“Bu hökumət polisin kölgəsindən çıxsa...” - Müsahibə

<b>“Bu hökumət polisin kölgəsindən çıxsa...” -<font color=red> Müsahibə  </b></font>
Oxunma sayı: 233




AXCP sədri Əli Kərimlinin “Qafqazinfo”ya müsahibəsi


- Dünən bir aksiya keçirdiniz, növbəti aksiya nəzərdə tutulurmu?
- İctimai Palatanın geniş fəaliyyət proqramı var və bu fəaliyyət proqramı çoxşaxəlidir. Bizim fəaliyyətimiz yalnız kütləvi askiyalardan ibarət deyil. Amma, kütləvi aksiyaların keçirilməsini biz heç zaman istisna etmirik. Bizim fəaliyyət proqramımız əsasən aşağıdakı istiqamətlərdədir. Birincisi, İctimai Palatanı təşkilatlandırmaq, İctimai Palataya yeni adamların cəlb olunması, rayon təşkilatlarının formalaşması, rayonlar formalaşandan sonra, hətta məhəllə təşkilatlarının formalaşması. Bu bir istiqamətdir. İkincisi İctimai Palatanın komissiyaları vasitəsilə İctimai Palatada təmisl olunan mütəxəssislər, ekspertlərin köməyi, iştirakı ilə ayrı-ayrı sahələr üzrə konseptual sənədlərin hazırlanması. Məsələn, “Avtoritarizmdən demokratiyaya keçidin yol xəritəsi” kimi. Ölkədə iqtisadi, siyasi islahatlarla bağlı konseptual tələblərin hazırlanması. Üçüncüsü də Azərbaycan hakimiyyətini islahatlara sövq etməkdən ötrü mütəmadi olaraq etiraz aksiyalarının keçirilməsi. Biz şəraitə görə bu fəaliyyətləri uyğunlaşdırırıq. Elə məqam olur ki, kütləvi aksiyalarla bağlı qərarımız olur, elə məqam olur ki, bir qədər kütləvi aksiyalara fasilə verib, digər sahələrə ağırlığı veririk. Bu, şəraitə görə dəyişə bilər. Amma bu strategiyadır və strategiya dəyişməyəcək, bizim mübarizəmiz davamlı olacaq, ardıcılı olacaq və biz nə kütləvi aksiyaların keçirilməsində uzunmüddətli fasilələri etməyəcəyik, nə də yalnız kütləvi aksiyalara aludə olub digər fəaliyyət formalarının arxa planda qalmağına imkan verəcəyik. Ona görə də, bu məsələyə komplekls yanaşmaq lazımdır.

- Əli bəy, 4 nəfər barəsində həbs qərarı verilib. Bununla bağlı fikrinizi bilmək istərdim.
- Məncə dörd yox, beş nəfər, ondan əvvəl də iki nəfər sadəcə mənimlə bərabər çayxanada oturub çay içdiklərinə görə, yeri gəlmişkən, onlar heç AXCP üzvü deyil, bütövlükdə 7 nəfərə inzibati həbs cəzası verilib. Bu, rejimin repressiv mahiyyətini göstərir. Bilirsiz, biz bu dəfə İctimai Palata fəallarına açıq çağırış etmişdik ki, hər hansı zorakılığa, hətta bəhanə kimi olacaq hərəkətlərə yol verməsinlər. Polislə qarşıdurmadan qaçsınlar. Ona görə də, İctimai Palatanın fəalları bu dəfə fərqli taktika seçmişdilər, çalışmışdılar ki, polisin onları gözləmədiyi yerlərdə tədbir keçirsinlər. Düzdür polis həddindən artıq çox qüvvə səfərbər etmişdi və demək olar ki, ölkədəki bütün mühüm küçələr, meydanlar parklar nəzarətə götürülmüşdü, amma hər halda bizim arzumuz, istəiyimiz nümyaiş olundu ki, biz heç bir halda tərəfdarlarımızın polislə qarşıdurmada olmasını istəmirik. Buna baxmayaraq, heç bir bəhanə verməyən vətəndaşlara qarşı yenidən inzibati həbs tətbiq olunması, onların bəzilərinə qarşı zorakılıq edilməsi onu göstərir ki, Azərbaycan xalqının bütün çağırışlarına, dünya birliyinin bütün çağırışlarına rəğmən, Azərbaycan hökuməti öz repressiv mahiyyətini dəyişmək istəmir.

- Əli bəy, hər dəfə İctimai Palatanın aksiyası olanda YAP rəhbərliyində təmsil olunan şəxslər gəlirlər aksiya təyin olunana yerə. İzləyirlər və sonra bəyanatlar verirlər. Bunu necə qiymətləndirirsiz?
- Bilirsiz, onlar qeyri-ciddi işlə məşğuldurlar. Əgər siyasətçi kimi davranmaq istəyirlərsə, ölkədə siyasətin ən elementar qaydalarının mövcud olmağına imkan yaratsınlar. Bütün başqa ölkələrdə olduğu kimi Azərbaycanda da insanların sərbəst toplaşmağına normal şərait yaradılsın. Təsəvvür edin ki, son vaxtlara qədər Azərbaycandan başqa Avropa coğrafiyasında yalnız iki dövlətdə sərbəst toplaşma azadlığı yox idi, Rusiya və Ermənistanda. Artıq Ermənistanda Azadlıq meydanında müxalifətin mitinqlərinə imkan yaradılıb. Rusiyada artıq bir neçə dəfə mitinqlərə imkan verilib və ayın 24-də də Xalq Azadlıq Partiyasının mitinqinə Moskva meriyası icazə verib. Beləliklə, bütün bu coğrafiyada Azərbaycan neqativ mənada tək qalıb. Daha müqayisə olunmağa normal bir dövlət yoxdur. Ölkəni bu günə salan admalar, bunun xəcalətini çəkməlidirlər, bunun hesabını verməlidirlər, necə ki, bir gün bu hesabı verəcəklər. Amma, özlərini elə aparırlar ki, sanki ölkədə normal idarəetmə qurublar, guya rəqabət şəraiti yaradıblar və hələ üstəlik də xalqın bunlara etimadının olması ilə bağlı yalançı lovğalıq nümayiş etdirirlər. Hamı bilir ki, YAP hakimiyyəti, mövcud iqtidar polis gücünə bərqərar olunub. Əgər o polisin kölgəsindən çıxsalar inanın ki, bir ay da Azərbaycanda hakimiyyətdə qala bilməzlər. Azərbaycan xalqı ilk fürsətdəcə bu korrupsioner, kriminal xarakterli rejimdən xilas olar. Bunu da bildiklərinə görə, baxmayaraq ki, bütün dünya tərəfindən qınaq obeyktinə çevriliblər, amma sona qədər bu repressiv siyasəti aparırılar. Amma, gərək vaxtında digərlərinə, pöz oxşarlarına baxıb görsünlər ki, belə rejimlərin perspektivi yoxdur və kim daha çox müxalifətə qarşı, xalq qarşı qəddarlıq edirsə, həmin rejimlər də zamanı gələndə daha çox, daha böyük hesab ödəməli olurlar. Onsuz da avtoritar rejimlərin heç birinin əbədiliyi təmin olunmayacaq, onların hamısı müvəqqətidi, hamısı dəyişəcək. Amma onlardan hansı yumşaq yolla rejimin dəyişməyinə şərait yaradırlarsa, islahatlara gedirlərsə, təbii ki, onlar xalq qəzəbindən də qurtula bilirlər. Hansılar axıra qədər xalq iradəsinə qarşı gedirsə, onların xalq qarşısında məsuliyyəti də böyük olacaq. Mən Azərbaycanda iqtidarda olanları daha ağıllı olub, ölçüb biçməyə və xalqa qarşı indiyə qədər apardıqları siyasətdən imtina etməyə çağırardım.

- Əli bəy, cəmiyyət yaxın günlərdə yeni aksiya gözləsinmi?
- Mən dedim. Müzakirələrimizə görə baxacayıq. Öz fəaliyyət proqramımıza uyğun olaraq bütün istiqamətlərdə işləyəcəyik. Ona görə də, yeni aksiyalar təyin olunanda, ictimaiyyətə də bu barədə məlumat verəcəyik. Amma eyni zamanda bütün fəaliyyətimizi də yalnız aksiyalar üzərində qurmayacayıq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi