“Bu, hakimiyyətin biabırçılığıdır”- Cavab

bu-hakimiyyetin-biabirciligidir-cavab
Oxunma sayı: 676

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Facebook sosial şəbəkəsindəki virtual dostlarına 16 vicdan məhbusunun 1 ilə yaxındır həbsdə olması barədə müraciət etməsi Milli Məclisin son iclasında da müzakirə mövzusuna çevrildi. Müxalifət lideri bu ilin mayında Bakıda “Eurovision” musiqi müsabiqəsinin keçiriləcəyini vurğulayaraq, vicdan məhbuslarının azadlığa qovuşması naminə hər kəsi, o cümlədən Avropada yaşayan soydaşlarımızı aktiv olmağa, yarışmaya qatılacaq müğənniləri məlumatlandırmaga çağırıb.

Parlamentdəki çıxışında deputat Zahid Oruc isə müraciətdən bəhs edərkən “Bunlar ”Eurovision" qələbəsini də hakimiyyətin əleyhinə çevirmək istəyirlər. Qələbədən belə özləri üçün ayrıca “Eurovision” səhnəsi yaratmağa çalışırlar. İsa Qəmbər bu yarışı işıqlandıracaq 1500 jurnalisti öz tribunasına çevirmək istəyir. İsa Qəmbər deyir ki, müsabiqənin bütün iştirakçıları Bakıda tribunadan siyasi məhbuslara azadlıq tələb etsin" - deyib.
Hakimiyyət təmsilçiləri vaxtaşırı müxalifəti hətta Azərbaycanın qələbələrini görməməkdə, uğurlarına sevinməməkdə ittiham edib. Elə sonuncu çıxışda da Müsavat başqanı az qala vətənpərvər olmamaqda günahlandırıldı. Ancaq əcaibi odur ki, bu ölkənin azadlığı, müstəqilliyi, bayrağı uğrunda illərlə mücadilə verənlər indi belə ittihamlara məruz qalır. İ.Qəmbər Azərbaycanın müstəqilliyinə səs verən 43 istiqlalçı deputatdan biri olub və ömrünün bütün hissəsini bu dövlətin maraqlarının təmin olunmasına həsr edib. Azərbaycanı SSRİ-dən ayrı görə bilməyən bir çoxları “Qardaş olub Hayastan-Azərbaycan” mahnılarını oxuduğu zamanlarda İsa Qəmbərin AMEA-nın elmi işçisi kimi Zori Balayanın ”Ocaq" kitabına yazdığı cavab da onun nə qədər vətənpərvər olduğunu sübuta yetirmək üçün növbəti faktdır. Ancaq bu gün onun “Eurovision” ərəfəsində öz silahdaşlarına azadlıq tələb etməsi az qala xəyanət kimi təqdim olunursa, təəssüf doğurur. Müxalifəti “Eurovision” qələbəsinə görə sevinməməkdə ittiham edənlər unutmasın ki, Müsavat başqanı başda olmaqla, müxalifət Azərbaycanın bu qələbəsini ilk təbrik edənlərdən olub, bu, ötən il mətbuatda da əksini tapıb. Hər halda, hakimiyyət bir test edə bilər: həbsdəki vicdan məhbusları hansısa yolla azadlığa buraxılacaqsa, aydındır ki, müxalifət “Eurovision”un keçirildiyi ərəfədə hər hansı aksiyalar keçirməyəcək.
İsa Qəmbər ünvanına səslənən ittihamlarla bağlı aşağıdakıları bildirdi: “Bu gün Azərbaycanda vicdan məhbuslarının, siyasi məhbusların olması məhz hakimiyyətin biabırçılığıdır. Bu, Azərbaycan xalqına heç bir şəkildə utanc gətirmir. Əksinə, bu gün vicdan məhbusları varsa, bu, o deməkdir ki, Azərbaycanda öz mövqeyinə, fikrinə, azadlığına görə həbsdə olmağı göz önünə alacaq fədakar insanlar var. Azərbaycan insanı, cəmiyyəti, xalqı özünün və xalqının azadlığı, öz mövqeyi uğrunda hər fədakarlığa hazırdır. Bu, xalqımıza, cəmiyyətimizə, ictimai-siyasi qüvvələrə hörmət gətirən bir reallıqdır. Özünü ifşa edən hakimiyyətdir. ”Eurovision" kimi dünya miqyaslı bir tədbirdə də bütün dünyanın gözünün Azərbaycanda olacağı şübhəsizdir. Ona görə də hakimiyyətə neçə vaxtdır xatırladırıq ki, prinsip etibarilə ölkədə vicdan məhbusları olmamalıdır, amma indi siz “Eurovision” keçirirsiniz və bu ərəfədə də bu adamları həbsdə saxlayırsınızsa, bunun bədəlini də ödəyəcəksiniz. Bunu açıq şəkildə öncədən bildirmişik. Mənim Facebook-dakı sayı 5 mini keçən dostlarıma müraciətimin sonunda da xüsusi qeyd olunub ki, biz bu sürprizləri yaxşı hazırlasaq, bəlkə də o sürprizlərin reallaşdırılmasına heç ehtiyac da olmayacaq. Bildiyim qədər parlamentdə bu məsələ müzakirə olunarkən bu fikir orda da səslənib ki, niyə insanları siyasi motivlərə görə həbs edib zindanda saxlayırsınız ki, belə problemlərlə üzləşəsiniz. Orda da bildirilib ki, bu insanlar azad olunmalıdır. Ona görə də hakimiyyət qabaqdangəlmişlik, öz maraqları naminə insanlara bu qədər zülm edib zindanlarda saxlamaq, siyasilərə, ictimai xadimlərə, media nümayəndələrinə, hüquq müdafiəçilərinə bu qədər təzyiqlər, repressiyalar göstərmək əvəzinə, düzgün qərarlar qəbul etsin, siyasi məhbusları, vicdan məhbuslarını azad eləsin, azadlıqlara qoyulan məhdudiyyət və yasaqlar aradan qaldırılsın. O zaman proseslərin də daha normal məcrada getməsinə imkan yaranacaq. Burda məsuliyyət, sorumluluq yüzdə-yüz hakimiyyətin, rejimin üzərindədir".
İsa Qəmbər bir daha qeyd etdi ki, müxalifət “Eurovision”a Azərbaycanda islahatlar, düzgün addımlar atmaq üçün bir imkan kimi yanaşır: “Bu məsələdə ultimatumla danışmırıq və hakimiyyətlə ”siz bunu etməsəniz, biz filan şey edəcəyik" şəklində danışmaq niyyətində deyilik. Sadəcə, izah edirik ki, reallıq budur. Bəlkə də hakimiyyət üçün son şanslardan biri budur ki, “Eurovision”la bağlı Azərbaycan cəmiyyətinin, dünyanın gözlədiyi düzgün addımları atsın, ölkədə normal istiqamətdə proseslər başlasın. Aydın məsələdir ki, hakimiyyət bunu etməyəcəksə, ən böyük ziyanı, zərbəni özü alacaq".

musavat.com