“Bu da Sizə analoqu olmayan ölkə!” – Müsahibə

bu-da-size-analoqu-olmayan-olke-musahibe-
Oxunma sayı: 901

Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub Türkiyədən qayıdıb. Bir il ərzində bu ölkənin Qafqaz Universitetində dərs deyən müsahibimlə söhbətə təhsil sistemindəki fərqlər, problemlərdən başladıq. Vurğun bəy, Türkiyə-Azərbaycan münasibətləri, Müsavat Partiyasında baş verən hadisələrlə də bağlı fikirlərini bölüşüb. Onunla maraqlı müsahibəni oxucularımıza təqdim edirik.

- Vurğun bəy, son bir ili Türkiyənin Qafqaz Universitetində dərs deməklə keçirdiniz. Qardaş ölkənin təhsil sistemi Sizin üçün hansı yenilikləri ilə yadda qaldı?

- Desəm ki, Türkiyə təhsili mənə nəsə yeni bir şey verdi, doğru olmaz. Çünki Türkiyənin daxil olduğu təhsil sistemini nəzəri cəhətdən bilirəm. Bu mənada təhsil haqqında bir neçə araşdırmaların müəllifi kimi yeni bir şey öyrənə bilməzdim. Ancaq ümumən universitet adında bir müəssisəsinin maddi-texniki imkanları, əlaqələri, ərazisi, binaları barəsində təsəvvürlərim bir az da genişləndi.

- Nədən ibarətdir maddi-texniki təchizat və başqa imkanlar?

- 1992-ci ildə yaradılan Qafqaz Universiteti təxminən 200 hektar ərazidə yerləşir, bu mənada ötən əsrin 50-ci illərində Ərzrumda yaradılan Atatürk Universiteti ilə müqayisədə gənc təhsil ocağı hesab olunur. Buna baxmayaraq Qafqaz Universitetinin yataqxanaları, poliklinikası, xəstəxanası, tədris binaları, qonaq evi, yaşayış evləri və bir tərəfdən də inşası davam etdirilən binalar. Universitetin gözəl servis xidməti var, 4 avtobus ancaq işçilərə xidmət edir. Bu mənada Türkiyənin hətta ən zəif, ən gənc universitetinin imkanları ilə Azərbaycanın istənilən universitetinin imkanları müqayisəyə gəlməzdir.

- Bəs bizimkilərlə müqayisədə müəllimlərim əməkhaqqı necədir?

- Ümumiyyətlə, müqayisə etmək mümkün deyil. Türkiyə vətəndaşı olan professorun maaşı ayda 3 min manatdır. Bilirsən, müqayisə olunmayacaq məsələləri necə müqayisə etmək olar? Ümumiyyətlə, təhsil səviyyəsi məsələləri araşdırılmalıdır. Mən Azərbaycan türkcəsi və ədəbiyyatı fənnindən dərs deyirəm. Müqayisə imkanlarımız çox aşağıdır, çünki onlar orta məktəbdə bu fənni keçmirlər. Hesab edin ki, universitetdə tələbələrə orta məktəb səviyyəsində dərs keçməyə çalışırsan. Baxmayaraq ki, ədəbiyyat yaxınlığımız var, çətinliklərimiz də yox deyil. Ona görə müqayisə obyektiv olmaz. Türkiyədə tələbələr sərbəst və azaddırlar, dərsə gəlməkdən tutmuş müəllimi seçməyə qədər. Ancaq yönətimdə qüsurlar var. Bu qüsur da tələbələrdə olan yanlış düşüncə və alışqanları bir qayda halına gətirib. Məsələn, sentyabrın 20-də dərs başlayır, amma tələbə dərsə oktyabrın əvvəllərində gələcək. Sadəcə, Türkiyə universitetlərində davamsızlıq haqqı deyilən bir şey var, yəni tələbə bir semestrdə 4 həftə dərsə gəlməyə bilər. Ona görə 4 həftə dərsə gəlməmək hüququ tanınıb ki, xəstələnə, yaxud vacib işi olar. Amma tələbələr bu haqqı bir imtiyaza çeviriblər, xəstə oldu-olmadı, 4 həftə davam etməlidir. Əski dillə desək, mən hazır qayıbın əleyhinəyəm, çünki tələbə özü başa düşməlidir ki, o, dərsdə iştirak etmirsə, hansı çətinliklərlə üzləşə bilər. Xüsusən, onların orta məktəbdə öyrənmədiyi Azərbaycan türkcəsi və ədəbiyyatı dərsi keçilir. Fizikanı orta məktəbdə öyrənir, dərsə gəlməz, gedib hazırlaşar. Yəni bu münasibəti alışqanlığa çeviriblər, buna da rəhbərlik və müəllimlər göz yumur. Görünür, hər iki tərəfi razı salır. Amma tələbələr çalışqandırlar, anlamadıqlarını öyrənirlər, çəkindikləri yoxdur ki, etirazı etsələr, müəllim qiyməti aşağı salar. Onlarda bu düşüncə yoxdur. Bir pis cəhət odur ki, orta məktəblərdə onlara əl yazısı öyrətmirlər, bizdəki hüsn-xətt dərsi Türkiyənin orta məktəbində keçirilmir, onlar çap hərfləri ilə yazırlar, amma 4 illik təhsildə bu qüsuru aradan qaldırırlar. Ona görə pis cəhət dedim ki, imtahanlar yazılı keçirildiyindən yazını oxumaq çətinliyi yaranır, çünki xətləri çox pis olur. Bütün hallarda Türkiyə ilə Azərbaycanın təhsil sistemi arasında ciddi fərqlər var. Türkiyədə təhsil praktiki, həyatı problemlərə yönəlik təhsildir. Bizdə isə daha çox nəzəri, həyatla o qədər də əlaqəsi olmayan və universiteti bitirdikdən sonra cəmiyyətdəki problemlərin həlli baxımından heç bir köməyi olmayan təhsil verməklə uğraşır.

- Sizdən başqa universitetdə azərbaycanlı müəllim və tələbə varmı?

- Qafqaz Universitetində 10 nəfər xaricdən gəlmiş müəllimin hamısı azərbaycanlıdır. 4 müəllim universitetin konservatoriyasında çalışır, 6-sı isə fənn ədəbiyyatı fakültəsində. Tələbələrə gəlincə, mənim dərs dediyim birinci sinifdə Naxçıvandan, üçüncü sinifdə isə Sumqayıtdan bir tələbə var.

- Universitet rəhbərliyi sizlərdən razıdırmı?

- Bu barədə onlardan heç nə soruşmamışam. Narazı olsalar, o adamlar universitetdə işləməzlər. Çünki hər ilin sonunda müqavilə imzalanır.

- Türkiyədəki universitet Bakıdakı Qafqaz Universiteti ilə eynidirmi?

- Xeyr, heç bir əlaqələri yoxdur, tamam başqa təhsil müəssisələridir.

- Bu bir ildə Türkiyədə ictimai-siyasi hadisələr baxımından hansı maraqlı olaylarla rastlaşdınız?

- Əvvəla, Türkiyə universitetlərində müəllimlərin siyasətlə məşğul olmaq ixtiyarları yoxdur, qanunla bu fəaliyyət qadağandır. Partiya üzvü ola bilərlər, həm də siyasi tədbirlərdə, mitinqlərdə iştirak edirlər, sadəcə universitet daxilində siyasi fəaliyyətə qadağa var. Yəni Türkiyədə YAP kimi gedib universitetdə dayaq dəstəsi yarada bilməzsən. Mənim həftədə 32 saat dərsim vardı, bizim bölümdə isə 100 dərs olurdu. Ancaq tək olduğum üçün 30 saat dərsi mən deyirdim ki, bu həftə üçün ağır yükdür. Ona görə başqa bir şeyə vaxtım qalmırdı. Bir az prosesləri televiziyadan izləyirdim ki, bunu sizlər də edirdiniz. Orada seçkilər zamanı partiyalara heç bir fərq qoyulmur, mitinq olursa, telekanal işıqlandırdığı zaman bunu baş nazirin mitinqi adlandırmır, bərabər çıxışlar üçün imkanlar yaradılır.

- Türkiyənin gənc bir universitet auditoriyasından Azərbaycan təhsili necə görünürdü?

- Təhsili də daxil olmaqla Azərbaycan çox eybəcər görünür. Azərbaycana gələndə sərhədi keçərkən artıq əsəbilik başlayır, məmurların gözləri əllərinə baxır və üzlərindən “bundan nə çıxarda bilərəm” sözləri oxunur. Təsəvvür edin ki, Naxçıvandan Bakıya təyyarə 50 dəqiqəyə uçur, amma mən 52 dəqiqə çamadanımı gözləmişəm. Bu da Sizə analoqu olmayan ölkə!

- Bu müddətdə Türkiyə-Azərbaycan münasibətlərini, o cümlədən Ərdoğanın Bakı səfərini izləmisiniz, təəssüratınız necədir?

- Mən Ərdoğandan əvvəl Bakıya qayıtdım və Divanda bu məsələ ilə bağlı təklifim gündəliyə salındı. Çünki viza məsələsinin həll olunmaması sadəcə, biabırçılıqdır. Təsəvvürünüzə gətirin ki, Gürcüstanla Türkiyə arasında nəinki viza, hətta pasport da aradan qalxıb, yəni hər bir ölkənin vətəndaşı kimlik vəsiqəsi ilə gedib-gələ bilər. Türkiyədə Azərbaycana maraq göstərən adamlar üzümüzə deyirlər ki, bizi qardaş hesab edirsiniz, bəs bu viza nədən qalıb? Vizanın aradan qaldırılmaması çox utandırıcı bir haldır və başqa tərəfdən də Azərbaycan hakimiyyətinin iç üzünü açır. Mən bu günlərdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun açıqlamasını oxudum, o, vizanın aradan qaldırılmasına İranın əngəl olduğunu bildirir. Bəs rəsmilər neçə illərdir müstəqil xarici siyasət yürütdüklərini, heç kəsin təsir edə bilməyəcəklərini deyirlər, axı bu yalan bir yerdə üzə çıxmalıdır.

- Ancaq Əli Həsənov sonradan jurnalistin fikirlərini təhrif etdiyini söylədi...

- Bizim məmurlar belə olur, bir həqiqəti deyirlər, ancaq onu dara çəkəndə jurnalistin onu düzgün başa düşmədiyini iddia edirlər. Çünki vizanın aradan qaldırılmasında başqa bir izahat yoxdur, əgər varsa, buyurub desinlər.

- Siz dövlət başçısının Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanıması barədə bəyanatını necə qiymətləndirirsiniz?

- Yenə də başa düşmürəm, illərdir bizlər tələb edirik ki, Azərbaycan PKK-nı terrorçu təşkilat kimi tanısın. Amma tanımayıb. Əgər dövlət başçısı bu bəyanatı veribsə, rəsmi sənəd kimi təsdiqini tapmalıdır.

- Bütövlükdə iki ölkənin münasibətlərində bir tərəfi suçlamaq doğrudurmu, bəlkə Ankaranın elə maraqları var ki, qəbul edilməzdir?

- Əlbəttə ki, başqa problemlər də var. Əgər bir sadə viza məsələsində belə ciddi problem yaranırsa, görün digər bilmədiyimiz hansı problemlər yaşanır. Problem ondadır ki, Azərbaycan cəmiyyəti açıq cəmiyyət deyil və hökumətin fəaliyyətində şəffaflıq yoxdur. Şəffaflıq olmadığından pərdə arxasında hansı problemlərin olduğunu da bilmirik. Ona görə mən mətbuatdakı informasiyalar əsasında fikir yürütmək istəmirəm. Amma mətbuatda kifayət qədər məlumatlar gedir ki, PKK-ya Azərbaycandan maliyyə gedir, yaxud yüksək çünki məmurların bu terrorçu təşkilatla əlaqəlidir, türk əsilli biznesmenlərin ölkədən sıxışdırılır, amma reaksiya yoxdur. Azərbaycana gələnlərin sərhəddə gördüklərini danışanda, adamın əli-ayağı yerdən üzülür. Bir qarslı öz maşınında Qırmızı körpüdən keçəndə o qədər rüşvətlə rastlaşır ki, daha Azərbaycana gəlmək istəmir. Bütün hallarda Türkiyə-Azərbaycan münasibətlərində ciddi problemlər görünməkdədir.

- Azərbaycandan kənarda olanda Müsavat Partiyasında istefalar oldu, bu hadisələri necə qiymətləndirirsiniz?

- Mən dostlarımın hərəkətlərini tələsik atılan addım hesab etmişəm. Amma onları xəyanətkar elan edənlərlə qətiyyən razı deyiləm. Heç bir partiya üzvü üzərinə öhdəlik götürməyib ki, ömrünün sonuna qədər partiya üzvü olacaq. Gedənlərin Allah işini avand etsin. Ancaq gedənlər də partiyanın ünvanına yalan və böhtanlar deməməlidir. Dostlarımız da partiyaya qarşı bu məzmunda fikirlər səsləndirməyiblər. Sadəcə, öz düşüncələrini deyiblər ki, onun içində haqlı və haqsız olanları var. Mən onların gedişini itki və verilən tələsik qərarın nəticəsi hesab edirəm. Amma bilməliyik ki, partiya beş-üç nəfərin gedişi ilə yox ola bilməz. Müsavat köklü, ənənələri olan partiyadır, həm də cəmiyyətdə oturuşmuş birinci partiyadır. Ona görə bu gedişlər ətrafında şou qurmaq istəyənlərə gülməyim gəlir.

- Bu itkilərdə başqan İsa Qəmbərin səhvi oldumu?

- Mən bunu qiymətləndirmək üçün kifayət qədər informasiyaya malik deyiləm. Hesab etmirəm ki, biri partiyadan gedirsə, mütləq günahı bir tərəfdə axtarmalıyıq. Sülhəddin bəy də, Qabil bəy də, İbrahim bəy də partiyanın rəhbərliyində olmuş adamlardır, bu məsələdə günah yalnız bir tərəfdə ola bilməz. Amma kimin günahı nə qədərdir, bu barədə məndə kifayət qədər informasiya yoxdur.

- Qurultayda iştirak edəcəksinizmi?

- Məsələ ondadır ki, universitetdə iş çox ciddidir, ildə 30 gün məzuniyyətdə olursan. Qalan vaxtı dərs oldu-olmadı, işdə olmalıyıq. Hətta Sizin üçün təəccüblü görünə bilər, məsələn, hər hansı bölümdə tələbə olmadı, bunun müəllimə heç bir aidiyyatı yoxdur, müəllim səhər dərsə gəlib axşam saat 5-də getməlidir.

- Qurultayda İsa Qəmbər başqanlıqdan gedəcəyini qəti söyləyib, amma əsas namizəd Arif Hacılı isə həbsdədir. Başqanın kim olacağı sualı artıq müzakirə olunmağa başlayıb.

- Allah Arif bəyin qapısını açsın! İnanmıram ki, Arif bəyi həbsdə çox saxlayarlar. Sadəcə, nə qədər bacarırlar, o qədər saxlamağa çalışacaqlar, çünki Arif bəyin hər hansı bir günahı yoxdur. Güman edirəm ki, qurultaya qədər o, həbsdən çıxar. Amma partiyadakı prosesləri tək-tək adamların adına bağlamaq düzgün deyil. Təbii ki, mənim müəyyən düşüncələrim var. Qurultay yaxınlaşanda bu barədə danışacağam.

“Bizim Yol”