Bu gün Bakıda döyüş olacaq

bu-gun-bakida-doyus-olacaq-
Oxunma sayı: 644

“Bu gün bütün Avropanın gözü Polşa və Ukraynadadır. Lakin belə bir vaxtda Azərbaycanda beynəlxalq yarış keçirilir və yarışa maraq heç də az deyil. Burada Almaniya, İspaniya, Hollandiya, Fransa və Türkiyə kimi dövlətlərin idmançıları iştirak edəcək. Federasiya yarışa yaxşı hazırlaşıb və təşkilatçılıq yüksək səviyyədədir. Yarışda güclü idmançılarımız iştirak edəcək. Xüsusilə, Eduard Məmmədovun adını çəkmək istərdim. O, 10 dəfədən çox çempion adını qazanıb və onun döyüşü çox maraqlı olacaq. Ümumiyyətlə, Azərbaycanda artıq belə yarışlar tez-tez keçirilir. Çünki ölkəmizdə belə peşəkar yarışlara tələbat var. Azərbaycan Avropada idman ölkəsi kimi tanınır. Dəvətimizi qəbul edib turnirdə iştirak etmək istəyənlərin, həmçinin Azərbaycanı, Bakını görmək istəyən insanların sayı getdikcə artır”.

Federasiya prezidenti yarışın reqlamenti haqda da məlumat verib:
“Yarış Əl Oyunları Sarayında 1 gün ərzində keçiriləcək və 10 döyüşdən ibarət olacaq. Biz döyüşlərin sayını daha çox edə bilərdik, amma idmançıların yorğunluğunu və digər amilləri nəzərə aldıq. Hesab edirəm ki, turnir üçün 10 döyüş normaldı. Bu döyüşlər arasında Avropa kəməri uğrunda döyüş də olacaq. Bu kəməri qazanan idmançı sonradan kəməri müdafiə etmək uğrunda da döyüşəcək. Əgər müdafiə döyüşündə məğlub olarsa, kəməri əldən verəcək.

Bütün peşəkar yarışlarda olduğu kimi, bu turnirdə də mükafat fondu olacaq. Dəqiq rəqəm hələ müəyyənləşməyib. Ancaq onu deyim ki, mükafat təkcə birinci yerin sahibinə verilməyəcək”.

Qeyd edək ki, yarışda ölkəmizi Anar Məmmədov, Eduard Məmmədov, Arzuman Qədimov, Şamil Yusubov, Nicat Nəcəfzadə, Azər Abbasov, Sərxan Oruclu, Elnur Həmidov və Ramal Aslanov təmsil edəcək.

Turnirdə həmçinin, Emin Özbaşı (Türkiyə), Andre Masalinqa (Fransa), Buray Bozaryılmaz (Hollandiya), Migel Roriqez (İspaniya) və Denis Liebau (Almaniya) birincilik uğrunda mübarizə aparacaqlar.

Ceyhun Əhmədov