Bu ilki Novruzum

bu-ilki-novruzum
Oxunma sayı: 663

Uşaqlıq çağlarımda, onun əsl mahiyyətini hələ tam dərk etmədiyim vaxtlarda belə bayram günündə geydiyim təzə paltar, tonqal ətrafında keçirdiyim xoş anlar, qaranlıq havada qeyri-adi mənzərə yaradan əldəqayırma fişənglərin doğurduğu təəssürat yaddaşımda əbədi yaşamaq hüququ qazanan xatirələrdəndir.

Boy artdıqca bayram haqqındakı təsəvvürlərim də genişləndi. Axır çərşənbənin sabahı evimizin yaxınlığından axan çayın kənarına gedib, bütün dərd-sərimi suya axıtmaqla ən azı növbəti bayrama qədər özümü xata -bəlalardan “sığortalamaq”dan tutmuş, papaq atıb, bayram payı yığmağa, niyyət tutub, qapı pusmağa qədər hər şey unudulmaz anlar idi.

Yetkinlik yaşımda isə Novruzun yeni çalarlarından, milli, həmçinin ümumbəşəri dəyərlərindən də hali oldum. Bayramdan öncə elliklə qəbir üstünə gedib, dünyadan köçənləri yad etmək və yalnız bundan sonra bayramlaşmaq, ağsaqqalların, ağbirçəklərin görüşünə gedib, hal-əhval tutmaq, bayramlarını təbrik etmək özündə nə qədər məna daşıyırdı.

Amma bu da həqiqətdir ki, yaşlaşandan sonra uşaqlıq və gənclik illərində Novruz şənliklərindən aldığım zövqü daha ala bilməmişəm. Ermənistanın torpaqlarımıza təcavüzü, Dağlıq Qarabağın və ətraf rayonların düşmən əlinə keçməsindən sonra isə heç vaxt bayram ovqatım olmayıb. Bir qədər bəlağətli səsələnsə də, hər bayram öncəsi gözümün önünə düşmən atpdağında olan torpaqlarımız, yurd-yuvalarından didərgin düşmüş soydaşlarım gəlib.

Bu bayram ərəfəfəsində də eyni hissləri yaşayırdım. Amma bu dəfə rastlaşdığım hadisələr əhvalımı daha da korladı. Axır çərşənbədə çoxadan tanıdığım, heç kimi olmayan qaçqın qadınla rastlaşdım. Hal-əhval tutub, çərşənbəsini təbrik edəndən sonra ürək-dirək verməyi özümə borc bildim: Darıxmayın, tezliklə yurd-yuvanıza qayıdacaqsınız, bayramı öz evinizdə keçirəcəksiniz. Dedim bu sözləri, amma, dediyimə də peşman oldum. Nələr dedi bu yaşlı qadın! Onun harayı, ahı-naləsi misralara çevrildi qəlbimdə. Şeri həmin gün facebookda dostlarımla paylaşdım. Budur həmin şer:

Bayram oldu, heç bilmirəm neyləyim,
Vətən deyib, haray salıb ağlayım?
Kimə deyim, dərdimi ərz eyləyim,
Qara geyim, başa qara bağlayım?

Yurd yerimdə at oynadır erməni,
Yurd yerimdə söndürüblər odumu.
Atam millət, bu halımda gör məni,
Talan edib, talayıblar yurdumu,

Yurda bahar gəlir, içimdə qışdır,
Qaraya bələnib yaşıl səmənim.
Təbrik də mənimçün elə qarğışdır,
Hələ qara gəlir Novruzum mənim,

Mənim yüküm ağır, qəm götürürəm,
Dərdlər bu dərdin yanında heçdi.
İl başa çatanda, köks ötürürəm,
Vətənsiz bir il də beləcə keçdi.

Qalanan tonqalın dən-dən külünü,
Gecə-gündüz mən başıma səpəm hey.
Qismət ola, dərəm yurdun gülünü,
Dağın, daşın bir doyunca öpəm hey!

Bayrama bu əhval-ruhiyyə ilə gedəsi oldum. Amma iş bununla bitmədi. “Qəlbi sınıqdır” deyib, bayram təbrikimi Şuşadan olan dostumdan başladım. “Qaçqın”ın qəlbinə dəyməmək üçün heç bayram sözünü də işlətmədim. Eləcə baharın gəlişi münasibəti ilə təbrik etdim. Doğrudur, dostum da mənim qəlbimə dəymədi, amma dediyi sözlər içimi göynətdi. Və yeni bir şer ərsəyə gəldi, onu da facebookda dostlarımla paylaşdım:

Hər bahar açılır nərgiz gülümüz,
Kaman sorağında, saz sorağında.
Hər fəsil gözəldir, amma könlümüz,
Bahar sorağında, yaz sorağında.

Könlüm bu bahardan pay umacaq da,
Nisgilim boylanar, həsrətim baxar.
Açılar tər güllər dağda, yamacda,
Tək könlüm açılmaz…
Bir həsrət qəlbimi yandırar, yaxar.

İtən yurd yerindən bir soraq gələ,
Göyçəyə, Dərbəndə çata bilmirəm.
Yollarım bağlıdı, neyləyim hələ,
Təbrizdə bir tonqal çata bilmirəm.

Bir kədər gizlənib sözümdə mənim,
Çox arzum əmələ calanmır axı.
Bir həsrət ağlayır gözümdə mənim,
Şuşada tonqalım qalanmır axı…

Nə deyər o əsir dağlar danışsa:
“Bu bahar donunu necə geyim mən?”
Yurdun bir başında hələ də qışsa,
Yurduma yaz gəlib necə deyim mən?

Hərdən şerlərin “taleyi” ilə maraqlanırdım, xeyli adam dəstəkləmişdi. Amma tezliklə onları səhifəmdən yığışdırmalı oldum. Dost-tanışların ciddi tənqidi ilə üzləşdim və arqumentləri qarşısında bu addımı atdım: - Bu əziz gündə camaatın əhval-ruhiyyəsini niyə korlayırsan, qanını niyə qaraldırsan?!

Şerləri facebookdan yığışdırmağına yığışdırdım, amma bir suala hələ də cavab tapa bilməmişəm: Onların əhval-ruhiyyəsini korlayan, qanını qaraldan, doğrudanmı mənəm?

Nəsə... Bu bayramı da belə yola saldıq.