“Bu hakimiyyət köklü islahatlar aparmağa qadir deyil” – Müsahibə

bu-hakimiyyet-koklu-islahatlar-aparmaga-qadir-deyil-musahibe
Oxunma sayı: 681

- Bir çox baxımdan 2011 mürəkkəb və maraqlı il oldu. Ümumi götürdükdə, gələcək tarixçilər və bugünkü araşdırmaçılar üçün maraqlı bir il kimi yadda qaldı. Mənfi tendensiyalar bütövlükdə davam elədi, çünki bu rejimin hakimiyyəti davam edir. Bu rejim ölkəni, xalqı deyil, yalnız özünü düşündüyü üçün mənfi tendensiyalar il ərzində də üstünlük təşkil edib. Eyni zamanda, əvvəlki parlament seçkilərindən sonrakı dövr sakit keçirdisə, bu il elə olmadı. Bu il əvvəlki parlament seçkisisonrası illərə bənzəmədi. Kifayət qədər fəallıq oldu.

Ötən ilin sonunda, seçki bitər-bitməz Müsavat Partiyası, Xalq Cəbhəsi, digər siyasi-ictimai qüvvələr bir araya gələrək, İctimai Palata adlı vətəndaş hərəkatını yaratdı. Bu il ərzində İctimai Palata özünü cəmiyyətə təqdim elədi, öz yerini təsdiq etdi və beynəlxalq miqyasda tanındı. Bu il cəmiyyət öz hüquqlarını qorumaq məsqədiylə cəhdlər etdi. Buna həm İctimai Palatanın, gənclərin keçirdiyi kütləvi aksiyaları, həm də ziyalıların fəallaşması, Ziyalılar Forumunun davamlı və müntəzəm fəaliyyət göstərməsi də aid edilə bilər.

Media strukturlarında fəallığın artması və bir sıra digər əlamətlər, xüsusən də gənclərin hər zamankına nisbətən bu il daha fəal olması ilin müsbət xüsusiyyətlərindədir. Dünyada gedən dəyişiklikləri də nəzərə alsaq, hesab edirəm ki, bu ili yaxın dövrlərdə Azərbaycanda köklü dəyişikliklərin hazırlıq ili kimi dəyərləndirmək olar.

- İsa bəy, bu il müxalifət üçün nə qədər uğurlu oldu? İqtidar əleyhdarları üzərlərinə düşən vəzifəni yerinə yetirdilərmi?

- Biz Müsavat Partiyası olaraq, yalnız o vaxt özümüzdən razı ola bilərik ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına, ölkədə gerçək demokratiyanın bərqərar olmasına, Azərbaycan xalqının xoşbəxt, firavan, azad yaşamasına nail olaq. Biz o zaman özümüzdən razı olacağıq ki, Müsavat Partiyası sadaladıqlarımı bacardı. Ќə qədər ki, bunlar olmayıb, təbii ki, biz özümüzdən də narazıyıq və bütövlükdə müxalifətin də fəaliyyətini qənaətbəxş hesab edə bilmərik.

Amma bunu deməklə yanaşı, o biri tərəfi də demək lazımdır ki, biz avtoritar rejimin hökm sürdüyü bir ölkədə uzun illərdir mübarizəni davam etdirir, bu rejimin oyun qaydalarına tabe olmuruq. Biz bu rejimin dəyişməsi, ölkədə müsbət dəyişikliklərin baş verməsi naminə mübarizə aparırıq. Hər il yeni-yeni qüvvələr bu mübarizəyə qatılırlar. Onların müəyyən hissəsi bizim sıralarımıza gəlməklə bu prosesdə iştirak edirlər, müəyyən hissəsi isə partiya mənsubiyyəti seçməsələr də, bir vətəndaş kimi ortaya mövqe qoyub, faktiki olaraq, bizim zəruri hesab etdiyimiz dəyişikliklərin reallaşması istiqamətində fəaliyyət göstərirlər. Ona görə də hər şey nisbidir, yəni, nəticələrə baxanda qənaətbəxş deyil, amma mübarizənin davam etməsi baxımından müsbət qiymətləndirilməlidir. Eyni zamanda, bilirsiniz ki, hakimiyyətin əsas məqsədlərindən biri ümumiyyətlə, müxalifəti sıradan çıxarmaqdır. Bunu açıq şəkildə dəfələrlə bəyan etsələr də, amma reallaşdıra bilməyiblər.

- Adətən müxalifət nümayəndələri ölkədə dəyişikliklərin olmamasına görə xalqı sorumlu tutaraq, cəmiyyətin fəallıq nümayiş etdirmədiyini bildirirlər. Bu baxımdan, cəmiyyətin builki aktivliyi yetərincə oldumu?

- Müsavat olaraq, biz heç vaxt xalqın günahlandırılmasının tərəfdarı deyilik və cəmiyyəti təqsirkar elan eləməyi düzgün hesab eləmirik. Reallıqlar var, onları da qeyd edirik. Yəni, cəmiyyətimiz arzuolunan qədər fəal olmayanda bunu qeyd edirik, amma bunu narazılıq kimi ifadə eləmirik.

Biz Müsavat, İctimai Palata, demokratik düşərgə olaraq, nəyisə düzgün hesab edib addımlar atırıq. Cəmiyyət də nə zaman zəruri sayacaq və nə zaman yetişmiş hesab edəcəksə, o zaman bizim arzu elədiyimiz fəallıq səviyyəsini nümayiş etdirəcək. Bu cəmiyyətin, xalqın bir növ kollektiv qərarına bağlıdır. Düşünürəm və görürəm ki, bu qərarın qəbul edilmə anı yaxınlaşır.

- İndiyə kimi hakimiyyət geri çəkilməyərək, apardığı siyasi kursa uyğun olaraq yalnız irəliyə doğru gedib. Yalnız bu ilin əvvəlində ərəb ölkələrindəki hadisələrdən sonra anti-korrupsiya, islahat kampaniyası başladı, amma bu da uzun sürmədi...

- Bu hakimiyyət köklü islahatlar aparmağa qadir deyil. Çünki bu rejim yalan, zorakılıq, korrupsiya üzərində qurulmuş bir hakimiyyətdir. Bu hakimiyyət islahatlara başlayacaqsa, özünün oturduğu budaqları kəsmiş olacaq. İqtisadi azadlıqlarla bağlı addımlar atılacaqsa, korrupsiya imkanları zəifləyəcək, siyasi azadlıqlarla bağlı addımlar atılacaqsa, hakimiyyəti zorla qəsb etmək imkanları məhdudlaşacaq. Ona görə də bu hakimiyyətdən köklü islahatlar gözləmək əbəs olardı. Amma artıq elə bir zaman gəlib ki, daxili amillərə görə də, beynəlxalq amillərə görə də hakimiyyətin bu davranışı təkcə Azərbaycana yox, hakimiyyətin özünə də ziyandır.

Geri çəkilmir,- deyirsiz, mümkündür ki, bu cür də qiymətləndirmək olar. Amma irəliyə doğru hara gedir? Uçuruma gedir. Yəni, hakimiyyət Azərbaycanı da, özünü də uçuruma aparır. Biz demokratik düşərgə olaraq, xalqı, ölkəmizi bu uçurumdan xilas eləməyə çalışırıq. Ona görə də hakimiyyətin bu gedişini dayandırmaq istəyirik. İnanıram ki, hakimiyyətin özündə də özünüqoruma instinkti əvvəl-axır özünü göstərəcək və xalqın naminə olmasa da, öz naminə uçurma doğru hərəkətə son verib dayanacaqlar, yaxud da dayanmağa məcbur olacaqlar.

- 2011-ci ilin özəlliklərindən biri də ziyalıların son illər müşahidə olunmayan aktivliyidir. Xüsusən də Ziyalılar Forumunun fəaliyyətini nəzərə alsaq, deyə bilərik ki, artıq ziyalılar da aktiv mübarizəyə qoşulublar. Necə düşünürsünüz, bu aktivlik kampaniya xarakterli olacaq, yoxsa daha ciddi müstəviyə keçə bilər?

- Elə mənim dediyim məsələdir. Biz müxalifət olaraq, bu rejimin Azərbaycanın maraqlarına zidd bir rejim olduğunu bəyan etmişik və bu rejimə qarşı mübarizə aparırıq. Ziyalıların mövqeyi də bu istiqamətdə son dövrlərdə formalaşmağa başladı. Son illərə qədər onlar deyirdilər ki, biz siyasətə qarışmırıq, amma tədricən fəallaşıb, ayrı-ayrı sahələrdəki nöqsanlardan danışıb, təhsildəki, səhiyyədəki və digər problemlərə toxundular. Amma sonra özləri də əmin oldular ki, ayrı-ayrı sahələrin nöqsanları o sahələrdəki addımlarla düzəldiləsi nöqsanlar deyil. Yəni, sistemdə ciddi qüsurlar var və ciddi islahatlara ehtiyac duyulur. Ondan sonra ziyalıların özləri hökm verdilər ki, susmaq olmaz, həqiqətlər söylənilməlidir. Artıq ziyalıların bir qismi İctimai Palatının 2012-ci ildə növbədənkənar parlament seçkilərini keçirmək təklifini müdafiə etməyə, öz tərəflərindən səsləndirməyə başlayıblar. Bu da göstərir ki, ziyalı kəsiminin önəmli bir hissəsi Azərbaycanın dəyişməsi, pozitiv yöndə inkişaf etməsi naminə ortaya mövqe qoyur.
Artıq gənclər bunu etmişdilər, bu il gənclərin də fəaliyyəti güclənib. Ziyalılar da bunu edəndən sonra hesab edirəm ki, cəmiyyətin də bunu edəcəyinə, bir qədər öncə dediyim kimi, kollektiv qərar verəcəyi günə çox az zaman qalıb. Hakimiyyət də məhz bundan narahatdır.

Bu hakimiyyətin çoxlu mifləri, yalanları var. Bu yalanlardan biri də budur ki, guya ölkədə hər şey yaxşıdır, hamı vəziyyətdən razıdır, xırda-para problemlər var ki, hakimiyyət onları həll edir, yaxud edəcək. Guya narazı olan yalnız müxalifətdir. Amma gənclər, ziyalılar fəallaşdıqca hakimiyyətin bu yalanları boşa çıxır. Ona görə də hakimiyyət ziyalıları qorxutmağa çalışır, həqiqəti deyən ziyalılara qarşı yalan bəyanatlara imza atdırmağa çalışır. Yəni, vəziyyət bu yerdədir. Mən əminəm ki, proses davam etdikcə, cəmiyyətin daha böyük hissəsi, bütövlükdə cəmiyyətin özü "daha susmaq olmaz", "buna dözmək olmaz", "dəyişiklik zəruridir",- mövqeyi ilə fəallığını artıracaq.

- İsa bəy, bu ilin sonunda Müsavat Partiyasının qurultayının keçiriləcəyi bildirilirdi. Artıq zaman daralıb, vəziyyət nə yerdədir?

- Biz bu il qurultayımızı keçirmək istəyirdik və yenə də o fikirdə qalırıq. Sadəcə olaraq, hakimiyyətin yaratdığı maneələr qurultayımızın bu il reallaşmasının qarşısını alır. Bir tərəfdən partiyanın rəhbərliyində olan önəmli şəxslərin, xüsusən Arif bəyin və digərlərinin həbsi, o biri tərəfdən də regionlarda konfranslarımızın keçirilməsinə hakimiyyətiyyətin yaratdığı maneələr qurultayın işini ləngitdi. Amma Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi mövcuddur və həmin komitə bütün gücü ilə işləyir ki, mümkün qədər tez bir müddətdə hazırlıq işi başa çatdırılsın və qurultay keçirilsin.

- O fikirlər də səslənir ki, qurultay məsələsinin uzanması Sizin partiya başqanlığına namizəd olmamağınız, yerinizə yeni namizədin tapılmaması vəziyyəti bir qədər qəlizləşdirib...

- (Gülür) Bu, ya Müsavatı tanımayan, ya da Müsavata qərəzli münasibət bəsləyən şəxslərin fikirləri ola bilər. Yəni, bu kimi fikirlərin heç bir əsası yoxdur.

- Bu ilə nəzər yetirdik və fikirlərinizi öyrəndik. Bəs 2012-ci ildən gözləntiləriniz nədir?

- Proseslər daha da sürətlənəcək. Həm daxili, həm də beynəlxalq amillər Azərbaycanda da vəziyyətin dəyişməsini qaçılmaz edir. Artıq dünya miqyasında qəbul olunub ki, nə qədər, dünyada avtoritar rejimlər, diktaturalar, öz xalqına zülm edən, hər şeyi yalan və korrupsiya üzərində quran hakimiyyətlər var, dünyanın tam azad, təhlükəsiz məkan olması mümkün deyil. Bir vaxta qədər kimlərsə elə düşünürdü ki, hər ölkə özünə cavabdehdir və başqa ölkələrdə nə baş verdiyindən asılı olmayaraq, biz ölkəmizdə vətəndaşımızı xoşbəxt edəcək sistemi qurmuşuq və bunu inkişaf etdirəcəyik. Artıq dərk etməyə başlayıblar ki, bu, mümkün deyil. Yəni, dünyada diktaturaların çökməsi prosesi başlayıb. Bu, müxtəlif ölkələrdə müxtəlif cür təzahür edir. Amma bu, keçmiş sovet ölkələrinə - Azərbaycana da, Ermənistana da, Belarusa da aiddir. Ona görə də 2012-ci ildə həm daxili, həm beynəlxalq amillərə görə proseslərin sürətlənəcəyinə və çox ciddi ictimai-siyasi hadisələrin baş verəcəyinə əminəm.

- Ərəb inqilabları başlayanda proseslərin Azərbaycana da sirayət edəcəyi bildirilirdi, indi isə bəziləri Azərbaycana inqilab dalğasının "Şimal küləyi" ilə gələcəyini iddia edirlər. Bu barədə nə deyə bilərsiniz?

- Mən o fikirdə deyiləm ki, Azərbaycana dəyişikliklər Şimal küləyi ilə gələcək. Şimal küləyinin Azərbaycana vurduğu zərbəni 1920-ci ildə də, əsrin sonunda da, Qarabağımıza təcavüzdə də hiss eləmişik. Hesab etmirəm ki, növbəti dəyişiklikləri də şimaldan gözləmək lazımdır. Bu dəyişiklik prosesi ərəb ölkələrindən başlasa da, təkcə ərəb dünyasına aid deyil. Bu, qlobal, ümumdünya prosesidir. Necə ki, XX əsrin 50-60-cı illərində müstəmləkə sistemi çökdü və dünyanın bir çox xalqları müstəqillik qazandılar, necə ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı ilin əvvəllərində sosializm çökdü, Sovet İttifaqında və Şərqi Avropada mövcud olan respublikalar azadlıq qazandılar, indi də belə bir qlobal proses gedir. Hesab edirəm ki, bu proses çox ciddi nəticələr verəcək. Ona görə də heç bir qüvvə bunun qarşısını ala bilməyəcək. Diktatorlar, avtoritar rejimlər bunu ləngidə, itkilərlə, tələfatla müşayiət olunan formalara sala bilərlər, amma qarşısını ala bilməzlər. Bizim isə məqsədimiz odur ki, Azərbaycanda köklü demokratik dəyişikliklər ərəb ölkələrindən fərqli olaraq, qansız-qadasız, tələfatsız baş versin. Biz hesab edirik ki, Azərbaycan cəmiyyəti buna qadirdir.

Reytinq qəzeti