“Bu, elə bir günah ki...” - Şeirlər

bu-ele-bir-gunah-ki-seirler-
Oxunma sayı: 1201



Bu, elə bir günah ki...

Bir kişi qocalacaq mənimlə
bir ömür boyu
bir damın altında.
Həyatımı daim

bir hüzn bürüyəcək,
bir kişi qollarım arasında
ürəyimin hərarətindən
əriyəcək.
O, sən olmayacaqsan dostum,
sən olmayacaqsan...

Onun gözlərində
sənin baxışlarını axtaracam,
dodağında
öpüşlərini.
İkinci dəfə doğulacam
başqa birinin olmaq üçün
sənin sevgində boğulacam
başqa birindən
qisas almaq üçün.

Yaşlı qadınların
“Qoşa qarıyın”,
“Bir yastıqda qocalın” kimi
qarğışlarından sonra
xoşbəxt olmağım mümkünsüz...
Qovuşacam sənə
özümü
ürəyimin şah damarından asdıqda,
qocalacam
bir kişi ilə bir yastıqda.
O, sən olmayacaqsan, dostum,
sən olmayacaqsan.

Mən səni sevdim, dostum,
tək səni sevdim...
Səninlə qocalmaq
mümkünmü heç?
Bu, elə bir günah ki,
Sənə demərəm:
günahımdan keç!..


Bulvarda

Quzum, heç nə istəmə sən,
Bax dənizə, doyunca bax.
“Bulvar” adlı bu aləmdən
Yadında tək o qalacaq.

Ona pay ver göz yaşından,
Bir az hava alaq, gedək.
Gəl, dənizin yaddaşında
Biz də belə qalaq, gedək.

Bu da dənizin qırağı,
Eləcə bax, ötüb keçək.
İstədiyin oyuncağı
Sənə leylək gətirəcək.

Ləngər vurur, yuxuludur,
Gəmi suda batar birdən.
Karusellər qorxuludur,
Tut əlimi, gedək burdan.

Yesən, boğazın ağrıyar,
Dondurmadan gözünü çək.
20-cə qəpik pulum var,
Onunla da evə gedək.

Gecə

Tənhalığın qorxusundan,
yatan bəxtin yuxusundan,
məhəbbətdən, həsrətdən,
müqəddəs bir məqamda
edilən niyyətdən
doğulan Gecə...
Oğlan-Gecə...
Gözlərim həsrət qalsın
Sənin işıqlı gündüzlərinə.
Qara tellərinə,
aypara qaşlarına,
ulduz gözlərinə
yenə şeir yazmaq istəyirəm…
Sən də müvəqqətisən
mənim həyatımda.
Səhər açılan kimi
çıxıb gedəcəksən…


“Ölməyə... qürbət”

Burda azadlıq gözəl,
buranın havası təmiz,
insanların üzü gülür.
Dünyanın bir küncündə
toz basmış vətənimin
dərdini
bəs kim bilir?
Əlim çatmır
tozunu siləm,
səsim çatmır
dərdini biləm...
Yarısı ermənidə girov,
yarısı özümüzünkülərdə -
torpağı yox
qoynunda öləm...


***

Gözlərim baxa-baxa dəfn etdilər
sənin ayaq izlərini
küçəmizə
asfalt döşəməklə...
Ürəyim sızlayacaq
hər gün
ayaq izlərinin
məzarı üzərində yeridikcə...


***

Uçuruma dərdimi danışdım,
“bir addım da qabağa gəl”-dedi.
Dənizə ürəyimi açdım,
“bir az da dərinə baş vur”-dedi.
İnsandan məsləhət istədim,
əvvəlcə qiymətini söylədi.
İstədim tanrıdan kömək istəyim,
qorxdum ki, köməyimə Əzrayılı göndərə...


Mamed

Kənddə suçu işləyirdi Mamed,
Onu yoldan çıxartdılar-
kənd yolundan...
Şəhərə gedən yola çıxdı Mamed.
Şəhər onu çəkdi özünə.
Çiçək
bal arısını özünə çəkən kimi.
“Şəhər” deyibən kənddən çıxdı Mamed.
Fəhlə işlədiyi göydələndə
başına yekə bir daş düşdü.
Suçu Mamed...
Heç bir suçu olmayan Mamed.
Yazıq Mamed...
Qara tabutda qara taleli bir qara fəhlə
döndü kəndə.
Ruhunu
göydələnin son qatında
göylərə əmanət edib...

Neft rəngli qan

İlk dəfə
Kafkanın “Çevrilmə”sini oxuyanda
qorxdum...
Qorxdum ki,
İoneskonun sözü olmasın,
daxilimizdə gizlənən yırtıcı
istənilən an bizi
məğlub edib
üzə çıxa bilər...
İnsanın
vəhşi yırtıcıya,
quduz canavara dönməsi qarşısında
nədi ki
onun tısbağaya
çevrilməsi...

Yırtıcılarla mübarizə yorucu...
Hər ölən ümidin içində yenidən
şəhid kimi doğuluruq.
Qansızlarda qan yox ki
əlimizi qana bulayaq...
Ürəyimizdən axan neft rəngli qanda da
özümüz boğuluruq...

Geri gedən
iri addımların
izi var
haqqımızın üstündə...
Yastıqları başımızın altında,
daşları başımızın üstündə...
Qarğa-quzğunların gözü var
aqoniya halında olan bədənimizdə,
boğazımızdan çıxmağa taqəti olmayan
ruhumuzda...
Qətlə yetirib
sonra yuyurlar bizi öz günahımızda...

Yaşamağımız bir ayıb,
ölməyimiz iki.
Diriykən almadığımız haqqı
məcburuq
öləndən sonra verməyə...
Milyonçu dilənçilər
əl açacaqlar
cansız bədənimizin qarşısında
“Torpaq haqqı!”- deyə...