“Bu düzgün sistem deyil” – Müsahibə

bu-duzgun-sistem-deyil-musahibe
Oxunma sayı: 797

Dalğa Gənclər Hərəkatının sədri Orxan Nəbiyevin “Qafqazinfo”ya müsahibəsi

- “Dalğa”nın sədrləri tez-tez dəyişir, buna səbəb nədir?

- Bu bizim nizamnamə ilə əlaqədardır. Bizim nizamnaməyə əsasən bir ildən bir qurultay keçirilir. Hər sədrin də seçilmə limiti iki dəfədən artıq deyil. Ona görə də ya hər il dəyişir, ya da bəzən olur ki, bir sədr iki il ard arda seçilir. Məsələn bizdə bir dəfə olmuşdu ki, Vəfa Cəfərova iki dəfə dalbadal sədr seçilmişdi.

- Sədr seçimləri necə aparılır?

- Hərəkat qurultayı keçirilir, bütün hərəkatın üzvləri toplanır və gizli səsvermə olur. Səsvermə nəticəsində sədr müəyyənləşir.

- Hazırda Azərbaycan gəncliyini necə qiymətləndirirsiniz?

- Azərbaycanın potensialına çox inanıram, Azərbaycanda çox güclü gənclik var, çox güclü, savadlı kadrlar var. Azərbaycanın gənclik sektoru çox dinamikdir. Bu, qonşu ölkələrdən daha çox hiss olunur. Düzdür, Gürcüstanda sərbəstlik Azərbaycana nisbətən daha çox olduğuna görə, orada özünüifadə imkanları daha genişdir. Amma, bizim gənclərdə çox güclü potensial var. Ona görə də, mən Azərbaycanda olan gənclərin, fərqi yoxdur bu iqtidar tərəfdə olsun, müxalifət tərəfdə olsun, sırf siyasi gənclər olmasın ictimai gənclər olsun, onlarda digər ölkələrə nisbətən bir çox ambisiyalar daha çoxdur. Ona görə də mən Azərbaycanın gələcəyinə inanıram. Hazırda gənclərin durumuna gəldikdə isə Azərbaycanda gənclər arasında dialoq çox aşağı səviyyədədir. Bizim gənclər çevrələrə bölünüb. Bir-biriləri ilə təmasa girmirlər. Bunun da bir çox səbəbləri var. Azərbaycanda şəbəkələşmə prosesi çox zəifdir. Yəni ki, Azərbaycanda gənclər öz sosial durumuna görə, düşüncə tərzinə görə, məfkurəyə görə gənclər müxtəlifdirlər və bir-biriləri ilə əlaqəyə girmirlər.

- Bəs bu problemi necə aradan qaldırmaq olar?

- Burada həm iqtisadi islahatları çoxaltmaq lazımdır ki, gənclərdə sosial təbəqələşmə çox hiss olunmasın. Çünki, Azərbaycanda bank sektorunda, BP-də və digər böyük şirkətlərdə işləyən gənclik var onlar ayrı bir çevrədir, onlar iqtisadi sosial durumuna görə yuxarı çevrədirlər. Digəri ictimai-siyasi olan çevrə - onlarla əlaqələri çox zəifdir. Bir də var ki, heç bir şeyə maraq göstərməyən çevrə. Onların bir-biriləri ilə əlaqələrini genişləndirmək üçün sosial durumlar, imkanlar bərabər olmalıdır. Gənclərin özlərini realizə etmələri üçün imkanları olmalıdır. İkinci məsələ də odur ki, düşüncə tərzi müxtəlifdir. Bu çox normal bir şeydir, amma Azərbaycanda düşüncə tərzinə tolerant olmamaq var, bu da təhsil səviyyəsinin aşağı olmasından irəli gəlir ki, insanlar bir-birilərini qəbul edə bilmirlər. Damğalamaq prosesi var bizdə. Sən fərqli düşünürsənsə deməli sən o düşərgənin adamısan. Əgər sən iqtidarla razı deyilsənsə, mütləq müxalifətçisən, Əgər sən müxalifətlə razı deyilsənsə, sən mütləq iqtidarsan. Bu damğalama gənclər sektorunda çox güclüdür, bu da yaşlı nəsillərdən və sovetin ağ-qara televizor təfəkküründən irəli gəlir.

- Təhsil haqlarının qaldırılmasına münasibətiniz necədir?

- Təhsil haqlarının qaldırılması Azərbaycanın bu günkü vəziyyətinə görə çox səhv bir addım idi. Çünki, biz hətta Dövlət Proqramına da təklif vermişdik ki, Boloniya prosesinin sürətləndirilməsi baş verməlidir. Boloniya prosesinə görə, tələbə özü öz təhsil haqqını tənzimləyir. İstəyər yüksək kreditlər götürüb təhsilini daha tez, 3 ilə başa vurar, əgər imkansızdırsa daha az kredit götürər və onun təhsil müddəti daha uzun olar. Dünya praktikasında bu maksimum 8 ildir. Dünya praktikasında tələbələr bakalavr pilləsini maksimum 8 ilə bitirirlər. Bir də tələbələr üçün liqotalar yoxdur. Yəni, tələbə endirimləri yoxdur. Məsələn bizdə tələbələr üçün gediş haqlarında endirimlər yoxdur.

- Tələbə endirimlərinin olmamasından əlavə, Boloniya prosesi tam tətbiq olunmur. Məsələn hələ də dəftər və davamiyyət tələb olunur.

- Tamamilə razıyam, bu tam tətbiq olunmayıb, birdən də təhsil haqları qaldırılır və bu, dövlətdə inhisar yaradır. əgər hökumət bu sərəncamı verirsə deməli bu tələbəyə yalnız, bizim də şüarımız var, neft tankeri kimi baxır ki, tələbədən sovurmaq olsun. Bu düzgün sistem deyil, tələbə öz kreditlərini, öz təhsil haqqını özü tənzimləməlidir, öz davamiyyətinə, öz müəllim seçiminə özü qərar verməlidir. Bu, tələbənin daha çox ifadə azadlığına gətirib çıxarır, çünki burada tələbə sərbəstliyə öyrəşir. Hər şey tələbənin ətrafında baş verir. Tələbə nə dekandan asılı olur, nə rektordan asılı olur, nə də maliyyə sıxıntılarından asılı olur. Bu tətbiq olunmayandan sonra təhsil haqları qaldırılması düzgün deyil. Məsələn Avropanı götürsək, orada təhsil haqları çox yüksəkdir. Bizimlə müqayisədə 2-3 dəfə, hətta 4 dəfə yüksəkdir. Amma, orada təqaüd proqramları var. Tələbə əgər maliyyə cəhətdən sıxıntı yaşayırsa, universitet həmin tələbəyə təqaüdlər verir, xüsusi proqramlar verir. Bu, tam təqaüdlər ola bilər ki, onun bütün təhsil haqqını bağlayır, ya da yarım təqaüdlər ola bilər ki, təhsilin bir hissəsini bağlayır. Universitetlər özləri tələbə üçün imkan yaradılar ki, tələbə orada təhsil alsın. Amma, Azərbaycanda təhsil haqlarının qaldırılması gəncləri təhsildən uzaqlaşdıracaq.

- Burada gənclərin, tələbələrin üzərinə nə düşür?

- Tələbələr tələb etməlidirlər ki, Boloniya prosesi başa çatsın. İctimai aktiv gənclər bu məsləyə köklənməlidirlər ki, təhsil haqları qaldırıldı, tamam, amma indi təqaüd proqramları çoxalmalıdır, Boloniya sistemi tam olaraq tətbiq olunmalıdır ki, təhsil haqlarınınn qaldırılması tələbələrə heç bir sıxıntı yaratmasın. Yaxud da, bu baş verməyəcəyi təqdirdə, Nazirlər Kabineti verdiyi qərarı sıfırlamalıdır.

- Gənclər arasında kitaba marağa az olmasının səbəbini nədə görürsünüz?

- Birincisi Azərbaycanda kitab ailədə təbliğ olunmur. Ailədə kitaba maraq yaradılmalıdır. Maslov üçbucağı var, orada qeyd olunur ki, insanın tələbatlarının piramidasına ilk növbədə təbii tələbatlarını ödəmək lazımdır. Sonra isə get gedə bura daxil olur istirahət, estetik tələbatlar, siyasi tələbatlar. Kitab oxumaq özü estetikadır. İnsanın həm istirahətidir, həm də estetikasıdır. Əgər Azərbaycanda təbii tələbatlar tam ödənilə bilmirsə, artıq estetik və digər tələbatlar da ödənilmir. Ona görə də Azərbaycan ailələrində sıxıntılar var, iqtisadi-sosial məsələlərə görə sıxıntılar çox güclüdür, bu olduğu təqdirdə də ikinciyə nə vaxt qalır, nə də həvəs. Bu da övladlara bir başa təsir edir.

- Bəziləri də kitaba marağın azlığını kitabların baha olması ilə izah edir. Bu fikrə münasibətiniz necədir?

- Təbii, bununla da əlaqələndirmək olar, digər bir səbəb də ola bilər. Bizdə kitablar çox bahadır. Çünki, bizdə nəşriyyatlar çox azdır. Tək-tük tanınan nəşriyyatlar var. Kitabın keyfiyyəti məsələsi də var, qiymət aşağı düşdükdə kitabın keyfiyyəti düşür, pis kitaba da heç kim maraq göstərmir. Kitabda keyfiyyət və cəlbedicilik daha çox olmalıdır. Bundan başqa dil problemi də var. Kitab həvəs göstərənlərin çoxu xarici dil bilənlərdir. Çünki, Azərbaycan dilində kitablar, azərbaycandilli müəlliflər özlərini hələ tam sübut etməyiblər. Ola bilsin Azərbaycanda sübut ediblər, amma dünyaya qalxmayıblar. Məsələn biz götürək rus klassiklərini, onlar dünya elitasında təsdiq olunandan sonra daxildə də qəbul ediliblər. Məsələn Azərbaycan gəncləri arasında da Dostoyevski, Bulqakov çox oxunur və onlar çalışırlar ki, sevimli müəlliflərini rus dilində oxusunlar. Dil imkanları geniş olmayanlar buna maraq göstərmirlər.

- Gənclərin həbsini necə qiymətləndirirsiniz?

- Gənclər həbs olunanda biz bunu pislədik. Çünki, gəncin həbs olunması, özü də siyasi motivlə həbs olunması yolverilməzdir. Azərbaycan kimi ölkədə gənclərə dəstək vermək əvəzinə onları həbs edirlər. Biz, Dalğa Gənclər Hərəkatı olaraq onlar həbs olunanda bunu pislədik. Biz gənclərin həbsini həmişə pisləmişik və hər vasitə ilə onları müdafiə edəcəyik. Düzdür, onların müdafiəsində bir az çətinliklər var, o da onların çevrələrinin “Dalğa” ilə münasibətlərindən irəli gəlir. Bizim onlara münasibətimiz həmişə yaxşı olub, amma nədənsə onlar istəmirlər ki, “Dalğa” onları müdafiə etsin. Amma, bizim gəncləri müdafiə etmək praktikamız çox güclüdür. Biz Eminlə Adnan həbs olunanda onları müdafiə etmişdik, tələbələr universitetdən qovulanda biz onları müdafiə etmişdik. Bizim gənclərin problemlərini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanımız daha çoxdur. Çünki, bizim beynəlxalq əlaqələrimiz güclüdür. Biz dünya liberallarının üzvüyük, Avropa liberallarının üzvüyük, dünya demokrat hərəkatının üzvüyük. Bizim bir çox xaricdə olan siyasi güclərlə münasibətlərimiz yaxşıdır. Ona görə də daha təcrübəli və daha bacarıqlıyıq. Amma biz gənclərin müdafiəsinə qalxanda bizi özlərindən küsdürmək istəyirlər, mən də bilmirəm bu nə ilə əlaqədardır.

- Son vaxtlar mətbuatda eşşək heykəli aktual məsələyə çevrilib. Bu haqda nə düşünürsüz?

- Mənə elə gəlir ki, bu problem olmamalıdır. Nə olsun ki, əvvəl dənizkənarı parkda da eşşək heykəli var idi.

- Buna bəzi siyasətçilər münasibət bildirəndə dedilər ki. Onun əvəzinə şəhərin görkəmli şəxslərindən birinin abidəsi qoyulsun. Məsələn, Nəsimi, Əfsələddin Xaqani və s.

- Mən bildiyimə görə, Şamaxı şəhərində onların heykəlləri qoyulub. Sabir kəndi var, ora girəcəkdə də Mirzə Ələkbər Sabirin heykəli var. Heykəl idi, qoymuşdular, vurub dağıtdılar, oldu keçdi. Yəni, buna görə ölkədə ajiotaj yaratmaq lazım deyil. Orada Nəsiminin də heykəli ola bilərdi, Xaqaninin də, Mirzə Ələkbər Sabirin də. Bunu Azərbaycan dövlətinin həmin şəxslərə sayğısızlığı deyil, sadəcə onların artıq heykəlləri var, öz kəndlərində də var, paytaxtda da var. Yəni, deməzdim ki, həmin şəxslər diskriminasiya olunub. Məncə buna sərt reaksiya verməyə ehtiyac yoxdur.

- Dalğa Gənclər Hərəkatı maraqlı aksiyaları ilə fərqlənir. Məsələn son olaraq təhsil haqlarının qaldırılması ilə əlaqədar olaraq qılıncla kitabın döyüşünün səhnələşdirildiyi aksiyanı qeyd edə bilərik. Bundan sonra hansı problem ətrafında aksiyalar planlaşdırırsınız?

- Azərbaycanda nə qədər ki, təhsil problemləri var, biz həmişə təhsil sahəsində çalışacağıq. Çünki, bizim fikrimizcə Azərbaycanda istənilən müsbət dəyişikliyin arxasında yalnız və yalnız təhsil sahəsində aparılacaq islahatlar durur. Azərbaycanda təhsil sahəsində biz həmişə aksiyalar keçirəcəyik. Bundan əlavə tələbələrin hüquqlarının müdafiəsində biz daha aktiv çalışırıq. Deyirlər ki, “Dalğa” son vaxtlar passiv görünür. Biz bu semestr ərzində 10-a yaxın tələbənin problemini həll etmişik. Onun bir neçəsi ilə mən özüm şəxsən məşğul olmuşam. Tələbələrin qovulma ehtimalı yaranmışdı, bir çoxları hətta universitetdən də qovulmuşdular. Biz onların hüquqlarını müdafiə etdik, biz onları universitetlərə bərpa etdik. Onların təhsil alması üçün şans yaratdıq. Biz gördüyümüz işləri işıqlandırmırıq, çünki bizə müraciət edən tələbələr istəmirlər. Təhsil sahəsində harada problem varsa, “Dalğa” həmişə orada olacaq.

- Azərbaycanda Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komitəsi arasındakı münasibətlərin ürəkaçan olmaması hamıya məlumdur. Bu münasibətlərin gənclərə, abituriyentlərə təsirindən nə deyə bilərsiz?

- Azərbaycanda təhsil qurumları həddən artıq çoxdur və bir-birilə əlaqəsizdir. Təhsil Nazirliliyi var, Rayon Təhsil Şöbəsi var, Bakı Təhsil Şöbəsi var, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) var, Prezident Administrasiyasında təhsil məsələləri üzrə şöbəsi var, bundan əlavə də universitet rektorları var. Bunlar bir-biri ilə mütəşəkkil olaraq sistemli şəkildə işləyə bilmirlər. Nə TQDK Təhsil Nazirliyi ilə, nə rayon şöbələri, nə şəhər şöbələri, nə də, Prezident Administrasiyasının təhsil şöbəsi. Bu da nədən irəli gəlir? Çünki, Azərbaycanda rektorlar prezident tərəfindən təyin olunur. Ona görə də Təhsil Nazirliyi universitetlərə müdaxilə edə bilmir. Çünki, universitetin nazirlikdən asılılığı yoxdur. Bundan əlavə TQDK müstəqil dövlət komitəsidir və yenə də nazirlikdən bir başa olaraq heç bir asılılığı və sistematik iş prinsipi yoxdur. Ona görə də Azərbaycanda təhsil sahəsində qarışıqlıq daha çoxdur. Universitet tələbə qəbul edərkən TQDK tərəfindən qəbul edir, bunu şəxsən qəbul etmir. Mərkəzləşdirilmiş sistemlə qəbul edilir, ona görə də nazirliyin də burada heç bir rolu olmur. Ona görə də bu, univeristetlərlə TQDK arasında olan sistemdir. Bu da təhsil sistemində qarışıqlıq yaradır, heç kim də bilmir ki, problemi olanda hara müraciət etsin, ona görə də arada tələbə qalır. Artıq bunu sistemləşdirmənin vaxtı çatıb, hətta biz gecikmişik. Yenə deyirəm ki, biz Boloniya prosesini sürətləndirsək artıq bu bir sistem olacaq, çünki Amerika praktikası var, Avropa praktikası var ki, biz həmin bu praktikaya əsasən tələbələrlə işləməyin iş prinsipləri artıq Avropa və Amerika modelinə uyğunlaşdırılacaq, nəticədə tələbədə heç bir problem olmayacaq ki, onun problemi yaranarkən hara müraciət etsin və öz problemini necə həll etsin. Bu bir tərəf, ikinci tərəfi də tələbələrin qəbul balının bu il aşağı olmasının tələbə qəbulu sisteminin dəyişdirilməsidir. Mənə elə gəlir ki, sistem dəyişdirildikdən sonra ballar daha da azalıb. Çünki, əvvəl necə di. Mən universitetə qəbul olan il, 5 qrup var idi, hər qrupun da özünə aid fənni var idi. Məsələn, mən 3-cü qrup üzrə universitetə daxil olmuşam. Biz Coğrafiya, Tarix, Azərbaycan dili, Ədəbiyyat və Xarici dil fənlərindən imtahan vermişdik. İndi Coğrafiyanın yerində Riyaziyyat var. Artıq burda sistem tam pozulub. Çünki, humanitar bölmədə oxuyan tələbəyə riyaziyyat bir o qədər də lazım olmur. Düzdür, çox insan deyir ki, hər insan riyaziyyatı bilməlidir. Amma mənə elə gəlir ki, bu gün çağdaş dünyada ixtisaslaşma prosesi daha geniş vüsət alıb, nəinki akademik ixtisaslaşma. Hamı hər şeyi bilməlidir, prinsipi ilə qurulan sistem düzgün deyil, çünki, insanın beyni ixtisaslaşma üzərində qurulub. Bunu biz, Avropa təcrübəsində də gördük ki, onların ixtiasaslaşmış təhsili daha çox tələbənin inkişafına və ölkənin gələcəyinin inişafına daha çox kömək edir. Kollektiv təhsil sistemi bizə elə zərbə qoyub ki, biz 20 ildir bu psixologiyadan çıxa bilmirik.

- Prezident “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını qəbul etdi. Bununla bağlı fikirlərinizi öyrənmək istəyirəm.

- Mən Dövlət Proqramı ilə tanış oldum. Biz Dövlət Proqramına təkliflər vermişdik, ümumilikdə 100-dən artıq Gənclər Təşkilatı da öz təkliflərini vermişdi və burada verilən təkliflər ümumiləşdirilmiş şəkildə öz əksini tapıb. Bizim verdiyimiz təkliflər əsasən təhsil sahəsi ilə bağlı, gənclərin sosial-iqtisadi səviyyəsinin yaxşılaşdırılması, ipoteka təklif olunmuşdu, Boloniya prosesi ilə bağlı və bundan əlavə regionlarda gənclərin mədəni, sosial və iqtisadi şəraitinin artırılması ilə bağlı təklifimiz olmuşdu və bizim mövcud işçi qrupunun qorunması və gələcəkdə onun daha da inkişaf etdirilməsi təklifi olumuşdu. Verdiyimiz təkliflər proqramda ümumiyyətlə öz əksini tapıb. Burada qeyd olunub ki, gənclərin gələcəyin tələblərinə cavab verən təhsil almaları üçün bərabər imkanların təmin edilməsi. Bu, bizim təhsil paketimizin ümumiləşmiş formasıdır. Bundan əlavə gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi. Əmək bazarlarının tələbatlarına cavab verən gənc kadrların hazırlanması , gənclərin sosial-iqtisadi səviyyəsinin yaxşılaşdırılması təklifi olumuşdu. Verdiyimiz təkliflər proqramda ümumiyyətlə öz əksini tapıb. Bu, bizim təhsil paketimizin ümumiləşmiş formasıdır. Bundan əlavə gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi. Əmək bazarlarının tələbatlarına cavab verən gənc kadrların hazırlanması, gənclərin sosial iqtisadi inkişafının artırılması ilə bağlı, bu da bizim təkliflərimizdə əksini tapmışdı.

- Yəni, ümumilikdə proqram sizi qane edir...

- Ümumi proqram qane edir, çünki bu proqram ümumiləşdirilmişdi, detallarla qeyd olunmayıb.

- Proqramın perspektivini görürsüz?

- Mən pozitiv insanam. Mən bu proqramın perspektivini görürəm. Amma, burada məni narahat edən bir məsələ var. Dövlət Proqramının həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsidir. Burada mənə maraqlıdır ki, proqramın icraatı hansı şəkildə olacaq? Burada qeyd olunub ki, Gənclər və İdman Nazirliyi tərəfindən icra olunacaq. Mən istərdim ki, proqramın icrasında Gənclər Təşkilatları öz verdikləri təklifləri özləri icra etsinlər. Yəni, Qədim Yunan modeli, təklif verən özü icra edir. Biz də istərdik ki, bizim təklifimiz bizim gənclər tərəfindən düşünülüb, özümüz hazırlamışıq, biz detallı şəkildə bilirik ki, təklifin detallı şəkildə icrası necə olmalıdır. Biz özümüzü təhsil sahəsində daha uğurlu hesab edirik, ona görə də bu sahədə təkliflər vermişik. İnanırıq ki, hər gənclər təşkilatı verdiyi təklifi daha da yaxşı icra edə bilər.