Bu da Anar Məmmədovun yeni şirkəti- Foto

bu-da-anar-memmedovun-yeni-sirketi-foto
Oxunma sayı: 783

Zqan Holdinq-dən “Qafqazinfo”ya verilən məlumata görə, sahəsi 5 ha, ümumi ərazisi isə digər istehsal sahələri də daxil olmaqla 87 ha təşkil edən kəsim sexində, ekoloji təmiz, ən müasir texnologiyanın tətbiqi ilə emal edilmiş, "Halal"-lıq standartının tələblərinə cavab verən quş əti məhsulları istehsal olunacaq. Kəsim sexi fəaliyyətə başladıqdan sonra saatda 6 000 baş quş emal edəcək. İnşa və tikintinin müddəti 18-20 ay nəzərdə tutulub.

Tədbirdə iştirak edən ZQAN Holdinq-in İdarə Heyətinin Sədri Vaqif Həsənov kəsim sexi haqqında məlumat verib: “Bu gün ZQAN Holdinqin yeni layihəsinin təməlqoyma mərasimidir. Müəssisə Hollandiyanın Meyn şirkətinin kəsim avadanlığı ilə təchiz ediləcək. Kəsim sexi fəaliyyətə başladıqdan sonra burada 150-160 daimi iş yeri yaradılacaq, ümumilikdə isə quşçuluq fermasında 800-ə yaxın insan işlə təmin olunacaq”.
Təməlqoyma mərasimində ZQAN Holdinq şirkətlər qrupunun rəhbərliyi və Ucar Rayon İcra Hakimiyyəti iştirak ediblər.
Qeyd edək ki, ZQAN Şirkətlər Qrupunun prezidenti Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. ZQAN Holdinq inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərir.

Nigar Məmmədli