“Bu gün depressiya ilə vuruşmaq zorundayam...” – Müsahibə

bu-gun-depressiya-ile-vurusmaq-zorundayam-musahibe-
Oxunma sayı: 2106






Azərbaycanın istedadlı jurnalisti Alyanın “Qafqazinfo“ya müsahibəsi


- Jurnalistikaya gəlişiniz barədə danışa bilərsinizmi?
- Jurnalistikaya təsadüfən gəlmişəm. Xalq Təsərrüfatı İnstitutunu bitirib 3 il öz ixtisasım üzrə işləmişəm. Sonra işsiz qaldım, iş axtarırdım, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Gəl, bizdə işlə” dedi. O gündən qələmə sarılıb xarüqələr yaratmağa başladım)))
“Yeni Müsavat” jurnalist olaraq çalışdığım ilk qəzetdi. Yazılarımı redaktəsiz, hətta nöqtə-vergülünə toxunmadan çap edən ilk qəzet də elə “Yeni Müsavat”dı. O dövrü ilk növbədə hakimiyyət çevrilişiylə - 4 iyun qiyamının ölkəyə gətirdiyi fəlakətlərlə xatırlayıram. Onda biz sadəcə yazmırdıq, rəsmən “vuruşurduq” desəm, yalan olmaz. Yalan parlamentin az qala hər qarışını işğal etmiş qiyamçı qaragüruhun çıxışlarındaydı, kürsüyə çıxıb ağzı köpüklənə-köpüklənə “Hakimiyyətin Gəncəyə göndərdiyi tanklar kazarmaların üstündən keçib yatmış əsgərləri öz tırtılları altında əzib” deyən deputatın bu vicdansız cümləsindəydi. Bir neçə il sonra “Onu mən özüm görməmişdim, Surətin adamları mənə elə demişdilər” deməkdən utanmayan bu adam indi də deputatdı, halbuki Elçibəyin tapşırığıyla Gəncəyə göndərilmiş komissiyanın üzvü ola-ola qiyamçıların “mətbəxindən” çıxan bu ağ yalanı bütün ölkəyə car cəkib hakimiyyət çevrilişinə dəstək verdiyinə görə onu “yaxşı oğlanların” seçildiyi yerlərə göndərmək lazım idi. Ona layiq status məhz oralardadı.

Təəssüf ki, sonrakı illər də belə acı olaylarla, fəlakət proseslərlə yadımda qalıb. Rayonlarımızın ildırım sürətiylə işğal olunması, çirkin “neft və siyasət” sövdələşmələri, əsgər ölümlərindən başqa hər şeyi donduran atəşkəs oyunu, yersiz MDB sevdası, taxıl-çörək qıtlığı, məmur mundiri geymiş quldurluğun total qələbəsi, seçki saxtakarlıqları – o dövrdə mən bol-bol bunlardan yazırdım... Hə, bir də bəzi “liderlərin” müxalifətçilik oyunlarından)))

- Nailə Yaqublu necə Alya oldu?
- Yeri heç dolmayan bir itkiyə, heç kiriməyən bir ağrıya zəif təsəllidi bu - balaca oğlunu və bizi yetim qoyub gedən bacımın adıdı Alya...

- "Yeni Müsavat"ı hansı səbəbdən tərk etdiniz?
- Türkiyə türkləri demiş, sudan bir səbəbdən))) Yazımın çapında nəsə xoşuma gəlməmişdi – indi dəqiq xatırlamıram, yerimi, başlığımı – mən də küsüb getdim. Bir az hövsələsiz adamam mən. Amma peşman olmağı sevmirəm. “Yeni Müsavat”dan başqa, mən böyük insan və böyük jurnalist, həm də ustadım saydığım Mehman Cavadoğlunun yaratdığı “Rezonans”da, dostum Fəxri Uğurlunun qurduğu “Avropa”da – ölkənin ən sanballı və populyar nəşrlərindən olan bu iki qəzetdə də işləmişəm, bir ara “Azadlıq”a da yazmışam.

- İndiki iş yerinizə gəlişiniz kimin təklifi ilə və necə baş verdi?
- Qədim dostum Hikmət Sabiroğlu – yəni “Media forum” saytının baş redaktorunun müavini zəng vurmuşdu, o biri qədim dostum Azər Qaraçənliylə – yəni “Medi forum” saytının baş redaktoruyla söhbətimizsə ofisdə oldu. Beləcə, mən də “Media forum”çu oldum. Çirkli pullara dəxli olmayan bir media quruluşunda, əqidəli və vicdanlı jurnalistlərlə çalışmaq gözəldi.

- İşlədiyiniz media qurumlarından hansı sizə daha əzizdir?
- Hamısı. Çünki hər birində yazılarımı redaktəsiz çap ediblər, imzamı tanıdıblar, özümə sayğıyla yanaşıblar...

- Sizin mətbuata gəldiyiniz dövrlə indiki dövr arasında hansı fərqlər var?
- Ahh, qəlbimi sızlatdınız))) Mənim dövrüm, sizin dövrünüz... Rəsmən qocaldıq, valla. İnsanı həmişə cavan göstərən həbi nə vaxt icad eləyəcəklər, görən?))) Nəysə, ciddi mətləblərə keçək və ilk növbədə onu qeyd edək ki, o dövrün jurnalistikası daha çox əqidə jurnalistikasıydı. Xırda-para istisnalar vardı, təbii, amma mən çoxluğun ovqatından, çoxluğun prinsipiallığından, çoxluğun əzmindən danışıram. Biz səmimi-qəlbdən demokratiyaya inanır və bunun uğrunda “vuruşurduq”. Hərə öz meydançasında dursa belə, məqsədimiz, arzumuz birdi. İdealist idik biz... İndiki mətbuat merkantil maraqlara köklənib. Necə deyərlər, qazanmaq, qazanmaq, yenə də qazanmaq. Prinsipcə, təbii istəkdi, amma nə yazıq ki, mövcud Azərbaycan reallığında qazanmaq üçün aşınmaq tələb olunur.

- Bir çoxları Azərbaycan mətbuatının gələcəyi ilə bağlı pessimist fikirlər səsləndirirlər. Siz necə fikirləşirsiniz?
- Mən dialektikaya inanıram, gələcək bütün hallarda keçmişdən üstün olur. Sadəcə, Azərbaycanda bu prosesin qarşısı alınıb, dondurublar təbiətin qanunlarını. Amma bu da keçəcək, kimlər, kimlər keçmədi ki?)))

- Çap mediasının tədricən sıradan çıxdığı barədə fikirlər səslənir. Bu fikirlərlə razılaşırsınızmı?
- Yox, çap mediası həmişə olacaq. Avtomobilin ixtirası velosipedi sıradan çıxara bilmədiyi kimi, internet və televiziya da qəzet oxumaq istəyini yox eləyə bilməyəcək. Əksinə, net-tele hay-küyündən başı şişənlər çoxaldıqca, “bir mən, bir qəzet” deyib sakit bir guşəyə çəkilmək istəyənlərin sayı artacaq.

- Hansı qəzetləri və saytları izləyirsiniz, bəyəndiyiniz və bəyənmədiyiniz cəhətlər hansılardır?
- Hər gün oxuduğum iki qəzet var - “Yeni Müsavat” və “Azadlıq”. “Media forum”, “Azadlıq radiosu”, “Haberturk”, “Hurriyet”, “Radio Exo Moskvı”, “İnosmi”, “Moskovski komsomolets” hər gün izlədiyim saytlardır. Konkret maraqlar və eqolar üzərində qurulmuş qəzetlərə və saytlara hövsələmin gen vaxtlarında baxıram.

- Mümkünsə, bəyəndiyiniz 5 imzanın adını çəkin.
- Zamin Hacı – dövrümüzün Mirzə Cəlili, Elnur Astanbəyli, Xədicə İsmayıl, Çingiz Sultansoy, İlham Şaban və Azər Qaraçənli – dövrümüzün filosofu)))

- Bir vaxtlar həm mediada, həm ictimai-siyasi həyatda kifayət qədər aktiv görünən Alya bu gün passiv təsir bağışlayır. Siz də belə düşünürsünüzmü?
- Mən də belə düşünürəm))) Niyə daha yazmadığımı soruşan çox olur və mən də hər dəfə deyirəm ki, siyasətin olmadığı, daha doğrusu, karikatura halına gətirildiyi ölkədə siyasətdən yazmağın anlamı yoxdu. “Qəlbimin dərin guşələrində” gizlətdiyim səbəbsə daha ciddidi – yazmaq üçün fəaliyyətlərini və açıqlamalarını izləmək məcburiyyətində olduğum adamların, ələlxüsus da iqtidarda və onun ətrafında olanların ağ yalanları əsəblərimi o həddə qədər korladı ki, mən bu adamları daha nə görmək, nə də eşitmək istədim. Səhhətimi qorumaq, daha dəqiq desəm, dəli olmağımı əngəlləmək üçün beynim onları “bloka” atdı. Nə yazıq ki, bu gün mən Şərlə qox, onun qarşısında acizlik hissindən doğan depressiya ilə vuruşmaq zorundayam. İnşallah, ona da yenilmərəm...