Bu gün Türkiyə-Xorvatiya qarşılaşmasıdır

bu-gun-turkiye-xorvatiya-qarsilasmasidir
Oxunma sayı: 952

Qol.Az-ın məlumatına görə, 8 komandanın iştirakı ilə keçiriləcək "play-off" oyunlarından sonra AÇ-2012-nin final mərhələsinə gedəcək növbəti 4 yığmanın da kimliyinə aydınlıq gələcək.

Bu axşam keçiriləcək 4 görüşdən ən maraq doğuranı isə İstanbulda baş tutacaq. Burada Türkiyə və Xorvatiya milliləri üz-üzə gələcək. Millimizlə bir qrupda mübarizə apararaq "play-off"a qalan Türkiyə millisi AÇ-2012-nin final mərhələsinə getmək üçün son olaraq Xorvatiya səddini keçməlidir.

Bu komandalar 2008-ci ildə Avstriya və İsveçrədə təşkil olunan Avropa çempionatının 1/4 final mərhələsində qarşılaşmışdı. 120 dəqiqəsi qolsuz başa çatan görüşdə hesab matça əlavə edilmiş dəqiqələrdə açılmışdı. Lakin Xorvatiya millisinin sevinci cəmi bir dəqiqə sürmüşdü.

Semih Şəntürkün son saniyələrdə vurduğu qol Türkiyə millisinin məğlubiyyətdən xilas etmişdi. Oyundan sonra təyin olunan penalti zərbələrini daha dəqiq yerinə yetirən "ay-ulduzlular" yarımfinala vəsiqə qazanmışdılar. Lakin həmin vaxtdan bu yana hər iki komandanın heyətində ciddi dəyişikliklər baş verib.

Xorvatiya millisinin İstanbula qisas dalınca gəlməsi artıq heç kəsdə şübhə doğurmur. AÇ-2004 və DÇ-2006-nın "play-off" mərhələlərinin türklər üçün uğursuz olduğunu nərəzə alsaq, Quus Hinddinkin işinin çətin olduğunu söyləyə bilərik. Yeri gəlmişkən, Xorvatiya ilə oyunlar Hiddink üçün Türkiyə millisindəki son görüşlər ola bilər.

Türkiyə - Xorvatiya oyunu ilə yanaşı, bu axşam daha 3 görüş keçiriləcək. Seçmə mərhələnin son görüşündə Danimarkaya məğlub olmaqla işini çətinə salan Portuqaliya millisi səfərdə Bosnia - Hersoqovinanın qonağı olacaq. DÇ-2010-un "play-off" mərhələsində də qarşılaşan bu komandaların duelindən Portuqaliya yığması qalib ayrılmışdı. Günün digər görüşlərində isə Çexiya Çernoqoriyanı, Estoniya isə İrlandiyanı qəbul edəcək.

Qeyd edək ki, "play-off" oyununlarının cavab qarşılaşmaları 4 gün sonra - noyabrın 15-də keçiriləcək.



11 noyabr

AÇ-2012-nin "play-off" oyunları

23:00. Bosniya və Herseqovina - Portuqaliya

23:05. Türkiyə - Xorvatiya

23:15. Çexiya – Çernoqoriya

23:45. Estoniya - İrlandiya