“Bu işi sıfırdan başlayırıq” – Müsahibə

bu-isi-sifirdan-baslayiriq-musahibe
Oxunma sayı: 830

- Təşkilat nə vaxt yarandı?
- Gənc Tərcüməçilər Assosasiyası sentyabrın 30-da, beynəlxalq tərcüməçilər günündə bir qrup tərcüməçi ilə bərabər təsis etmişik.

- Bu təşkilatı yaratmaqda əsas səbəb və məqsəd nə oldu?

- Təşkilatın yaranma səbəbi birinci ondan ibarətdir ki, Azərbaycanda tərcümə işi ilə bağlı, tərcüməçiləri bir araya gətirən, onları birləşdirən, tərcüməçilərin işini sistemləşdirən hər hansısa təşkilat yoxdur. Kağız üzərində ola bilər, amma ən azından bizim tanıdığımız tərcüməçilərin işini sistemləşdirən bir təşkilat yoxdur. Assosasiyanın yaradılma səbəblərindən biri də hazırda tərcümə sahəsində təhsil alan tələbələrə dəstək verməkdir. Hansı universitetdə, hansı tərcümə sahəsində təhsil almasından asılı olmayaraq bütün tələbələr üçün nəzərdə tutulub. Çünki, biz özümüz də tələbə olmuşuq özümüzün də zaman-zaman ehtiyacımız olub ki, tərcümə işi ilə bağlı müraciət edəcəyimiz bir ünvan olsun. Tərcüməçiləri ən çox maraqlandıran sinxron tərcümə və bədii tərcümədir. Sinxron tərcümə bazarı, bu bazara necə girmək olar, ümumiyyətlə necə sinxron tərcüməçi olmaq olar sualları tələbələrin əksəriyyətini maraqlandırır. Universitet təhsilini buna kifayət etmədiyinin şahidi oluruq.

- Təşkilat tələbələri təkmilləşdir, yoxsa artıq tərcümə sahəsində işlər görülür?

- Biz sentyabrın 30-u təşkilatı yaratdıq, oktyabrın 6-a onun təqdimatını keçirdik. Qısa müddət ərzində artıq 100-ə yaxın üzvümüz yığılıb. Bunların arasında həm hazırda təhsil alanlar, həm də məzun olanlar var. Dəqiq desəm 91-92 nəfər. Hazırda da üzvlük üçün müraciət edənlər var və biz onları növbəti tədbirimizdə qəbul edəcəyik.

- Hazırda gənc tərcüməçilər nə işlər görürlər?

- Biz təqdimatdan bir həftə sonra üzvlərimizi yığdıq. Onlarla ilk layihələrimizlə bağlı müzakirələr apardıq. Qərara gəldik ki, tərcüməçilər üçün davranış kodeksi hazırlansın. Biz bu sahədə işi sıfırdan başlayırıq. Çünki, bu sahədə demək olar ki, heç bir iş görülməyib. Ona görə də biz qərara aldıq ki, ilk olaraq etik qaydaları müəyyənləşdirək. Biz bu işi iki mərhələdə həyata keçirəcəyik. Birinci biz beynəlxalq təcrübədən yararlanırıq. Demək olar ki, bütün ölkələrdə tərcüməçilərin birlikləri var və biz də ondan yararlanmaq istəyirik. Tərcüməçilərimiz müxtəlif ölkələrin tərcüməçilər birliklərinin etik kodesklərini dilimizə tərcümə edəcəklər. İspan, İtalyan Fransız dilindən, eləcə də başqa dillərdən bu kokdekslər tərcümə olunacaq. Daha sonra tərcümə olunmuş kodeksləri bir yerə yığıb müzakirə edəcəyik. Ola bilər ki, hansısa ölkəyə aid ola biləcək müddəa lokal şəraitə uyğun olmasın, belə müddəaları götürməyəcəyik. İkinci mərhələdə isə biz peşəkar tərcüməçi və dilşünaslarla görüş təşkil edəcəyik və özümüzə məxsus olan hansı etik qaydalara əməl etmək lazımdır, onu müəyyən edəcəyik. Sonda davranış kodeksini yığıb, növbəti tədbirimizdə bunu təqdim edəcəyik. Hazırda internet saytımız hazırlanır. Onu da qarşıdan gələn tədbirimizdə təqdim edəcəyik. Həmçinin Azərbaycan Gənc Tərcüməçilər Assosasiyasının müddətsiz layihəsi olacaq, biz onu da təqdim edəcəyik. Bu layihə assosasiya fəaliyyət göstərdiyi müddət ərzində bu olacaq. Bu, gənc tərcüməçilərə dəstək layihəsidir. Biz təşkilatda bədii tərcümə, sinxron tərcümə laboratoriyaları yaradacağıq.

- Hazırda başqa dillərdən Azərbaycan dilinə kifayət qədər əsər tərcümə olunsa da tərcümənin keyfiyyətindən narazı olanlar. Təşkilat bu sahədə hansı işlər görəcək?

- Bizim üzvlərimizin əksəriyyəti gənclərdir və onlar tərcümə sahəsində biliklərini artırmağa davam edirlər. Biz hazırda bədii tərcümə sahəsindəki peşəkarları gənc tərcüməçilərlə görüşə dəvət edəcəyik, çalışacağıq ki, bu dərnəklərdə gənc tərcüməçilər püxtələşsin. Hazırda narazı olanlar olsa da kifayət qədər peşəkar tərcüməçilər var və biz onların təcrübələrindən faydalanacağıq. Həmçinin düşünürük ki, sinxron tərcümə laboratoriyası yaradaq. Çünki, həm çətin, həm də maraqlı olan bu tərcümə sahəsi gənclərin marağını daha çox cəlb edir. Gənc tərcüməçilərlə perşəkar tərcüməçiləri görüşdürməkdə əsas məqsədlərimizdən biri də təcrübə mübadiləsini təmin etməkdir.

- Assosasiyanı yaratmamışdan əvvəl tərcümə sahəsində hansı fəaliyyətiniz olub?

- Mən bundan əvvəl Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda tərcümə işlərinə rəhbərlik etmişəm. Bundan əlavə müstəqil tərcüməçi kimi tərcümənin demək olar ki, bütün növləri ilə məşğul olmuşam. Şifahi, sinxron və ardıcıl.
Yaratdığımız təşkilat həm də gənclər təşkilatıdır, onun əsas məqsədlərindən biri də gənclərin asudə vaxtını səmərəli təşkil etməkdir.

- Deməli, təşkilat gənc tərcüməçiləri həm təkmilləşdirəcək, həm də onlara asudə vaxtalarını səmərəli keçirməyə yardımçı olacaq.

- Bəli, həm tərcümə işlərini görəcəklər, həm də boş vaxtlarını yaxşı keçirmiş olacaqlar. Buna ikitərtəfli proses kimi də baxmaq olar. Məsələn, bizim tərcüməçilər hansısa bir işi, deyək ki, bədii əsəri tərcümə edəcəklər, digər qrup gənclər isə bizim gənclərin məhsullarını oxuyacaqlar. Bu, həm təşkilat üzvlərinin, həm də üzv olmayanların asudə vaxtlarını keçirmək üçün bir yoldur. Həmçinin bizim təşkilat qeyri-hökumət təşkilatı formasında yaranıb. QHT formasında layihələr yazacağıq, qrantlara müraciət edəcəyik və öz layihələrimizə də aktanın üzvlərini cəlb edəcəyik. Aktanın daxili quruluşuna gəldikdə isə bizim daxili akkreditasiyamız olacaq. Aktanın akkreditasiya etdiyi üzvləri bizə müraciət edən beynəlxalq təşkilatlara, yaxud layihələrimizə cəlb edəcəyik. Akkreditasiyadan keçə bilməyən tərcüməçilərimizlə isə təlimlər keçirəcəyik, onlara dəstək verəcəyik ki, onlar da akkreditasiyadan keçə bilsin.

- Qeyd etdiniz ki, tərcüməçilərin birliyi dünya praktikasında da var. Təşkilatınız digər ölkələrin assosasiyaları ilə əməkdaşlıq nəzərdə tutubmu?

- hazırda Gənc Tərcüməçilər Assosasiyası üzvlük üçün Beynəlxalq Tərcüməçilər Federasiyasına müraciət etməyə hazırlaşır. Bu federasiyaya üzv olacağıq və başqa assosasiyalarla da əməkdaşlıq edəcəyik.

Fatimə Kərimli