“Bu, bütün türk dünyasını çətin vəziyyətə qoyub” – Müsahibə

bu-butun-turk-dunyasini-cetin-veziyyete-qoyub-musahibe
Oxunma sayı: 683

Azərbaycanın xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi. Tanınmış yazıçı və ictimai xadim Rüstəm İbrahimbəyov SİA-ya müsahibəsində bildirib ki, o atdığı addımı ədalətli hesab edir.

- Rüstəm müəllim, Fransa ordenindən imtina etməyinizi senatda qəbul edilən qərara cavab oldu?

- Mənim bu addımım qeyri-adi hesab edilməməlidir. Deyə bilmərəm ki, mən bu adımımla cəsarətlilik və ya qəhrəmanlıq nümayiş etdirmişəm. Təbii ki, hər bir azərbaycanlı vətəndaşı kimi mən də Türkiyə-Azərbaycan nümayəndəsi kimi bu qanuna belə reaksiya vermişəm və addımımda düz olduğumu düşünürəm. Çünki bu Fransaya yaraşmayan, demokratiyaya zidd qanundur. Bu qanun bizləri, bütün türk dünyasını çox çətin vəziyyətə qoyub. Ona görə də onların bu addımına qarşı Fransa ordenindən imtina etmək qərarına gəldim.

Uzun illərdir ki, Fransa ilə böyük işlər görməyimizə, mədəniyyət sahəsində çox əhəmiyyətli əlaqələrimiz olmasına baxmayaraq, Fransa bir qərarla bunların qarşısını alacaq. Əməkdaşlığıma gəlincə, Fransa ilə birlikdə çəkilən “Şərq və Qərb” filmim "Oskar" nominasiyasında iştirak edib. Bu ordeni öz zəhmətimlə qazanmışam. Bəzi qəzetlər bunu medal kimi təqdim edib, amma bu medal deyil. Fransa ordeni ölkənin ən yüksək mükafatlarından biridir və mənə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərimə görə verilib. Bu orden ilk dəfə Napoleon vaxtında tətbiq olunub və bu günə kimi müxtəlif incəsənət xadimlərinə verilib. Bütün bu əməkdaşlıqlar, ali mükafata layiq görülməyimə baxmayaraq, Fransada baş verən hadisələrdən sonra bu qərarı qəbul etmək mənim borcum idi. Mənim üçün burada qeyri-adi bir şey yoxdur.

- Ordenindən imtina etməyinizlə bağlı Fransa hökumətinə məlumat vermisinizmi?

- Hələki Konstitusiya Məhkəməsinin qərarını gözləyirəm. Konstitusiya Məhkəməsi bu qərarı təsdiq edən kimi ordeni Fransanın Azərbaycandakı Səfirliyinə təqdim edəcəyəm. Hazırda mənim kimi, hamı gözləyir ki, prezident Nikola Sarkozi bu qanunu qəbul edəcək ya yox? Bu yaxınlarda qanun təsdiqlənəndən sonra 60 deputat Konstitusiya Məhkəməsinə müraciət edib ki, bu qanunun qəbul edilməsinə razı deyillər. Qanun qəbul olunsa, bu ordeni zərfə qoyub Fransanın Azərbaycandakı Səfirliyinə göndərərək bu ordendən imtina edəcəyimi bildirəcəyəm.

- Bu günə kimi Azərbaycan Fransa ilə mədəni sahələrdə nə kimi əməkdaşlıq edib?

- Bizim Fransa vətəndaşları, mədəniyyəti ilə əlaqəmiz olub. Azərbaycanda hər ay Fransa filmləri göstərilir, oradan gələn mədəniyyət xadimləri ilə görüşürük. Bununla da Fransa mədəniyyətini kütləyə yaymaq və təbliğ etməyə, təzə xəbərləri azərbaycanlılara çatdırmağa çalışırıq. Bütün bunlar mədəni işlərdir. Təbii ki, Fransa senatının qəbul etdiyi qərar təsdiqlənərsə bütün bu əlaqələr gələcəkdə davam etdirilməyəcək.

- “Azərbaycan-Fransa” mədəni əlaqələr cəmiyyətinin prezidenti kimi necə düşünürsüz bütün bunlar iki ölkə arasındakı mədəni əlaqələrə necə təsir göstərəcək?

- Təbii ki, çox və olduqca mənfi. Çünki bu qanunu qəbul edəndən sonra inanmıram ki, bizim əlaqələrimiz yaxın bir neçə ildə normal olsun. Düşünürəm ki, bizim təşkilatın üzvləri, ümumiyyətlə, heç kim Fransa ilə əlaqə saxlamağa maraq göstərməyəcək.

Qeyd edək ki, ötən gün Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etməsi barədə bəyanat yayıb. Bəyanatda o “Azərbaycan-Fransa” mədəni əlaqələr cəmiyyətinin prezidenti kimi aldığı Fransanın ədəbiyyat və mədəniyyət ordenindən imtina edib.