“Bu insan haqlarının pozulması və mənəvi dəyərlərə sayğısızlıqdır”

bu-insan-haqlarinin-pozulmasi-ve-menevi-deyerlere-saygisizliqdir
Oxunma sayı: 678

«Son günlər ictimai fəalların müxtəlif ittihamlarla həbsi və onları müdafiə edən vəkillərin qanunsuz olaraq prosesdən uzaqlaşdırılması və səlahiyyətlərinin əlindən alınması VHP olaraq bizi çox narahat edir. 2 aprel mitinqi ilə bağlı aparılan hüquqazidd istintaqın nəticəsində fəal ictimaiyyətçilərin həbsi Azrbaycanda insan haqlarının pozulmasını və siyasi əqidəyə görə təzyiq faktını təsdiqləyən hadisədir. Xüsusilə, Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində dövlət müstəqilliyinə imza atan İstiqlalçı deputat Arif Hacılının həbs edilməsi təkcə siyasi təqib deyil, həm də ölkənin yaxın tarixinə göstərilən münasibət təsiri bağışlayır. Müstəqillik bəyannaməsinin qəbul olunmasının 20-ci ildönümündə bu bəyannamənin qəbulunda iştirak edən fəal deputatlardan birinin yalnız etiraz aksiyasının təşkilatçısı olması səbəbindən mühakimə olunması və həbsdə saxlanılması müasir tariximiz üçün böyük ləkə, insan haqlarının pozulması və mənəvi dəyərlərə sayğısızlıqdır.

Hüquq müdafiəçisinin özünün məhkum olunması, ictimai fəalları müdafiə edən vəkillərin – Elçin Namazov və Xalid Bağırovun prosesdən uzaqlaşdırılması, onların normal vəkilliklə məşğul olmalarına törədilən maneələr Azərbaycanın hüquqi dövlət prinsiplərinə büsbütün balta çalmaqla yanaşı, ölkənin beynəlxalq nüfuzuna zərbə vurur.

Vətəndaş Həmrəyliyi Partiyası olaraq ölkədə son vaxtlar baş verən bu cür hüquq pozuntularını və siyasi təqibləri qətiyyətlə pisləyir və həbs olunanların dərhal azadlığa buraxıması, vətəndaşların öz konstitusion hüquqlarından istifadə imkanları üçün normal siyasi şəraitin yaradılmasını tələb edirik».