Bu gün Azərbaycanda seçkilər günüdür

bu-gun-azerbaycanda-seckiler-gunudur
Oxunma sayı: 716

Mərkəzi Seçki Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə boş qalan 464 yerə keçiriləcək. Bu bələdiyyələrdən 9-u tamamilə yenidən formalaşacaq. Seçkilərə hazırlıq prosesi başlanan gündən 464 boş qalan yerə seçki hüququ olan 1627 Azərbaycan vətəndaşı dairə seçki komissiyalarına müraciət edib, imza vərəqələri götürüb. Onlardan 1588-i imza vərəqələrini qaytarmış, bununla da 1567 nəfərin namizədliyi qeydə alınmışdır. 11 nəfər öz namizədliyindən imtina edib, 10 nəfər isə sənədlərində ciddi çatışmazlıqların olduğundan qeydiyyata alınmayıb.

Qeydə alınmış namizəddən 16-sı öz ərizəsi ilə mandatından imtina edib, 2 nəfər isə dünyasını dəyişib. Beləliklə, hazırda səsvermə bülletenində 1549 namizədin adı var. Bunlardan 305-i (19, 69 faiz) qadındır. Ümumiyyətlə, namizədlər arasında 673 nəfər (43,45 faizi) ali təhsilli, 605-i (39, 06 faizi) orta, 265-i (17,11 faizi) orta ixtisas, 6-sı ( 0,38 faizi) isə natamam ali təhsillidir. Ümumilikdə 1 milyon 155 min 864 seçici səsvermədə iştirak etmək hüququna malikdir. Bu seçicilər 1169 məntəqədə səs verəcəklər.

Səsvermə üçün məntəqələr saat 8.00-da açılacaq, saat 19.00-da isə bağlanacaq. Məntəqələr bağlanandan sonra isə seçki qutuları müşahidəçilərin və KİV nümayəndələrinin iştirakı ilə açılacaq.

MSK-da 40 müşahidəçi qeydiyyatdan keçmiş və onlar bütün ölkə üzrə, yəni 86 dairədə 1169 məntəqənin hamısında müşahidə aparmaq hüququna malikdirlər. Dairə seçki komissiyaları tərəfindən akkreditasiya olunmuş müşahidəçilərin ümumi sayı 9883 nəfərdir. Seçkidə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Azərbaycan Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 namizəd isə bitərəfdir.

MSK bildirir ki, ictimaiyyətdə bələdiyyə orqanlarına seçkilərə maraq böyükdür. Komissiyada hesab edirlər ki, namizədlər arasında müxtəlif siyasi partiyaları təmsil edən şəxslərin olması da seçkilərdə fəallığın yüksək olacağını göstərir.