“Bu, çox böyük rəzalət və biabırçılıqdır”

bu-cox-boyuk-rezalet-ve-biabirciliqdir
Oxunma sayı: 665

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri millət vəkili Azay Quliyev Fransa parlamentinin “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun qəbul etməsinə münasibət bildirərkən deyib: “Prezident Nikola Sarkozinin də dəstəklədiyi və Fransa parlamentinin aşağı palatası tərəfindən qəbul edilən uydurma soyqırımı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun özünün absurdluğu ilə Ginnesin rekordlar kitabına düşə bilər. Çünki qanun vətəndaşı heç vaxt şahidi olmadığı və ya doğruluğu sübut olunmayan bir faktı inkar etdiyinə görə 1 il azadlıqdan mərhum etmə və ya 45 min avro məbləğində cərimə cəzasına məhkum edir. Bu Fransa demokratiyası və parlamentarizmi üçün çox böyük rəzalət və biabırçılıqdır. Bu qanun tarixi gerçəkliyə və hüquq qaydalarına zidd olmaqla yanaşı Fransa vətəndaşlarının söz və fikir azadlıqlarına qarşı yönəlmiş bir təhdiddir”.

A.Quliyev Fransanın erməniləri keçici də olsa məmnun etmək naminə bölgənin güclü dövləti olan Türkiyə ilə münasibətlərini əsassız iddialara görə korlamasını ağılsız və düşünülməmiş addım olduğunu bildirdi: “Bu təkcə Fransa-Tükiyə münasibətlərinin pozulmasına deyil, eyni zamanda Azərbaycan-Fransa əlaqələrinə də çox mənfi təsir edən ciddi səbəbdir. Fransanın Ermənistana göstərdiyi birtərəfli dəstək onun ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olması statusuna da kölgə salır və obyektiv və tərəfsiz vasitəçi olmaq mandatını heçə endirir. Ümid edirəm ki, Fransa Senatı özündə güc taparaq müzakirəyə təqdim olunan qanun layihəsinə rədd cavabı verməklə beynəlxalq dəyərlərə sədaqətini bir daha nümayiş etdirəcək, ölkədə söz və ifadə azadlığının məhdudlaşdırılmasına imkan verməyəcək”.

Azay Quliyev Fransa, Türkiyə və Azərbaycan vətəndaş cəmiyyəti institutlarını, hüquq müdafiəçilərini və QHT nümayəndələrini bu qanunun Senatda qəbuluna etiraz etməyə və insan hüquq və azadlıqları naminə həmrəylik nümayiş etdirməyə çağırıb.