“Bu müsahibəni yalnız Allaha inananlar oxuyacaq?” - Müsahibə

bu-musahibeni-yalniz-allaha-inananlar-oxuyacaq-musahibe
Oxunma sayı: 845



Hollandiyada yaşayan azərbaycanlı gənc Araz Önəroviçin “Qaqazinfo”ya müsahibəsi.

- Önəroviç, bu əsl soyadınız deyil. Əsl soyadınız necədi?
- Əsl soyadım Qasımovdu. Önər təsadüfən seçilmiş bir addı.

- Bu təsadüf haqqında danışın. Niyə məhs Önər? Nə ilə bağlıdı?
- O vaxt mən bir internet forumda otururdum. Orda nickname-im “oner” idi. Yəni təsadüfən bu sözdəki hərfləri yan-yana qoymuşdum. Sonra Dalğa Gənclər Hərəkatının rəhmətlik qəzeti “Alma”da yazmağa başlayanda fikirləşdim ki, Qasımov müəllif adı üçün çox uzundu, onun üçün “oner”i bir az inkişaf etdirib “önər” etdim. Təbii ki, o vaxtlar daha ciddi idim.

- Dalğa Gənclər Hərəkatı üzv olduğunuz ilk təşkilatdı?
- Bəli, “Dalğa” üzv olduğum ilk gənclər təşkilatı olub.

- “Dalğa” ilə əlaqələriniz nə zaman qırıldı, ya da nəyə görə?
- Dalğa ilə əlaqəm qırılmayıb. Heç vaxt da qırıla bilməz. Yeni sədr Orxan Nəbiyev ilə köhnə dostuq. Həm də bundan sonra inanmıram başqa bir hərəkata, ya təşkilata bu qədər könül verəm. Məncə “Dalğa”da böyümüşəm.

- Bu gün də üzvsüz?
- Üzvlüyün nədən ibarət olduğunu bilmirəm. Məsələn, mən “Dalğa”da fəaliyyət göstərən zaman fəaliyyətimə görə deyirdim ki, “Dalğa”çıyam, amma əlimdə başqa bir sənəd və ya üzvlük göstəricisi yox idi. İndi isə fəaliyyət göstərmirəm, amma kim deyə bilər ki, mən “Dalğa”çı deyiləm? Heç kim, bunu məndən başqa heç kim deməz. Mən də hələ ki, belə bir söz deməmişəm.

- Siz hələdə “Dalğa”nın ideyalarını dəstəkləyirsiz?
- Səmimi olsam indi “Dalğa” nə edir mən başa düşmürəm. Orxan, “Dalğa”nın tarixində mətbuat konfranslarına kostyum geyinən ilk sədr kimi tarixə düşdü. Mənə elə gəlir ki, Cənubi Azərbaycan müvzusunu həddindən artıq şişirdirlər. Heç cənubdakılar öz problemlərini bu qədər fikirləşmirlər. Bir sözlə “Dalğa”nı görmək istədiyim kimi görmürəm. Amma ideyalar barəsində düz dediniz, dəstəkləyirəm. Bircə Cənubi Azərbaycan məsələsindən başqa.

- Sizinlə eyni vaxtda təşkilatda kimlər vardı?
- Vəfa, Elşən, Nərmin, Elvin. Rövşən və adını çəkmədiyim onlarla gözəl insan. Bir də Ramin Hacılı. Ən yaxın dostlarımdan biridi. Onunla bizim aramızda dostluq bir az başqa cürdü. Ramin son illərdə Azərbaycanda yetişmiş ən yaxşı liderdi. O, prezident olmaq istəsə, mən əlimdən gələn istənilən köməyi əsirgəmərəm. Bilmirəm niyə görə belədi, amma mən həmişə inanıram ki, onun həm iqtidarı, həm də müxalifəti süpürmək üçün bir planı var. Mən bu planın tərkib hissəsi olmaq istərdim. Çünki hərdən fikirləşirəm ki, çox bezmişəm, bu qədər bezmək olmaz, hərəkət etmək lazımdı.

- İqtidara gəlmək üçün nə vəd edirsiz?
- Mən iqtidara gəlmək istəmirəm. Hərdən bizə xitabən mənə deyirlər ki, guya siz gələndə hər şey düzələcək. Başa salmaq olmur ki, Azərbaycanda vəziyyəti düzəltmək istəyən hər kəs hakimiyyətə gəlməkl istəmir.

- Buradan Bakıda yaşamaq istəmədiyiniz üçün gedibsiniz. Yorğun olmaq, bezmək və qaçmaq, bunlar zəiflik əlaməti deyil? Axı heç bir xalq zəiflərin siyasətini dəstəkləməz.
- Bəli, şəxsi səbəblərdən ötrü getdim. Mən Azərbaycandan gedəndə ölkədə heç bir siyasi proses yox idi. Meşədə qış vaxtı nə qədər sükut olursa, Azərbaycanda sanki qış vaxtı meşə kimi idi. Qalmaqda özüm üçün heç bir məna görmədim.

- Bu gün Azərbaycan siyasətində aktivlik hiss edirsiz?
- İndi gənclərdə aktivlik görünür. Gənclər təşkilatları var. Amma məncə bu kosmetik dəyişiklikdən başqa bir şey deyil. Cəmiyyət konkret narazıdır. Ancaq görürsünüz, bir nəfər də demir ki, flankəs gəlsə vəziyyət düzələcək. Xalq heç kimə inanmır, düz də edir. Çünki siyasi aktivlik göstərənlər çox azdı, hərəsi də bir şey istəyir. Aktivləri birləşdirən nöqtə İlham Əliyevə qarşı olan mövqeləridi. Bir ideyanı İlham Əliyev birləşdirirsə ona inanmağa dəyməz. Gənclər təşkilatları az-çox fəaliyyət göstərirlər. Ancaq hamısı mənə elə gəlir ki, hesab xarakterlidi. Qəzet olsun, jurnal olsun, parti olsun, hamısı da təşkilatın adı ilə bağlı olsun. Bu tip yanaşma məncə əsas hədəfdən yayınmaya gətirib çıxarır.

- Əsas hədəf nədir?
- Əsas hədəf hakimiyyəti dəyişmək, sonra da normal cəmiyyət qurmaq olmalıdı. Amma burda belə danışanda Azərbacyanda deyirlər ki, oturmusuz Hollandiyada bizə ağıl öyrədirsiniz. Ona görə də bu barədə az danışmağa çalışıram. Onsuz da bu şərtlər altında nəsə etsəm də xeyri yoxdu. Ona görə danışmamağı üstün tuturam. Hələ ki, burda vaxtım var, maksimum kef edəcəm. Onsuz da həmişə dərd çəkməyə Bakı var.

- Nəyə inanırsız? Kimə inanırsız?
- Nə bilim, gündə bir şeyə. İnanc elə bir şeydir ki, hərdən adam özü də bilmir nəyə inanır. Dinçi siyasətə gəldikdə isə, təsəvvür edin onsuz da bu siyasətçilər bütün ömrümüzü yeyir, həyatımızı çürüdür, cavanlığımızı məhv edir. Bir qalmışdı hələ bunların molla, keşiş olanlarına dözəsən. Mən özüm Allaha inanan adamam, amma hər yerdə demirəm ki, narahatçılıq yaranmasın.

- Niyə bu narahtçılıq yaratsın?
- Çünki mənimlə elə danışanda narahat oluram. Özümə istəmədiyim şeyləri, başqalarına da istəmirəm. Təsəvvür edin, siz pivə içirsiz, kimsə gəlib sizə Allahdan danışır. Bu dözülməz bir haldır. Mən buna dözə bilmərəm. Məncə bu adamları həbs etmək lazımdı.

- Məncə sizdə kompleks yaranıb. Allaha inanmayan insanların yanında Allaha inandığınızı deməkdən tərəddüd edirsiz, bəlkə də qorxursuz.
- Niyə ki? Bu müsahibəni yalnız Allaha inananlar oxuyacaq? Ümumiyyətlə, nə fərqi var, İlham Əliyev Allaha inansa da, inanmasa da bu onun prezidentlik keyfiyyətlərinə təsir göstərmir. Ya da bir həkim, Allaha inansa xəstəni dahamı yaxşı müalicə edəcək? Məncə yox. Allaha inanıb inanmamaq hərənin öz problemidi. Amma kimsə dinini dönər bicağı kimi gözümə soxanda, əsəbləşirəm.

- Allaha inamla, din ayrı anlayışlardı sizin üçün?
- Mənim üçün elədir. Din daha iddialı səslənir. Onun öz həyat tərzi var. Mən əgər müsəlman kimi yaşamaq istəmirəmsə və yaşaya bilmirəmsə özümə niyə müsəlman deməliyəm?!

- Azərbaycan müxalifətinə inanırsız?
- Ayrı ayrılıqda şəxslərə hörmətim var. Amma ümumi götürəndə vəziyyət elə də ürəkaçan deyil. Bəzən müxalifəti tənqid edəndə, deyirlər ki, sən anadan olmamışdın, biz müxalifətdə mübarizə aparırdıq. Guya ki, bunlar müxalifətdə olmasaydılar, hərəsinin indi bir Nobel mükafatı var idi. Problem budur ki, Azərbaycanda yeni müxalifət yarana bilmir. İndiki müxalifətin də getməyə yeri yoxdu.

- Siz özünüz nəyə, kimə müxalifsiz?
- Mən adi Azərbaycan insanı nə fikirləşirsə onu fikirləşirəm. Onlardan heç bir fərqim yoxdu. Mən də istəyirəm, öz ölkəmdə rahat gəzim, oxuyum, pivə içim, marixuana çəkim, musiqi ilə məşğul olum. Hər yerdə yekə qarın, bığlı canlıları görməyim. Bunun qarşısını almaq istəyən hamıya müxalifəm.

- Sizcə bu istəklərdə bir yanlışlıq yoxdu?
- Yalnış oldu olmadı. Bu məndən başqa heç kimin həyatına təsir etmir.

- Neçə ildi Hollandiyada yaşayırsız?
- 1 il yarım olar.

- Orada yaşamağınızın səbəbi nədir? Sizin ölkədən getəməyinizə siyası görüşləriniz səbəb olub?
- Ölkədən getməyimə əsas səbəb orada bir müddət yaşamaq istəməməyimdi. Məni lider və ya buna oxşar başqa bir formada təsəvvür edənlər, düzgün qərar verməyiblər. Mənim azərbaycanlılara sərf etmək üçün enerjim yoxdu. Nə etmişdimsə, özüm üçün etmişəm, nə edəcəmsə də özüm üçün edəcəm. Hal-hazırda təhsil alıram. Bitirən kimi qayıdacam. Amma bəlkə, bitirmədən qayıtdım. Səmimi olsam, oxumaq istəmirəm. Heç vaxt da istəməyəcəm. Bu mənim yaralı yerimdi.

- Dediyiniz kimi bəzi gənclər sizi özünə lider görür, savadsız lider olar?
- Bizim gənclərin psixoloji problemləri var. Məncə ilk növbədə bunları həll etmək lazımdı. Sonra mənim təhsilimlə maraqlanmaq olar.

- Sizcə psixoloji problemlər nə ilə bağlıdı və səbəb nədi?
- Əgər bir gənc məni özünə lider kimi görürsə, deməli o ya dəlidir, ya da axmaq. Mən sizə öz həyat tərzimdən danışsam, onda nə dediyimi başa düşəcəksiz. Təəssüf ki, hamısını danışmaq olmur.

- Araz, dediniz ki, psixoloji problemləri həll etmək lazımdı. Bu gənclərə necə yardım edə bilərsiz? Nə ilə örnək ola bilərsiz?
- Bilirsiniz, mən dünyaya gələndə heç kimin qarşısında liderlik öhdəliyi götürməmişəm. Cəmi 1 il “Dalğa”da sədr əvəzi olmuşam və bununla da mənim liderlik fəaliyyətim sona çatıb. Lider olmaq bekara söhbətdi. Bizim cavanlarımız bu lider məsələsinə çox vaxt sərf edirlər. Çox eşidirik ki, gənc lider, gənc filankəs. A kişi nə lider? Lider Stalin kimi olar.

- Bəs özünə lider deyənlərə nə sözünüz?
- Nə deyə bilərəm ki, əgər onlar üçün bu rahatdırsa, özlərini sədr kimi görəndə daha yaxşı hiss edirlərsə niyə də olmasın. 3-5 günlük dünyadı, biri var milyonlarla adamın səsini saxtalaşdırıb sədr olasan, biri də var ki, yeniyetmələri bir yerə yığıb onlara sədrlik edəsən. İkinci birincidən daha yüngül variantdır.

- Məqsədsiz yeniyetmələrə öz ideyalarını sırıyıb lider olmağa nə var, bu daha asan yoldur.
- Əlbəttə, seçki saxtalaşdırmaq üçün adam gərəkdir.

- Sanki azərbaycanlılara nifrət edirisiz...
- Çox baş qoşsam əlbəttə ki, nifrət etmək qaçılmazdır. Həyatlarına, gələcəklərinə bu qədər laqeyd olan adamı bir yerdə görmək çətin məsələdir. Amma Azərbaycanda mümkündü. Ümumilikdə, azərbaycanlıların mentalitetini, dünya görüşünü, həyat tərzini bəyənmirəm. Bunu bəlkə də bütün Azərbaycan xalqı deyir. Gündə hər yeməkdən sonra arvadının üzünə gəyirən polis rəisi də deyir ki, bu millət düzələn deyil. Ona görə bütün bunların heç bir mənası yoxdu. Elə bil ki, oturmuşuq taksiyə, bilmirik hara gedirik.

- Elə danışırsız ki, düşünməyə başlıyıram ki, azərbaycanlı deyilsiz. Yaxşı, düzələn deyilsə, elə belə də gedəcəksə, ümidinizi kəsmisizsə bəs niyə qayıtmaq istəyirsiz?
- Mən Bakıda böyümüşəm. Özümü tanıyandan, Bakıdan bir həftə belə uzaq olanda darıxırdım. Heç ağlıma gəlməzdi ki, Bakısız bu qədər yaşaya bilərəm. Amma bacardım. Deməli heç də hər şey mümkünsüz deyil. Nə vaxtsa, bəlkə Azərbaycan da bizim istədiyimiz yerə çevrildi. Amma bu çevrilişin baş tutub-tutmamasından asılı olmayaraq Bakıya qayıdacam. Çünki, mən ora aidəm. Başqa yerdə olanda funksionallığımı itirirəm.

- Sizin isədiyiniz yerə çevrilib konkret necə olmalıdı və elə yerə çevriləmsi üçün nə edə bilərsiz?
- Normal yaşayış, təhsil, səhiyyə, əyləncə şəraiti olan bir ölkə istəyirəm. Bilirsiz, bir ölkədə ki, polis şöbəsində adamın cibindən nə desəniz çıxarırlar, o ölkədə adam təhlükəsizliyinə zəmanət verilə bilməz. Sabah mənə küçədə kimsə hücum edəndə məni qoruyan Azərbaycan polisi olacaqsa, mən öz gələcəyimə inanmıram. Təhsilimizə baxın, tələbənin bir faizinin belə azadllığı yoxdu. Müəllim onu təhqir etsə, tələbə ona cavab qaytarsa universitetdən qovulacaq. Necə olur, orada təhsil alan tələbə, ildə 1000 manat verən tələbə, amma müəllim ağalıq edir. Səhiyyənin səviyyəsindənsə danışmağa dəyməz. İndi sual verirsiniz ki, bunu necə düzəltmək olar və mən nə edə bilərəm? Mən bu sualın cavabını bilmirəm. Bilmədiyim üçün də elə burdayam.

- Sevdiyiniz musiqi janrı hansıdı?
- Son zamanlar ən çox “blues” dinləyirəm. Ümumi olaraq Jimi Hendrix, Pink Floyd, Led Zeppelin, The Doors, Eric Clapton, BB King və adlarını çəkmədiyim onlarla musiqiçi var ki, onlara heyranam. Hərdən öz mahnılarımıza da qulaq asıram.

- Həvəskar ifaçısız?
- Elədi. Dostumla bir qrup yaratmışıq, özümüz üçün yazıb-oxuyuruq. Qrupun adı Soyuz-Apollodur. Adi mahnılar yazırıq, çalışırıq qeyri-adiliyə çox yol verməyək, əsas özümüz üçün boş vaxtlarımızda. Amma təbii ki, insanlarında fikirləri maraqlıdır. Bəlkə qrupu inkişaf etdirdik, bəlkə də yox. Bunu vaxt göstərəcək. Əsas odur ki, etdiyimiz işdən həzz alırıq və çalışırıq ki, heç kəsdən aslı olmayan azad mahnılar yazaq.

- Sevgi deyəndə gözlərinizin önündə kimin obrazı canlanır?
- Çətin sual veririsiz. Əvvəllər sevgi deyəndə köhnə segilimin obrazı canlanırdı. İndi isə adətən təbiəti düşünürəm.

- Darıxırsız Araz?
- Hərdən darıxıram. Amma darıxanda çox darıxıram.

Sədan Bünyadova