“Bu, İsmayıl Ömərovun onu göstərən güzgüyə qusmağıdır” - İctimai qalmaqal

bu-ismayil-omerovun-onu-gosteren-guzguye-qusmagidir-ictimai-qalmaqal
Oxunma sayı: 650




“Mən İsmayıl Ömərovu bir ifadə ilə diktator deyə adlandırmamışam. Bunu kifayət qədər əsaslandırmışam”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında millət vəkili Fəzail Ağamalı İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovun onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Millət vəkili onun Milli Məclisdə səsləndirdiyi fikirlərinin kütləvi informasiya vasitələrində olduğu kimi öz əksini tapmadığını bildirib: “Mən sizə həmin stenoqrammanı təqdim edirəm və xahiş edirəm ki, onu olduğu kimi öz saytınızda yerləşdirəsiniz və dəyərli oxucular görsünlər ki, mən İsmayıl Ömərovu bir ifadə ilə diktator deyə adlandırmamışam. Bunu kifayət qədər əsaslandırmışam. İctimai Televiziyanın çatışmazlıqları üzərində dayanmışam. İsmayıl Ömərov isə tənqidlərdən nəticə çıxarmaq əvəzinə... Milli Məclis bu gün Azərbaycan cəmiyyətinin güzgüsüdür. Orada əldə olunan müsbət işlər, uğurlarla bərabər, cəmiyyətimizin bütün sahələrində çatışmayan məqamlar üzərində də dayanılır, tənqidi fikirlər söylənilir. Bu tənqidlərdən ağıllı insanlar özü üçün nəticə çıxardır, isterika keçirmir və qarşı tərəfə arqumenti olmadığı üçün böhtan və təhqirlər yağdırmır. İsmayıl Ömərov məhz sonuncu dediyim tip insanlardandır ki, yəqin ki, o, stenoqrammanı xahiş edib ala bilərdi. Yaxud onun oradakı jurnalisti həqiqətən peşəkardırsa, bütövlükdə yazıb, təqdim edə bilərdi.

Bəlkə də bütün bunların hamısını İsmayıl Ömərov oxuyub və mənim demək istədiklərimin hamısı ona bəllidir. Lakin bütün bunların hamısını bir kənara qoyaraq onun özünü olduğu kimi göstərən güzgünün üzərinə, dəyərli oxuculardan ifadəyə görə üzr istəyirəm, qusmağın özü mədəniyyətdən uzaqdır. İsmayıl Ömərov birmənalı olaraq bu ölkədə şantajçı jurnalist imici qazanıbdır”.

Fəzail Ağamalı İsmayıl Ömərovun onu “daim onun-bunun qanadı altında yaşayan, az qala günəşi belə görə bilməyən, kölgədə kimlərinsə himayəsi ilə baş girləyənlər” kimi təqdim etməsinə də münasibət bildirib: “O, məni kiminsə himayəsində, kölgəsində yaşayan insan kimi təqdim etməyə çalışır və çox böyük yanlışlığa yol verir. O, ən azı kifayət qədər ədalət hissini özündə daşıyırsa, dərk etməli idi ki, Fəzail Ağamalı himayə olunan deyil, himayə edənlərdəndir. Fəzail Ağamalı Azərbaycanın azadlığı uğrunda mübarizə aparanda, İsmayıl Ömərovun adı heç yerdə görünmürdü. 20 yanvar faciələrində İsmayıl Ömərovun adı heç yerdə çəkilməyib, heç bir imzası yoxdur. O, montaj stolu arxasında oturaraq Azərbaycanın Heydər Əliyev zamanında bir sıra xidmətlərini sənədləşdirib film kimi təqdim etməklə hakimiyyətin diqqətini özünə cəlb edə bildi və beləliklə, bu səviyyəyə gəlib çatdı. Demirəm, hər bir kəs öz imkanları daxilində bu cəmiyyətdə yer tutmalıdır və mənim buna mənfi münasibətim də yoxdur. İsmayıl Ömərov 3 il öncə vaxtilə ATƏT-in təşkil etdiyi dəyirmi masada Əli Kərimli, İsa Qəmbər, Əvəz Temirxan tərəfindən sərt tənqidlərə məruz qalanda, o tənqidlərdə müəyyən həqiqət, eyni zamanda qərəz də vardı, mən onu himayə etdim, bu qərəzli hücumların qarşısında cavab verdim, söz söylədim. Çıxanda İsmayıl Ömərov mənə təşəkkür də etdi. Nədən bu şeylər yadından çıxıb onun? Mən heç kimin kölgəsində olmamışam. Günəşə də, insanların üzünə də dik baxmağı bacarıram. Mənim himayəçim göydə Allahdır, yerdə isə dövlətimdir.

Düşünürəm ki, özünə məxsus ifadələri mənə şamil etməklə çox böyük səhvə yol verir. Milli Məclisdə bu məsələ müzakirə olunanda hətta loyallığı ilə seçilən Jalə xanımın çıxışında da İctimai Televiziyanın ünvanına müəyyən tənqidi fikirlər söylənildi. Orada 10 nəfərdən çox deputat çıxışa yazılmışdı, hesab edirəm ki, onların mütləq əksəriyyəti İctimai Televiziyanı tənqid etmək üçün yazılmışdılar. Hər halda mən onların replikalarını eşidirdim. İsmayıl Ömərov getsin Oqtay Əsədova minnətdar olsun ki, onu hücumlardan xilas edə bildi. Lakin mənim təkidli xahişimdən sonra Oqtay Əsədov mənə söz verdi.

İctimai Televiziya Azərbaycan cəmiyyətinin bütün tərəflərini əks etdirməlidir. Baxsınlar, Azərbaycanın siyasi mühiti hansı şəkildə, operativlikdə, geniş spektrdə Azərbaycan ekranlarına çıxarılır. Orada təkcə Anarın bir verilişi var, ora da kimlərin dəvət olunmasına İsmayıl Ömərov qərar verir. Hansı müğənni orada çıxış etməlidirsə ona da İsmayıl Ömərov qərar verir. Hansı vətəndaş cəmiyyətinin təmsilçilərinin, QHT-lərin, aparıcı insanlarının dəyirmi masalarını təşkil edibdir? Azərbaycana qarşı bu qədər təpkilər, hücumlar var, niyə İsmayıl Ömərovun rəhbərlik etdiyi televiziyada nəinki özü bu hücumların qarşısında dayanmır, eyni zamanda cəmiyyətin bütün potensialını, sağlam qüvvələrini bu baxımdam öz efirinə çıxarıb onlara cavab verməkdən çəkinir. Niyə? Çünki İsmayıl Ömərov heç vaxt bu dövlətin ruhu ilə bağlı olmayıbdır.


Millət vəkilini dil problemi olmaqda ittiham edən İ. Ömərova cavab olaraq F.Ağamalı dilçi olmadığını deyib: “Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Nəslim, köküm, şəcərəm türkdür. Nəsildən, kökdən, genetik kodlarımdan mənə gəlib çatan bu dili kifayət qədər mükəmməl bilirəm. Dilçi olmasam da İsmayıl Ömərovla Azərbaycan dili ilə bağlı istənilən müzakirəyə hazıram. Çıxaq efirə və istənilən mövzu ətrafında müzakirə aparaq. Görək kimin tələffüzü, söz ehtiyatı türk dilinə yaxındır, bunu sübut etməyə hazıram. Ona tövsiyə edərdim ki, əgər imkanları varsa mənin qələmimdən çıxan məqalələrə, kitablara diqqət etsin və görsün ki, mən orda türk dilini necə qayğı ilə qoruyan insanlardanam. Mən Milli Məclisdə Azərbaycan dilinin qayğısına qalan bir neçə millət vəkilindən biriyəm.

“Bu adam çıxışımdan sonra mənə qarşı geniş kampaniyaya başlayıb. Özünə məxsus təhqirlərə yol verir. Bu təhqirlər adını ziyalı qoyan insanlara yaraşmır. Bu işlər zəifliyin göstəricisidir” .

“Qafqazinfo” millət vəkilinin Milli Məclisdə ki çıxışının stenoqramını da oxuculara təqdim edir: “Hörmətli Sədr, hörmətli millət vəkilləri! Elə məsələdir ki, mən fikrimi bildirməkdə düşünürəm ki, təkidli olmağımın məntiqi var. İctimai televiziya əslində Azərbaycan cəmiyyətinin bütün tərəflərin özündə əks etdirən obyektiv, ədalətli bir televiziya və radio şirkəti statusunu özündə ehtiva edir. Əslində belə olmalıdır. Gəlin görək belədirmi? Belə deyil. Və təqdim edilmiş olan qanun layihəsi də faktiki olaraq yayım şurasının səlahiyyətlərinin bir çoxunu alır, baş direktora verir və eyni zamanda burada 8.1-ci maddə var. İctimai yayım xidmətlərində kadrların seçilməsi və əmək müqavilələrinin bağlanması. Burada baş redaktorlar yayım şurasının səlahiyyətlərindən çıxardılır və göydə qalır. Deməli, keçir direktorun səlahiyyətinə və beləliklə burada artıq bütün ictimai televiziya və radio, onun bütün səlahiyyətləri faktiki olaraq onun baş direktorunun və indiki İsmayıl Ömərovun əlində cəmləşir. Bu isə düşünürəm ki, çox qorxulu tendensiyadır. Əslində ictimai televiziya onu etiraf etmək lazımdır bu gün, Oqtay müəllim, xahiş edirəm, tapşırıq verin, bir araşdırma aparsınlar, görsünlər bu son neçə ildə Milli Məclisin fəaliyyəti ilə bağlı, Milli Məclisdə gedən iclaslarla bağlı, Milli Məclisdə gedən müzakirələrlə bağlı ictimai televiziya hansı ciddi xarakter daşıyan verilişlərini ortaya qoyub. Bir dəqiqə, saat 8-də gedən «Xəbərlər»də, 1 dəqiqə, yarım dəqiqə jurnalistin ümumi fikirlərindən və ümumi görüntülərdən başqa heç nə yoxdur. Burada 10 partiya var, eyni zamanda neytral insanlar var. Bunların nədən mövqeyi ictimai televiziyada öz əksini tapmasın. Niyə, elə ictimai televiziya aşıqlardan ibarət mərkəz olmalıdır? Niyə belə olmalıdır? Ona görə də mən düşünürəm ki, ictimai televiziyanın yayım şurası ilə bağlı burada ki, biz bəzi onların üzvlərini təsdiq edirik, bu məsələ orada ciddi müzakirə olunmalıdır və yayım şurasının səlahiyyətləri daha da artırılmalıdır və orada baş direktorun sözün həqiqi mənasında diktator kimi, özünün düşündüyü kimi prinsipləri həyata keçirməli deyil. Ona görə mən ictimai televiziyanın və radionun fəaliyyətindən çox narazıyam bir millət vəkili kimi düşünürəm ki, buna son qoyulmalıdır. Sağ olun” .