“Bu, İctimai Palatanın mitinqi deyildi” – Müsahibə

bu-ictimai-palatanin-mitinqi-deyildi-musahibe-
Oxunma sayı: 682

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayevin “Qafqazinfo”ya müsahibəsi


- Dünənki mitinqinizi baş tutmuş hesab edirsiniz?
- Bəli, dünənki mitinq baş tutdu. Rəsmi statistikamıza görə, orada insanlar bir-bir sayılırdı və hesablamaya görə on min yeddi yüz iştirakçı var idi. Saat 5-dən sonra gələnlər isə sayılmamışdı. Daha sonra da yüzlərlə insan meydana daxil oldu. Bizim hesablamamıza görə, on iki mindən çox insan mitinqdə iştirak edib.

- Polisin təhlükəsizlik təminatı necə idi?
- Polisin təhlükəsizliyi təmin etməsi ilə bağlı heç bir problem yaranmadı. Düzdür içəri girişdə müəyyən sıxlıq yaranırdı və bu bizim özümüzün də marağında idi. İnsanların çantalarının, ciblərinin yoxlanılması təxribatların qarşısının alınması üçün bizim özümüzə də sərf edirdi. Amma meydana daha qısa yolla daxil olmaq istəyənlərə polis əngəllər törətmişdi. Hətta sonra da bizə 4-5 nəfərin bərk döyüldüyü deyildi. Amma bizim gedib bunu dəqiqləşdirməyə imkanımız olmadı.

- Uzun illər idi ki, müxalifət Bibiheybətə getməyə razılaşmırdı. Deməli, Bibiheybətə getmək olarmış?
- Əlbəttə, getmək mümkündür. Biz keçən il də oraya gedə bilərdik və kifayət qədər uğurlu aksiyalar keçirə bilərdik. Bəlkə biz keçən il aprel aksiyasını orada keçirsəydik bu gün daha böyük meydanlarda mitinqimiz olardı. Biz həmişə bunun tərəfdarı olmuşuq. Lakin İctimai Palatada hər şey AXCP-nin iradəsinə tabe deyil. Amma dünən hər kəs başa düşdü ki, icazəli aksiyalar daha məqbuldur.

- AXCP keçən il apreldə keçirilən aksiyaların tərəfdarı deyildi ki?
- Biz tərəfdarı idik, amma bunun tələsik verilmiş bir qərar olduğunu söyləmişdik. Cəmiyyətdən gələn sosial sifariş, ərəb inqilablarının dalğası bir tərəfdən insanlarda eyforiya yaratmışdı. Eyforiya insanı müdrik düşüncəni kənara qoyub, emosiya ilə hərəkət etməyə məcbur edir. Bu da siyasi proseslərdən yaranan bir məsələdir. Biz ona müqavimət göstərə bilmədik və nəticədə bu gün də həbsdə yatan dostlarımız, qardaşarımız var.

- Mitinqi YAP-dan da izləyiblər. YAP-ın funksioneri Səyavuş Novruzov açıqlama verib ki, hörmətli adamın yasına dünənki mitinqdən daha çox adam gəlir. Buna münasibətinizi bilmək istərdim.
- Bəzi məsələlər var ki, faktdir, bəziləri isə mücərrəd olduğundan onun ölçmə meyarı olmur. Amma dünənki mitinqin ölçmə meyarı ortadadır. Ən azından mənim telefon vasitəsi ilə tiribunadan çəkib facebooka yerləşdirdiyim şəkillərə baxmaq olar. Bu gün “Azadlıq” qəzetinin veb səhifəsində yerləşdirilən videolarda, şəkillərdə görmək olar ki, mitinqə böyük insan axını var idi. Səyavuş Novruzov zarafatçı oğlandı və həmişə belə zarafatları sevib.

- Növbəti mitində hazırlaşırsınız?
- Bəli, dünənki mitinqdə növbəti mitinqin vaxtı təyin olundu və bu 22 apreldə baş verəcək. Hesab edirik ki, 22 apreldə indikindən 2-3 dəfə çox insan iştirak edəcək. Maraqlı fakt budur ki, dünənki mitinqdə iştirak edənlər yalnız İctimai Palatanın üzvləri deyildi. Mənə elə gəlir ki, orada iştirak edənlərin çoxu sadə insanlar idi, onlar öz narazıçılığını bildirmək üçün gəlmişdilər. Taksi sürücüləri, evləri sökülənlər, öz deputatlarından narazı olanların adından bəyanat şəkilli mətinlər var idi. Təəssüf ki, zaman çərçivəsi dar olduğundan onları oxumaq mümkün olmadı və polislər də hazır dayanmışdılar ki, saat altı olan kimi bizi dağılışmağa məcbur etsinlər.

- Saat 6-da mitinqi bitirdiniz?
- Bəli, saat 6-da bitirdik.

- Yəni deyirsiniz ki, mitinqdə sosial baza var idi...
- Xalqımızla bağlı bədgumanlığımız aradan qalxdı. Xalq hər şeyi görür. Sosial probelməri var və sosial ədalətsizliklə bağlı hakimiyyətdən ciddi dəyişiklik istəyirlər. Dünən ciddi bir məntiq ortaya çıxdı. Artıq aşağılar əvvəlki kimi yaşamaq istəmir və yuxarılar da əvvəlki kimi idarə edə bilmir.

- Növbəti mitinq üçün nə zaman müraciət edəcəksiniz?
- Biz dünən oraya getmək üçün çox əziyyət çəkdik. İqtidar bizə əsas verdi ki, biz daha orya getməyək. Saat 1-dən həmin istiqamətdə gedən bütün avtobusların hərəkəti dayandırılmışdı. Bizə verilən məlumata görə, beş minə yaxın insan Azneft meydanında qalmışdı. Bununla bağlı artıq araşdırmalar aparılır və hakimiyyət buna görə cavab verməlidir. Mitinqlə bağlı müraciət işinə isə Koordinasiya Şurası baxır.

-Yəqin aprelin 22-dəki mitinq son olacaq, “Eurovision”la bağlı may ayında mitinq keçirilməsinə icazə verilməyəcək.
- Bu İctimai Palatada müzakirə olunacaq. Amma mənə elə gəlir ki, may ayında da mitinq keçiriləcək. Biz “Eurovision”a görə aksiylarımızdan vaz keçməyəcəyik.

- İcazə verilməyəcək axı
- İcazə verilməsə də, müəyyən addımlar atılacaq.

- İcazəsiz mitinq keçirilə bilər?
- İcazəsiz mitinq də mümkündür. İctimai Palatanın qərarı var ki, biz kompromisə getməyə hazırıq, amma hakimiyyətdən də qarşılıqlı kompromis gözləyirik. Bizim həbsdə olan dostlarımız azadlığa buraxılmadığı müddətcə aksiyalar keçirməyə davam edəcəyik.

- Mitinqdə iştirak etmək üçün başqa partiyalara müraciət olunacaq?
- Dünənki mitinqdə Azərbaycanın siyasi partiyalarının bir çoxu ya sədrləri, ya da müavinləri səviyyəsində iştirak edirdilər. Bu baxımdan mənə elə gəlir ki, növbəti mitinqdə daha çox ictimai və siyasi təşkilatlar qoşulacaqlar. Bu mitinq İctimai Palatanın mitinqi deyildi. Bu ümumxalq mitinqi idi.