Bu gün İçəri Şəhərdə “Novruz-Bahar Festivalı” olacaq

bu-gun-iceri-seherde-novruz-bahar-festivali-olacaq
Oxunma sayı: 793

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il olduğu kimi bu il də Novruz bayramı günlərində “Novruz-Bahar Festivalı” adlı tədbir təşkil edəcək. Qoruq idarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, İçəri Şəhərdə Qoşa Qala Qapısı meydanında bu gündən martın 23-nə qədər baş tutacaq festivalda insanlar müxtəlif müsabiqələrdə iştirak edə biləcək, pəhləvanların, kəndirbazların və sehrbazların çıxışlarını izləmək imkanı qazanacaqlar. Tətbiqi sənət məhsullarının və suvenirlərin sərgi-satışı təşkil olunacaq və festival iştirakçılarına milli mətbəximizin müxtəlif nümunələri təklif ediləcək. Bədii və tarixi personajların, İçəri Şəhərin simalarının və Novruz bayramının əsas qəhrəmanları kosa və keçəlin festivalda iştirakı bayram əhval-ruhiyyəsini daha da artıracaq. Festival günləri maraqlı bayram konserti ilə də müşayiət olunacaq, müxtəlif teatrlaşdırılmış bayram tamaşaları nümayiş etdiriləcək.

İçəri Şəhərlə yanaşı 20-21 mart tarixlərində bu il ilk dəfə olaraq “Novruz-Bahar Festivalı” “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğunda da keçiriləcək. Burada Bahar qədim vaxtlarda olduğu kimi qarşılanacaq və bir müddətlik orta əsrlərin ruhu duyulacaq. Festival geniş konsert proqramı ilə yanaşı, maraqlı müsabiqələrlə də yadda qalacaq, azyaşlı uşaqlar üçün də maraqlı oyunlar təşkil olunacaq. Bununla yanaşı, festival iştirakçıları yerində hazırlanan milli mətbəximizin nümunələrindən və şirniyyatdan dadacaqlar.

İçəri Şəhərdən “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğuna və geri istiqamətində 20-21 mart tarixlərində, 13:30-dan 19:30-dək hər bir saatdan bir Qoşa Qala Qapılarından çıxan nəqliyyat festivala getmək istəyən şəxslər üçün ödənişsiz xidmət göstərəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi şəhərimizin sakinlərini və çoxsaylı qonaqları “Novruz-Bahar Festivalı”nda iştirak etməyə dəvət edir.