“Bu işdə liderləri qınamaq istəməzdim” - Müsahibə

bu-isde-liderleri-qinamaq-istemezdim-musahibe-
Oxunma sayı: 649






Ümid Partiyasının Gənclər Təşkilatının sədri Xanlar Abbasın “Qafqazinfo”ya müsahibəsi

- Son ictimai-siyasi hadisələrə, keçirilən mitinqlərə münasibətiniz necədir?
- Mitinqlərə münasibətim belədir ki, istənilən bir partiyanın, istənilən siyasi təşkilatın mitinq keçirmək haqqı var. Bu qanunla da tənzimlənib. Həm konstitusion hüquqlar, həm də sərbəst toplaşma haqqında qanuna görə, hər kəs mitinq keçirə bilər. Biz də mitinqlərin tərəfdarıyıq. Amma bu gün Azərbaycan reallığında belə bir şey var, mitinqlər iki yerə bölünür. Biri var icazəli mitinqlər, bir də var icazəsiz mitinqlər. Təəssüflər olsun ki, icazəsiz mitinqlər hakimiyyətin müəyyən etdiyi müstəvidir və bu müstəvidə hakimiyyət güclüdür. Bizə görə icazəsiz mitinqlər ölkədə ictimai-siyasi proseslərin inkişaf tempinin qabağını alır. O baxımdan ki, mitinqlərdən sonra baş verənlər, insanlara qarşı təzyiqlər, insanların tutulması siyasi partiyaların fəaliyyətinə kifayət qədər dəyişikliklər edir. Bu gün biz əslində hakimiyyətdən islahatlar tələbi əvəzinə, bir çox başqa tələblər əvəzinə daha çox mitinqlərdə tutulan insanların azadlığa buraxılması ilə bağlı tələblər irəli sürürük və diplomatik korpusda beynəlxalq təşkilatlarla görüşlərimizdə vaxtımızın əksər hissəsini də buna ayırırıq. Təbii, biz mitinqlərin əleyhinə deyilik, amma hakimiyyətin müəyyən etdiyi müstəvidə yox.

- Ümiddə İctimai Palataya üzvlüklə bağlı qızğın müzakirələr gedirdi. Deyəsən nəticə olmadı.
- Bununla bağlı müzakirələr əvvəlki dönəmlərdə olmuşdu, artıq bu məsələ partiyadaxili müzakirələrdə o qədər də geniş yer almır. Deməzdim ki, İctimai Palataya (İP) üzvlüyümüz gözlənilir. Əslində biz Azərbaycanda istənilən demokratik birliyin tərəfdarıyıq, amma, o birliyin tərəfdarıyıq ki, o birlik bərabərlik prinsiplərini pozmur, həm də ki, gələcəyə hesablanmış və nəticələri əldə edə biləcək bir birlik olacaq. Amma hazırkı durumda partiyaya üzvlük məsələsi gözlənilmir.

- Partiya üzvlərindən İP-da təmsil olunan neçə nəfərdir?
- Əvvəlki dönəmdə bizim partiyadan İP-da 2 nəfər üzvümüz var idi. Onlar da bizim partiyaya qoşulmamışdan əvvəl İP-da idilər, sonradan Ümid Partiyasına qoşuldular. Bizim partiyadan orada başqa heç kim yoxdur.

- Ümid Partiyası İP-nın fəaliyyətinə başqa heç bir formada dəstək vermir?
- Bizim İP-nın fəaliyyətinə dəstəyimiz ondan ibarətdir ki, biz mitinqlərdə, aksiyalarda tutulan insanların azadlığa buraxılması ilə bağlı kifayət qədər işlər aparırıq. Ümid Partiyası Gənclər Təşkilatı da gənc siyasi məhbusların hüquqlarının müdafiəsi komitəsinin təsisçilərindən biridir. Bizim partiyanın sədri İqbalı Ağazadə də bu məslə ilə bağlı dəfələrlə parlamentdə məsələ qaldırıb. Aksiyada tutulanların azadlığa buraxılması, hətta Arif bəyin zaminə buraxılması ilə bağlı da müraciət elədi, təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin yanaşması əvvəlkilərdən heç nə ilə fərqlənmədi.

- Hicabın qadağan olunması, ona etiraz olaraq aksiyaların keçirilməsinə münasibətiniz necədir?
- O insanların da konstitusion haqları var. Demək olar ki, dünyanın əksər sivil ölkələrində belə praktika yoxdur ki, insanlar əqidələrindən məcburi şəkildə döndərilsin. Amma, istənilən halda Azərbaycan hakimiyyətinin aksiyalara yanaşması birmənalıdır.

- Gənclərin bir qismi universitetlərdə təhsil haqlarının artırılmasına qarşı da etiraz aksiyası keçirməyi planlaşdırır. Bu haqda nə deyə bilərsiniz?
- Azərbaycanda hazırkı təhsilin səviyyəsi bir gənc olaraq məni də qane etmir. Ümumiyyətlə, Azərbaycan əhalisinin sosial durumunu nəzərə alanda təhsil haqlarının artırılması düşünürəm ki, hazırkı reallıqla üst-üstə düşmür. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti rüşvəti, korrupsiyanı aradan qaldırmaq əvəzinə, yaxud normal təhsil vermək əvəzinə islahatı təhsil haqqını qaldırmaqda görür. Mən bununla razı deyiləm, çünki Azərbaycanda təhsilin səviyyəsi nə Avropa təhsili ilə, nə Türkiyə təhsili ilə müqayisə olunacaq səviyyədə deyil. Amma Azərbaycan hakimiyyəti təhsilin səviyyəsini bu standartlara uyğunlaşdırmadan təhsil haqqını artırmağa çalışır.

- Universitetlərdə tələbələrin siyasi aktivliyi haqqında nə deyə bilərsiniz?
- Deməzdim ki, universitetlərdəki siyasi vəziyyət məni qane edir. Bunun da səbəbləri var, burada əslində tələbələri qınamaq istəməzdim. Çünki, Azərbaycanda siyasi institutlar demək olar ki, tam şəkildə sıradan çıxıb. Azərbaycan partiyalarının siyasi institut halında fəaliyyətini bu hakimiyyət demək olar ki, tamamilə dayandırıb. Ona görə də, Azərbaycan gəncliyinin, Azərbaycan universitetlərində təhsil alan gənclərin siyasətə marağı aşağı səviyyədədir. Düzdür son dövrlər bir az artım görünür. Çünki azad düşüncəli gənclər öz gələcəyi ilə bağlı narahatdırlar, amma bu hələ ki, bizi tam olaraq qane edəcək səviyyədə deyil.

- Prosesin dediyiniz səviyyəyə gəlməsi üçün nə edilməlidir?
- Bunun yolu təşkilatlanmadan keçir. Əslində bu gün Azərbaycan Gənclər Təşkilatı əsas istiqaməti təşkilatlanmada və gənclərin daha çox maariflənməsinə uyğun seçməlidir. Bu sahədə gənclər nə qədər çox maariflənəcəksə, nə qədər çox informasiya bolluğu olacaqsa o zaman gənclər öz talelərinə də, öz haqlarına da biganə qalmayacaqlar. Gələcəkləri ilə bağlı daha çox düşünəcəklər və bu sahədə seçim imkanları daha geniş olacaq. Universitetlərdə təşkilatlanma var, amma açığı bu təşkilatlanma o səviyyədədir ki, müxalifyönlü, müxalifət partiyalarında olan gənclərə qarşı kütləvi təzyiqlər var. Bunu açıq mətbuatda da görürük universitetdən qovulma, xaric olma. Buna görə də universitetlərdə açıq şəkildə siyasi proseslərə qoşulan gənclərin bunu açıq şəkildə biruzə verməsi çətindir.

- Hər bir partiyanın məqsədi, hədəfi iqtidara gəlməkdir. Gənclər Təşkilatının sədri olduğunuz partiya isə illərdi ki, iqtidara gələ bilmir. Gənc siyasətçi kimi bunun səbəbini nədə görürsünüz?
- Əslində vurğuladınız ki, hər bir siyasi partiyanın məqsədi hakimiyyətə gəlməkdir. Amma Azərbaycanda son 18 ildə hakimiyyət dəyişikliyinin baş verməməsinin bir çox əsaslı səbəbləri var, amma bunun ən böyük səbəblərindən biri də odur ki, Azərbaycanda hakimiyyət hələ də avtoritar prinsipləri əsas tutur və Azərbaycanda xalqın səsinə, demokratik seçkilərə söykənən hakimiyyət yox, daha çox avtoritar prinsiplərə söykənən hakimiyyət var. Müxalif partiyalarının da hakimiyyətə gələ bilməməsinin birinci səbəbi seçkilər zamanı seçkilərin demokratik keçirilməməsidir. Əlində partiyanın hakimiyyətə gəlməsinin birinci yolu xalqın, seçicilərin səsini qazanaraq seçkilərdə qalib gəlməkdir. Təəssüflər olsun ki, bu gün Azərbaycan reallığında seçkilər demokratik və xalqın səsinə söykənən formada keçmir.

- Burada günahkar təkcə iqtidar deyil axı? Problem müxalifətdəki liderlərdən də qaynaqlanır.
- Təbii, belə demək olar ki, ideal qurum, ideal təşkilat anlayışı yoxdur. Nöqsansız insan və yaxud nöqsansız qurum ola bilməz. Hər kəsin səhvləri ola bilər. Bizim yanaşmamız başqalarının yanaşmalarından fərqli ola bilər. Ola bilsin burada da müxalif təşkilatların kiçik, böyük və yaxud da daha böyük hansısa səhvləri var, amma mən bu işdə liderləri qınamaq istəməzdim.

- ABŞ Dövlət Departamentinin hesabatı yayılıb. Hesabatda göstərilir ki, Azərbaycanda insan alverinə qarşı görülən tədbirlər minimal standartlara belə uyğun gəlmir. Bu hesabatı nə dərəcədə uyğun hesab edirsiniz?
- Bu sahədə Azərbaycan beynəlxalq standartlara cavab vermək üçün beynəlxalq müqavilələrə qoşulub. Əgər Azərbaycanda vəziyyət həqiqətən bu qədər pisdirsə, yəqin ki, dövlət bununla bağlı narahat olmalıdır və bu məsləyə yenidən baxmalıdır, yeni proqram işləyib hazırlamalıdır.

- Qarabağ münaqişəsi ilə də bağlı soruşmaq istəyirəm. Münaqişənin həlli ilə bağlı hazırkı vəziyyət sizi nə dərəcədə qane edir?
- Qarabağ münaqişəsi ilə bağlı gedən danışıqların mahiyyətində eyni şey dayanır. Görüşlərin nəticəsizliyə uğramasının mahiyyətində erməni tərəfinin hər zaman hansısa bəhanələr ortaya ataraq bu məsələnin vaxtını daha çox uzatmağa çalışmasıdır. Amma, mən ümumiyyətlə, gənc olaraq müharibəyə hazıram, amma ümumilikdə müharibə tərəfdarı deyiləm. Düşünürəm ki, bu məsələləri danışıqlar masası arxasında oturaraq həll etmək olar. Baxın, müharibələr əslində dünyanın sivil ölkələrinin, inkişaf etmiş cəmiyyətlərin heç birində yoxdur. Müharibələr bu gün daha çox inkişafdan geridə olan ölkələrdədir. Bununla bağlı da cənubi Qafqaz ölkələri arasında ümumi razılığa gəlib, yəqin ki, bu məsələni daha konstruktiv şəkildə həll etmək olar.

- Qeyd etdiyiniz bəhanələrin yaranmaması üçün Azərbaycan tərəfinin öhdəsinə nə düşür?
- Bilirsiniz, Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətə verilən informasiyalar, orada müzakirə olunan sənədlər və prinsiplərin əsasları demək olar ki, tam şəkildə ötürülmür. Bu məsələlər qapalı şəkildə qalır və dövlət bu istiqamətdə bir çox şeylər edə bilər. Amma bu məsələlər tam olaraq hansı məsələlər ətrafında gedir, razlığa gəlinən və gəlinməyən tərəflər hansılardır, biz ondan tam məlumatlı deyilik. Tam məlumatlı olmadığımıza görə, bu məsələlərdə tam olaraq mövqe bildirmək bir az çətindir.

Fatimə Kərimli