“Bu millətin haqqını tanımaq istəmirlər”

bu-milletin-haqqini-tanimaq-istemirler
Oxunma sayı: 677

“Qafqazinfo”nun məlumatına görə, DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznianın ünvanladığı müraciətdə deyilir: “Dünya azərbaycanlılarının qurultayının keçirilməsi Azərbaycan xalqının tarixi istəyinin ifadəsidir. Azərbaycanlılar belə bir böyük həmrəylik tədbirinin reallaşmasını onillərlə arzulamışlar. Ancaq Sovet dönəmində bir çox respublikalarda bu cür tədbirlərin keçirilməsinə şərait yaradılsa da, Azərbaycan xalqının bu haqqı tanınmamışdır. Nəhayət, Azərbaycan müstəqillik əldə etdikdən və daxili sabitliyə nail olduqdan sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunmağa və 2001-ci ildən başlayaraq Dünya Azərbaycanlılarının qurultayları keçirilməyə başlanmışdır.

Dünyadakı soydaşlarımızın birliyi yolunda atılan bu böyük addımı - III qurultayımızı Dünya Azərbaycanlıları Konqresi olaraq ürəkdən alqışlayırıq. Biz də artıq 14 ildir ki, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi və diaspor fəaliyyətinin genişlənməsi üçün əlimizdən gələni edirik. Bu gün dünyada bəlkə də ən çox səsinin eşidilməsinə, haqqının qorunmasına ehtiyac olan xalqlardan biri və birincisi Azərbaycan xalqıdır. Çünki illərlə bu xalqa qarşı soyqırım aparılıb, torpaqları zəbt olunub, özü qaçqın və köçkün duruma salınıb, iztirab və əzab çəkib, Vətəni parçalanıb və nəhayət, 20-ci yüzilin sonlarında tarixi torpaqlarının cüzi bir hissəsində qurduğu müstəqil dövlətinə qarşı da təcavüz edilib, ərazisinin 20 faizi işğal olunub; Buna baxmayaraq, nüfuzlu beynəlxalq qurumlar və dövlətlər yenə də hansısa maraqdan bu xalqın, bu millətin haqqını tanımaq istəmirlər, Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı beynəlxalq hüquq normalarından irəli gələn vəzifələr icra edilmir. Bu baxımdan dünyanın onlarla ölkəsinə səpələnmiş 50 milyonluq Azərbaycan xalqının öz müstəqil dövlətində təntənəli qurultayını keçirməsi milli özünütəsdiq faktı kimi çox önəmlidir.

Biz Dünya Azərbaycanlıları Konqresi olaraq Dünya Azərbaycanlılarının III Qurultayını təbrik edir, onun işinə və bütün xalqımıza uğurlar arzulayırıq”.

Fatimə Kərimli