Bu da Misir müəllimgilin dərsliyi

bu-da-misir-muellimgilin-dersliyi
Oxunma sayı: 1194

Bunu Misir Mərdanov çıxışlarında dəfələrlə söyləyib. Mənə həmişə maraqlı qalan bir məqam var. Nəyə görə, Təhsil Naziri başda olmaqla bu dərslikbazlar məktəbli uşaqların ağlı, düşüncəsi, qavrama qabiliyyəti ilə oynamağın tərəfdarıdır. Axı sadə tədris sistemini kənara qoyub, “avropa, müasirlik” deyə-deyə yeni qəliz sistemlər yaratmaq nəyə gərəkdir. Müasirlik də lazımdır, yeniliklər, inkişaf da dərsliklərdə öz əksini tapmalıdırlar. Axı uşaqların başı, beyni bu boyda yeniliyi qavramaqda acizdir. Elə odur ki, məktəblinin həvəsi yoxdur. Psixoloqlar da azyaşlı uşaqların həddindən artıq yüklənməsinin bir qisim beyin hüceyrələrinin inkişafını təhlükədə qoya biləcəyini xəbərdar edirlər. Bax götürək, ikinci sinifdə tədris olunan “İnformatika” dərsliyini. Bu dərsliyi hazırlayanları güman ki, işdən çox maddi gəlir maraqlandırıb. Deyim niyə? Özlərini pedaqoq hesab edən dərslikbazların ən uzağı səkkiz yaşı olan ikinci sinif şağirdinə təklif etdikləri bilik nümunələrinə fikir verin.

1) Dərslikdə “obyekt” adlı bölmə var. Burada qeyd olunur: “İnsanın istifadə etdiyi, yaratdığı, öyrəndiyi hər bir şey obyektdir. Obyekti adına, rənğinə, formasına, ölçüsünə, materialına görə müəyyən etmək olar. Obyektlər canlı və cansız olur.” Burada yetərincə məntiqsizlik var. İnsanı da canlı obyektə daxil edirlərsə, onda bizim materialımızın nədən ibarət olduğu da gərək qeyd olunardı. Çox gülməlidir. Daha sonra canlı obyektlər barədə deyilir: “Canlı obyektlərin xassələri:yaranır, böyüyürlər, nəfəs alır, qidalanırlar, yaşa dolurlar.” Ən əvvəl “xassə” kəlməsi fizika və kimya sahəsində istifadə olunan sözdür. “Xüsusiyyət” sözünün istifadəsi daha uğurlu olardı. Bir də canlının əsas xüsusiyyəti “hərəkət” məsələsi yaddan çıxıb. Diğər məqam isə kitabda nə üçünsə bulud və günəş cansız obyektlərin sırasında yer alıb. Heç dəxli var.
2) Dərsliyin “obyekt” bölməsində digər gülməli fikir. Nümunə: Aşbaz və həkim peşəsindən olan iki insanın şəkli çəkilib və yazılıb:“Müxtəlif obyektlərin eyniadlı hissələri ola bilər. Məsələn, ağ xalat, ağ papaq geyinən insan həm həkim, həm də aşpaz ola bilər.” Bu nə deməkdir? Vallah, azyaşlı məktəblilərə yazığım gəldi. Necə yəni “obyektin hissəsi”? Belə çıxır ki, bu peşədən olanların bəzən uniforma dediyimiz geyimi əyninə yapışıb və onunla yatıb-dururlar. Bir də axı ağ xalatı bərbər, qəssab da geyinir.
3) Dərsliyin “simmetriya” bölməsində kəpənək, şkaf və armudu stəkan şəkli çəkilib və yazılıb. “Bəzi obyektlərin öz simmetriya oxu var.” Adamı bezdirən “obyekt” kəlməsindən sonra özü də normal yox, armudu stəkanın simmetriya oxuyla bölünməsinin vacibliyi çox böyük “tapıntıdır”.
4) Dərsliyin “informasiya” bölməsində “daktil informasiya” adlı termin var. İnanın ki, küçəyə çıxıb məktəbli o tərəfə, böyüklərə “daktil”in mənasını soruşsaq, çətin cavabını taparıq. “Daktil” bizim lamisə orqanı bildiyimiz dəri vasitəsiylə, toxunmaqla aldığımız məlumatdır. Axı uşaqları bu yaşda belə terminlə yükləməyin nə mənası var? Yaxud, “alqoritm” termini. “Hərəkət, hadisə ardıcıllığı” deməkdir. Hə də, uşağa daha sadə yolla çatdırmağın yolunu fikirləşmək əvəzinə dərsliyi terminlərlə doldurmaq ən asan yoldur.

Sizi yormadan bu nümunəni də qeyd edim. Kitabda “hikmətli söz” altındakı fikrə baxın: “Səndə olan almanı mənə versən, məndə alma olacaq, səndə yox. Səndə olan informasiyanı mənə versən, məndə də olacaq, səndə də.” Bu dərsliyi yazanlar “hikmətli söz” ifadəsini belə başa düşüblər, neyləyək. Maraqlısı ondadır ki, bu qədər məntiqsiz fikirlərdən sonra kitabda “məntiq” bölməsi də var. Burada artıq adamı “ağlamaq tutur”. Çünki azyaşlı məktəblini məntiq kimi çətin elmdən baş çıxarmağa zorlamaq insafdan deyil. “Yalan mülahizə” və “doğru mülahizə” məsələsi. Belə yerdə azyaşlı məktəbli çaşbaş qalır. Ətrafında bu məsələni aydınlaşdırmaq istəyir. “Məktəbdə fond pulu yığmaq qadağandır” və “müəllim dedi ki, fond pulu gətirin.”

Nə isə. Bu nümunələrin sayını çoxaltmaq olar. Ən “mənalı” fikirləri isə xüsusən 1-ci və 2-ci sinifin “Riyaziyyat” dərsliklərində tapmaq olar. Qəliz-qəliz şərtlərlə həvəsli uşaqların valideynlə birlikdə beynini tormozlandıran bu məsələ, misal şərtlərini hansı “alimlər” yazır axı. Misir müəllimin qeydinə qaldığı, toz qondurmadığı bəzi dərslikbazlar! Sizinlə yazdığınız dərsliklərdəki suallarla bağlı qarşı-qarşıya gəlməyə hazıram. Zənnimcə, bu sualların həllində ən adi pedaqoqlar belə çətinlik çəkirlər. Amma nədəncə ibtidai sinif müəllimləri gileylənməkdənsə susmağı üstün tuturlar. Axı biri durub hansısa dərslikdə səhv tutsa, onu məktəb yolunu unutmaq təhlükəsi gözləyə bilər.

Biz əvvəllər abituriyentlərin hazırlığı məsələsinə normal baxırdıq. Daha sonra ibtidai sinif, məktəbəqədər hazırlığı qəbul etmək məcrubiyyətdə qaldıq. İndi isə valideynlər ibtidai sinif şagirlərinə kömək məqsədiylə repetitor tuturlar. Buna əvvəl dəb kimi baxırdıqsa, indi çıxışyolu kimi baxmaq daha doğru olar. Çünki çox halda ali təhsilli valideyn belə dərslikdəki misal, məsələnin şərtini başa düşmək üçün dönə-dönə oxumalı olur.

Bu arada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərkibində də dərsliklərin araşdırılması ilə bağlı xüsusi qrup yaradılıb. Bu qrup yəqin ki, Təhsil Naziri ilə hərdən “duel”ə çıxan Məleykə Abbaszadə arasındakı soyuqluğu nəzərə almaz və dürüst davranar.

Bu başdan deyim ki, yeni komissiyanın görəcək işi çox olacaq. Əlbəttə ki, özünü yalnız işə versə.