“Bu barədə məlumatı oxuyarkən məni heyrət bürüdü” - Yazıçı

bu-barede-melumati-oxuyarken-meni-heyret-burudu-yazici-
Oxunma sayı: 791

“Hörmətli Kamran müəllim!

İnernet saytlarından məlum olduğu kimi, ermənilər Qarabağ müharibəsi barədə «Əgər hamı...» adlı film çəkiblər və onu nüfuzlu Oskar mükafatına təqdim ediblər.

Bu ilin sentyabrında premyerası olan filmin süjeti belədir: Rusiyada yaşayan Saşa adlı bir qız Qarabağa gəlir və Azərbaycan-Ermənistan müharibəsində həlak olmuş atasının qəbri üzərində ağac əkmək istəyir. Amma məzar Azərbaycanlıların nəzarətində olan ərazidədir. Qız öz istəyinə çatmaq üçün həmin əraziyə keçir və ağacı əkən zaman azərbaycanlı çoban tərəfindən əsir götürülür. Sonra ümumi anlaşma nəticəsində arzusuna çatır. Ağac burada həyat, əmin-amanlıq rəmzi kimi verilir.

Filmin yaradıcıları deyirlər ki, bu, müharibə yox, sülh haqqında hekayətdir.

Bu barədə məlumatı oxuyarkən məni heyrət bürüdü. Çünki süjet və ideya mənim «Gözünə gün düşür» hekayəmdən götürülüb. Mənim hekayəmin süjet və ideyası belədir: Ağır xəstə olan həkim erməni işğalı altında olan doğma kəndinə getmək, həyətlərində «sülh ağacı» əkmək və atasının məzarı yanında ölməkdir. Getməzdən öncə o, internet vasitəsilə məqsədini yayır və bütün müharibələrə etiraz olaraq işğal altında olan həyətlərində sülh ağacı əkmək istədiyini bəyan edir. Həkim belə də edir. Qarabağdakı kəndlərinə gəlir, həyətdə ağaj əkərkən ermənilər tərəfindən əsir götürülür. Sonra erməni zabitilə müəyyən anlaşmadan sonra məzarıstana gedir və atasının uçuq məzarındaca vəfat edir.

Qeyd edim ki, «Gözünə gün düşür» hekayəsi 2010-ju ilin əvvəllərində yazılıb və həmin il fevralın 27-də «525-ci qəzet»də çap edilib. Hekayə çıxan kimi onun barəsində bir neçə məqalə yazılıb. Professorlar Nizami Tağısoy və Telman Vəlixanlının məqalələri qəzetin mart-aprel saylarında nəşr olunub. Bir az sonra akademik Tofiq Hacıyev həmin hekayəyə geniş məqalə həsr edib.

Hekayə İlahə Carçıyeva tərəfindən rus dilinə çevrilib və 2010-cu ilin iyununda Moskvada nəşr olunan «Drujba narodov» jurnalında çap olunub və jurnalın saytında yerləşdirilib (druzhba-narodov.html). Jurnalın həmin sayında beş erməni müəllifinin də əsəri yer alıb. Bir çox rusdilli saytlarda və Rusiyanın bəzi kitabxanalarında bu hekayənin süjeti və ideyası barədə də məlumat nəşr olunub. Həmin ili iyunun 7-də «Azadlıq» radiosunun «Oxu zalı» da hekayəni sayta qoyub (www.azadliq.org). «Literaturnı Azərbayjan» cürnalı hekayəni 2010-cu il avqust sayında yerləşdirib. Daha sonra hekayə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə «525-ci qəzet» seriyasından işıq üzü görüb (mart 2010).

2011-ji ilin fevralında hekayə əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Yol» qısametrajlı bədii film çəkilib və həmin ilin martında Almaniyanın «Oberhauzen» festivalına göndərilib və proqramdankənar nümayiş olunub. Qeyd edim ki, «Yol» və «Əgər hamı...» filmində hər iki qəhrəman atasının vəsiyyətinə görə ağac əkir.

Hekayə dünyanın bir sıra dillərinə çevrilib. 2011-ji ilin oktyabr sayında Gürcüstanın «Literaturuli palitra» («Ədəbiyyat palitrası») jurnalında çap olunub. Tərcüməçi Gürcüstanın hazırkı mədəniyyət naziri və mənim dostum, məşhur yazıçı Quram Odişariyadır.

Hekayə, həmçinin Türkiyədə kitab şəklində çap olunub (aprel. 2011), ərəb, fars, ingilis dillərinə çevrilib. 2012-ci ilin sentyabrında Amerikanın «Trafford» (www.trafford.com) nəşriyyatı hekayəni «Müasir Azərbayjan antologiyası» seriyasından nəşr edib.
Bu hekayə barədə sadaladığım məlumatların bir hissəsidir.

Ermənilər çəkdiyi filmlə hekayənin və bizim qısametraclı filmin ideya və süjeti üst-üstə düşür. Bu qədər yaxın düşüncə və paralellər (ağac, məzar, işğal altında olan ərazi, sülh, əmin-amanlıq və s.) nonsens kimi qəbul edilə bilər. Nəzərə alsaq ki, «Gözünə gün düşür» hekayəsi 2,5 il önjə Rusiyanın nüfuzlu jürnallarından birində çap olunub və saytlarda yerləşdirilib, onda «Əgər hamı...» filminin ssenaristləri Mikael Paqosyan və Tereza Vargepetyanın bu hekayədən bəhrələndiklərini güman etmək olar. Bir faktı da qeyd edim ki, filmin rejissoru Natalya Belyauskinedir. «Gözünə gün düşür» hekayəsinin Riqada da nəşr olunduğunu nəzərə alsaq, bu jür üstü-üstə düşmələr maraqlı və narahatedici görünür.

Azərbajan tərəfinin çəkdiyi filmin rejissoru Fehruz Şamıyev, həmçinin hekayə əsasında tammetrajlı film çəkmək niyyətində olan tanınmış rejissor Rövşən İsak, eləcə də hekayənin araşdırıcıları və zövqlü oxucular erməni filminin süjet və ideyasının mənim hekayəmdən plagiat olunduğunu düşünürlər.

Plagiat faktı o yana dursun, ermənilər Qarabağ müharibəsi barədə faktları da təhrif ediblər. Belə ki, işğal altında olan Azərbayjan əraziləridir, erməni ərazisi yox.
Biz Azərbaycan dövlətinin dəstəyi və Müəllif Hüquqları Agentliyinin bilavasitə yardımı ilə bu iddianı dünya kino ictimaiyyəti və Oskar komitəsi qarışısnda qaldırmağa borcluyuq.
«Plagiat» iddiası hüquqi məsuliyyət daşıdığından, bu, sonralar beynəlxalq məhkəmədə də çözülə bilər.

İndilikdə isə biz bu ifadədən istifadə eləməsək yaxşı olar. Fikrimcə, Oskar komitəsinə müraicət edərkən ermənilərin çəkdikləri filmin süjetinin orijinal olmadığını iddia eləməliyik.
Ermənilər zaman-zaman bizim mədəniyyət və əqli nümunələrimizə sahib çıxmağa çalışırlar. Bu növbətidir, sonuncu deyil...

Hörmətlə,
Elçin Hüseynbəyli
«Ulduz» jurnalının baş redaktoru”