nüfuz sahibi Rusiyadır. Ona görə də Azərbaycan hakimiyyəti bu barədə çox ciddi düşünməlidir. Yoxsa, biz Dağlıq Qarabağın indiki status-kvosunun saxlanılması ilə barışmaq məcburiyyətində qalacağıq. Ona görə ki, nə xalqımız, nə də iqtisadiyyatımız torpaqlarımızın hərbi yolla azad edilməsinə hazırlanmayıb. İqtisadiyyatımız neftdən asılı vəziyyətdədir. Hərbi əməliyyatlar başlayacağı təqdirdə, boru kəmərlərinin birinin sıradan çıxarılması ölkəni bütün gəlirlərdən məhrum edə bilər. İdxaldan asılılığa son qoyulması üçün ölkədə məhsul istehsal edən müəssisələr yaradılmalıdır. Bu gün marketlərdə satılan ərzaq məhsullarının səksən faizi ölkəyə kənardan gətirilir. Ona görə də bu barədə ciddi formada düşünülməli və öz siyasətimizə tənqidi yanaşmalıyıq.

- 22-25 iyun tarixlərində Brüsseldə keçirilən Krans Montana forumunda iştirak etmisiniz. Bu forumun Azərbaycan üçün əhəmiyyəti və müzakirə olunan məsələlər barədə nə deyə bilərsiniz?
- Krans Montana Forumu nüfuzlu beynəlxalq təşkilatdır, Yaradıldığı 1986-cı ildə bu forum dünyada demokratiya, sülhün bərqərar olunması, xalqların bir-birinə yaxınlaşması, mədəni əlaqələrin qurulması, dünyadakı münaqişəli problemlər, eyni zamanda xarici dövlətlərin iqtisadi əlaqələrinə xüsusi diqqət yetirir. Brüsseldə keçirilən forum isə əsasən Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın mükafatlandırılmasına və "Habucco" kəmərilə bağlı məsələlərə aydınlıq gətirilməsinə həsr olunmuşdu. Onu da qeyd edim ki, bu forumun mükafatlandırdığı ölkə başçıları sırasında Azərbaycan prezidenti İlham Əliyevə qədər Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Gürcüstan prezidenti Mixail Saakaşvili, ABŞ prezidenti Barak Obama, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan kimi dövlət və hökumət başçıları olublar ki, onlar öz ölkələri üçün böyük işlər görmüş və xalqlarına böyük töhfələr veriblər. Həmin forumda dünyanın nüfuzlu təşkilat rəsmiləri, nazirlər, Avropa Birliyinin enerji komissarı, hətta "Habucco" kəmərinin koordinatoru da iştirak edirdi. Burada müxtəlif istiqamətlərdə sessiyalar keçirildi, müzakirələr aparıldı. Orada yeni eşitdiyim fikir energetika naziri Natiq Əliyevin "Nabucco" kəmərilə bağlı çıxışı oldu. Hazir burada fərqli fikir söylədi. Dedi ki, Azərbaycan "Habucco" kəmərinin çəkilişi üzrə konsersuma qoşulmaq istəyir və payçı olmaq niyyətindədir. Bu vaxta qədər isə Azərbaycan bu kəmərin çəkilməsinin əleyhinə olmadığını və bu sahədə imkan daxilində köməklik göstərəcəyini deyirdi. Amma indi payçı olmaq niyyətini gizlətmir. Bu isə o deməkdir ki, Azərbaycan bu kəmərin çəkilişinə vəsait qoymaq istəyir. Ancaq hələ də Xəzərin statusunun müəyyənləşdirilməsi, "Transxəzər"in çəkilişi ilə bağlı İran və Rusiyanın mövqeyi, Türkmənistanın bura nə qədər qaz verə biləcəyi ilə bağlı məsələlər həll olunmayıb. Rusiya açıq şəkildə etiraz etməsə də, kəmərin çox perspektivsiz və təhlükəli olduğunu bildirir. Həmin tədbirin məruzəçilərdən biri müstəqil ekspert kimi Vüqar Bayramov idi, QHT Şurasından isə Əliməmməd Nuriyev iştirak edirdi. Vüqar Bayramovla söhbətimiz oldu və ondan məruzəsinə bəzi detalları əlavə etməsini xahiş etdik. Burada Rusiyanın neqativ rolu və kəmərin təkcə iqtisadi layihə olmasının Azərbaycanı heç də qane etmədiyi və Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək onun təhlükə altında ola biləcəyi barədə fikirlər də öz əksini tapdı. Qızğın müzakirələr daha çox Vüqar Bayramovun çıxışı ətrafında oldu. Xaricilər narahat oldular ki, niyə Dağlıq Qarabağ münaqişəsini bu məsələyə aid etmişik. Onlar heç bir tutarlı arqument gətirmədən, Rusiyanın kəmərin əleyhinə olmadığını və bu ölkənin artıq modernləşdiyini bildirdilər. Amma orada Rusiya prezidentinin Avropa Birliyində söylədiyi fikirlərdən sitat da gətirildi ki, o, "Nabucco" kəmərinin xeyirsiz və təhlükəli olduğunu söyləyib. Onun təhlükəliyiyi isə sözsüz ki, kəmərin keçəcəyi ölkələrə, o cümlədən Azərbaycana bir xəbərdarlıqdır. Əgər Azərbaycan Rusiya ilə münasibətləri bir qədər də gərginləşdirib, kəmərin çəkilişinə razılıq verəcəksə və bu layihəyə vəsait yatıracaqsa... Sözsüz ki, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu daha da artacaq. Ancaq qarşılığında nə olacaq? Yəni, "Habucco"nun gerçəkləşməsində maraqlı olan və enerji təhlükəsizliklərini təmin edən dövlətlər bu zaman Azərbaycana ən böyük probleminin həllində hansı dəstəyi verəcəklər? Zənnimcə, "Nabucco" gerçəkləşdikdən sonra Azərbaycandan daha sərt formada müharibə variantını kənara qoymaq tələb olunacaq. Ümumiyyətlə, bu barədə danışmağa qadağa qoyacaqlar. İndi heç olmasa müharibədən danışırıq... BTC-nin tikilməsinə Azərbaycan razılıq verdi, çünki lazım idi. Amma indi Azərbaycanın valyuta ehtiyatları var və bu ehtiyatlardan səmərəli istifadə olunarsa, ölkə iqtisadiyyatını çox sürətlə inkişaf etdirmək olar. Ona görə də "Nabucco" Azərbaycan üçün həyati əhəmiyyət daşımır. Azərbaycan üçün həyati əhəmiyyət daşıyan Dağlıq Qarabağ məsələsidir. Azərbaycan bu kəmərin çəkilişinə o zaman razılıq verərdi ki, onun Dağlıq Qarabağ münaqişəsinin həllində bir xeyri olsun. Əgər "Nabucco"nun Azərbaycana heç bir xeyri dəymirsə, onun çəkilişinə vəsait qoymaqla Rusiya ilə münasibətlərini gərginləşdirməyinə ehtiyac yoxdur. Ona görə də hesab edirəm ki, Azərbaycan Natiq Əliyevin dediyi formada yox, Azərbaycan Respublikası Prezidentinin dediyi formada məsələyə yanaşmalıdır. Qarabağ məsələsilə bağlı ciddi təminatlar almalıdır.

- Sizə ölkə müxalifətinin bu proseslədə mövqeyi nədən ibarət olmalıdır?
- Azərbaycan müxalifəti prezidentlərin Kazan görüşündən sonra bütün diqqəti Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltməlidir. Azərbaycan müxalifəti və xalqı iqtidardan Dağlıq Qarabağ məsələsinin həllini tələb etməlidir. Müxalifət öz fəaliyyətini ciddi səmtə istiqamətləndirməlidir. Ən azı iqtidarda bir əminlik yaratmaq lazımdır ki, sabah müharibə başlasa, müxalifət bundan siyasi məqsədlər üçün istifadə edib ölkədə qarışıqlıq yaratmayacaq. Ancaq təəssüf ki, müxalifətin xaricdən tapşırıq əsasında fəaliyyət göstərən radikal qanadı üçün milli maraqlara xidmət edən oyun qaydaları anlayışı yoxdur. Məsələn, bu qrupa daxil olan insanlar mitinq keçirməyə imkanlarının olmadığını, ictimai dəstək ala bilmədiklərini etiraf etdikləri halda, Azərbaycanın "Eurovision"dakı qələbəsindən sonra birdən-birə etiraz aksiyası keçirmək niyyətinə düşdülər. Beynəlxalq diqqətin Azərbaycana yönəldiyini görüb, bu prosesdən islahatlara təkan verə biləcək etimadlı münasibətlərin formalaşdırılması üçün istifadə etmək əvəzinə, qarşıdurmaya cəhd göstərməklə xarici dairələrin diqtəsilə hərəkət etməyə başladılar.
Amma başa düşməlidirlər ki, ayrı-ayrı qüvvələr onlardan yalnız istifadə edirlər. Qərb Azərbaycanda hakimiyyətin dəyişməsində qətiyyən maraqlı deyil. Krans Montana forumu Qərbin Azərbaycan prezidentinə nə qədər böyük önəm verdiyini göstərdi. İndiki halda müxalifət iqtidarı hərbi əməliyyatlara başlamaq üçün stimullaşdırmalı, hakimiyyəti fürsətçi olmadıqlarına inandırmalıdır. Qorxmamalıdırlar ki, Azərbaycan iqtidarından müharibə tələb edəcəkləri təqdirdə Qərb onlardan üz döndərəcək. Radikal müxalifət elə zənn edir ki, böyük adam olduqlarından Qərb nümayəndələri onlarla görüşürlər. Qərb yalnız onlara informasiya məbəyi, dolayısıyla da iqtidara təzyiq vasitəçi kimi baxır. İstədiyi informasiyanı onlardan alır. Bu baxımdan düşünürəm ki, radikal müxalifətin iqtidardan torpaqlarımızın azad edilməsilə bağlı müharibə tələbindən sonra Qərb onlara əvvəlki kimi münasibət bəsləməyəcək, yəni sadəcə informasiya mənbəyi kimi baxmayacaq və daha ciddi qüvvə kimi yanaşacaq.

Cavid