Bu, iqtidara lazım idimi?

bu-iqtidara-lazim-idimi
Oxunma sayı: 672

Nə qədər müxalifət üçün sınaqdırsa, bir o qədər də iqtidar üçün sınaqdır. Bizim sayımız üç min də, on min də ola bilər. Amma, 100 nəfərlik bir etiraz varsa da iqtidar buna qulaq asmalıdır. Vətəndaşlar müxalif və iqtidaryönlü düşüncəli ola bilər. Lakin, bu onların vətəndaşlıq haqqına xələl gətirmir. Azərbaycan müxalifətində təmsil olunan insanlar da bu ölkənin vətəndaşları olmaqla yanaşı, həm də kifayət qədəri ölkənin müstəqilliyinin qazanılmasında əsaslı rol oynamış insanlardır.

Dünya siyasətçilərinin və xarici ölkə jurnalistlərinin də gözləri 20-ci sahəyə yönələcək. Onlar da əziyyət çəkib ora getməli olacaqlar. Sıxlıqda əziyyət çəkəcəklər. Ayaqları çuxurlara düşəcək, ayaqqabıları toz-torpağa bulaşacaq. 20-ci sahənin miskin görünüşünü kameralarının yaddaşına köçürəcəklər. Milyardlar ölkəsi olan Azərbaycanın, göydələnlər şəhəri olan Bakının, bir ildə beş beşulduz hotel açılışı ilə yadda qalan ölkəmizin fonunda daxmalarda və şəraitsiz mühitdə yaşayan Azərbaycan vətəndaşını görəcəklər. Onlara yaxınlaşıb sual da verəcəklər, şəkillərini çəkəcəklər və bu şəkillər, video süjetlər dünya mətbuatını bəzəyəcək. Onlar həm də görəcəklər ki, Patamdar dediyimiz yerdə çılpaq dağa bənzər təpələrin qoynunda göz oxşayan villalar var. Onlar soruşacaqlar ki, o villalar kimlərindir? İnsanlar da cavab verəcəklər ki, məgər bilmirsiniz kimlərindir? Hər halda onların içində bir iki "krışa"sı olan biznesmen olsun, qalanları da ayda 500-1000 AZN əməkhaqqına işləyən vəzifəli şəxslərindir.

Xarici jurnalistlər 20-ci sahəyə gedənə kimi "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi üçün nəzərdə tutulan əraziyə də baş çəkəcəklər. Onlar dağıdılmış küçələri, sökülmüş ticarət obyektlərini, zavod və fabrikləri görəcəklər. Əslində, yol çəkilişi üçün az saylı ailə yerdəyişməyə məruz qalıb. Amma, söküntünün həcmi böyükdür və onlar elə biləcəklər ki, ora yaşayış massivi olub. Xarici jurnalistlər 20-ci sahəyə çatana qədər o mənzərəni görəcəklər və elə hesab edəcəklər ki, bu ərazidən minlərlə insan köçürülüb. Elə o şəkildə də yazacaqlar. Yenə də Azərbaycan tənqidi rakursda dünya mətbuatının gündəminə gələcək.

Bu iqtidara lazım idimi? Axı hörmətli Bakı meri Hacıbala Abutalıbov deyir ki, Bakı dünyanın ən gözəl şəhəridir. 20-ci sahəni görənlər, axı bir daha buna inanmayacaqlar. Onlar orada Azərbaycanın sosial ədalətsizliyini görməklə yanaşı, həm də neftin sadə insanların həyatında ciddi dəyişiklik yaratmadığının şahidi olacaqlar.

Axı 20-ci sahənin adam içərisinə çıxarılası yoxdur. Niyə buranı mitinq üçün ayırdınız? Sabah oradan qayıdan xarici missiyanın nümayəndələri, xarici jurnalistlər şəhərə çatan kimi ayaqqabılarının toz içində rəngini itirdiyinin şahidi olacaqlar. Çəkdikləri əziyyətdən əsəbi olacaqlar. Bu psixoloji durum da onların yazdığı yazılarda özünü mütləq biruzə verəcək.

Azərbaycanın adı yenə də tənqidi notlarla çəkiləcək...