Bu gün Azərbaycanda “Son zəng”dir

bu-gun-azerbaycanda-son-zengdir-
Oxunma sayı: 676

Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində buraxılış günüdür. Təhsil naziri Misir Mərdanovun imzaladığı əmrə əsasən, ümumtəhsil məktəblərində “Song zəng” tədbirləri saat 10:00-dan başlayaraq üç saat müddətində və yalnız məktəbin ərazisində keçirilməlidir. "Son zəng" tədbirində valideynlər, müharibə və əmək veteranları, elm, mədəniyyət, incəsənət xadimləri, tanınmış alim - pedaqoqlar da iştirak edə biləcəklər.

ANS PRESS-in Təhsil Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 97653 nəfər təşkil edib.

Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2011-ci ildə 442 nəfər olduğu halda, bu il onların sayının 786 nəfər olacağı gözlənilir.

2011-2012-ci tədris ilində Bakı şəhərindəki əyani ümumi təhsil məktəblərinin XI sinfini 24285, IX sinfini isə 33977 şagirdin bitirəcəyi gözlənilir.

2011-2012-ci dərs ilində ölkə üzrə I sinif şagirdlərinin sayı 125807 nəfər olub. Bu göstərici 2010-2011-ci tədris ilində 120420 nəfər təşkil edib. 2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 130454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 99924 tələbə təhsil alır. Onlardan 91652 nəfərini bakalavr, 8272 nəfərini isə magistrantlar təşkil edir.

Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 24795 nəfər tələbə təhsil alır ki, onların da 21779 nəfəri bakalavr, 3016 nəfəri isə magistrantdır.

Özəl ali təhsil müəssisələrində bakalavriatura səviyyəsi üzrə 18689, magistratura səviyyəsində isə 926 nəfər olmaqla, cəmi 19615 tələbə təhsil alır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün Azərbaycanın orta məktəblərindəki “Son zəng” tədbirlərində təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq. Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, keçiriləcək tədbirlərin və tədbir iştirakçılarının təhlükəsizliyini, eləcə də ictimai asayişi və hüquq qaydalarını daha etibarlı və nümunəvi təmin etmək məqsədilə məktəblərin ətrafında polisin post-patrul naryadları xidmət aparacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi “Son Zəng”lə əlaqədar əhaliyə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədov ANS PRESS-ə mayın 31-də paytaxtda yerləşən orta məktəblərdə keçiriləcək “Son Zəng” tədbirlərinin keçirilməsi ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində çalışacaq. Sürücülərdən həmin gün orta məktəblərin yerləşdiyi istiqamətlərdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri və maşınları məktəblərin yerləşdiyi ərazilərdə saxlamamaları xahiş olunur. Əks təqdirdə orta məktəblərin həndəvərində park edilən nəqliyyat vasitələri qanuna müvafiq olaraq cərimə meydançasına aparılacaq.