“Bu o demək deyil ki, sən restorana girib stolu aşırmalısan” - Müsahibə

bu-o-demek-deyil-ki-sen-restorana-girib-stolu-asirmalisan-musahibe-
Oxunma sayı: 680






Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisinin rəhbəri Vüsalə Hüseynovanın “Qafqazinfo”ya müsahibəsi

- İlk olaraq özünüz haqda danışardınız...
- Mən ictimai-siyasi mühitə mətbuatla gəlmişəm. Əvvəl televiziyada işləmişəm, bir müddət parlament müxbiri kimi çalışmışam, daha sonra 2004-cü ildən QHT rəhbəri kimi fəaliyyət göstərmişəm. Həmin yol məni Gənclər Təşkilatlarının Milli Şurasının sədr müavini vəzifəsinə çıxardı, oradan isə BMT-nin iqtisadi və sosial şurası tərəfindən dəstəklənən Dünya Gənclər Bankının 14 ölkə üzrə regional ofisinin rəhbəri təyin olundum. Cəmi altı aydır ki, bu vəzifədə çalışıram.

- Gənclər Bankının əsas fəaliyyət istiqaməti nədən ibarətdir?
- Birbaşa BMT-yə bağlı olduğumuz üçün əsas fəaliyyət istiqamətimiz həmin təşkilatın minilliyin inkişafı proqramına, onun bəndlərinə uyğun olaraq fəaliyyət göstəririk. Bank olaraq əsas işimiz yoxsulluğun azaldılması proqramına dəstək vermək, onların sosial-rifah hallarının yaxşılaşdırılması üçün apardıqları işlərə dəstək olmaqdır.

- Fəaliyyətdə olduğunuz dövrdən bu istiqamətdə hansı töhfələriniz olub?
- Sentyabrın 2-də bizim rəsmi şəkildə açılış mərasimimiz oldu. Artıq bir neçə layihələrə başlamışıq. Onlardan biri Təhsil Departamenti ilə dünyanın beş aparıcı universiteti arasında bağlanmış müqavilədir. Bu müqavilə ilə biz gənclərin bu universitetlərdə təhsili və ixtisaslaşdırılması səviyyələrinin artırılması üçün birbaşa qəbullar aparacağıq. Bu qəbullar içərisində imkansız ailələrin uşaqları da olacaq ki, onların maliyyəsini bank xeyriyyə fəaliyyəti kimi öz üzərinə götürəcək. Bu bir ay yarım ərzində gördüyümüz işlərdən biri də MDB çərçivəsində ilk dəfə Bakıda keçiriləcək “Yaşıl texnologiyalar” konfransıdır ki, 150-200-dək qonaq gözləyirik. Gənc İT sektoru, ümumiyyətlə Green texnologiyaya aid olan enerji, tikinti sektoru və sair sektorların iş adamlarını, dünyanın aparıcı universitetlərin mütəxəssislərini gözləyirik. Martda MDB çərçivəsində fəaliyyət göstərən gənc iş qadınlarının Bakı sammitini keçirməyi planlaşdırırıq. Mayda bizim Səhiyyə Departamenti Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə Gəncə şəhərində “Diabetlə mübarizə” mövzusunda elmi-beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulub. Bir neçə gündür fəaliyyətə başlayan “Sosial Xidmətlər akademiyası” da gənclərin işsizlik probleminin aradan qaldırılmasına yönəlib. Hər bir gənc təhsilli, olmur, tələbə olmur bu sırf təhsili olmayan 38 yaşına kimi olan gənclər üçün nəzərdə tutulub. Ofisiant, xadimə, dayə və sair sahələrdə dünyanın aparıcı dövlətlərində peşəkar mütəxəssislər 3 aylıq kurslar keçəcəklər. Kursu bitirən gənclərə beynəlxalq sertifikatlarımız veriləcək və onlar birbaşa işlə təmin olunacaqlar. 2012-ci il üçün bizim 5 beynəlxalq konfransımız nəzərdə tutulub ki, onlardan biri İstanbulda, digəri biri isə Minskdə keçiriləcəkdir.

- Bankınız tərəfindən gənclər təşkilatlarının hazırladıqları layihələr necə Sizin tərəfinizdən maliyyələşdirilir?
- Azərbaycan və MDB ölkələrinin vətəndaş cəmiyyətlərinin, gənclər təşkilatlarının layihələrini maliyyələşdirəcəyik, eyni zamanda martdan etibarən gənclərə kreditlərin verilməsini reallaşdıracağıq.

- Gənclərin VI Beynəlxalq Forumu keçirildi. Siz də həmin tədbirdə çıxış etdiniz. Təəssüratlarınız necədir?
- İlk dəfə olaraq bankın rəhbəri kimi rəsmi dövlət tədbirində çıxış etdim. Bu tədbiri normal qiymətləndirirəm.

- Bir gənc, həm də bir jurnalist kimi Azərbaycan gəncliyini, onun real imkanlarını digər ölkə gəncləri ilə müqayisədə necə qiymətləndirirsiniz?
- Sosial baxımdan təbii ki, onların üstünlükləri bizdən daha çoxdur, çünki Azərbaycan müstəqilliyini yeni əldə edib. Elə sahələr vardır ki, onlara yeni başlayırıq. Məsələn İT sahəsində Azərbaycan uğurlarına baxmayaraq hələ gəncdir. Yaxın Türkiyəni tibb sahəsi dünyada rekord həddə çatıb, eləcə də təhsil səviyyəsi. Buranın Bilkənd universitetini bitirən məzun dünyanın hər yerində hansı səviyyədədir. Amma bu bizim təhsil sistemində müəyyən problemlər var. Bizdə ali təhsili olan əlinə diplom alan gənclərimiz dünya standartları səviyyəsində mütəxəssis ola bilmir. Cənab prezident gənclərlə görüşündə də qeyd etmişdi ki, Azərbaycanda açılan xidmət sektorlarının başında əsasən xarici vətəndaşlar dayanır. Deməli azərbaycanlı gənclər arasında hələ menecerlik imkanları tam şəkildə formalaşmayıb. Düşünürəm ki, bu zamana bağlı məsələdir. Mən beynəlxalq qurumun rəhbəri kimi deyil, Azərbaycan vətəndaşı kimi çıxış edirəm. Çalışmalıyıq ki, ölkənin insan kapitalının artmasında önəmli rol oynayaq. Tanrı bizim ölkəyə hər şey verib. Biznesmenlərin təbirincə desək düzgün investisiya qurmaqla hər şeyi öz xeyrimizə dəyişə bilərik. “Hilton” otelinin Azərbaycanda açılmasının özü ölkəmizin dünyaya inteqrasiyasında hansı çəkidə dayanmasından xəbər verir.

- Bayaq qeyd etdiyiniz ki, sizcə bizim ali təhsilli gənclərin ikinci planda qalmalarının başqa hansı səbəbləri ola bilər?
- Bu gün dünyada ən populyar ixtisaslar marketinq, menecmentlik İT üzrə ixtisaslarıdır ki, gənclər əsasən bu peşələrə yiyələnirlər. Azərbaycanda isə olsun ki, valideynlərimizin gəncliyi sovet dövrünə düşüb, mən bununla bağlayıram, həmin dövrün stereotipləri hələ də qalıb. Azərbaycan gənclərinin hamısı hüquqşünas olmaq istəyir, həkim olmaq istəyir. Bizdə memarlıq ixtisası ilə bağlı geriləmələr var. Keçən dəfə Brüsselin Kent Universitetində görüşlərimiz olanda bizə dedilər ki, Avropa hüququ fakültəsinə gələn tələbələrin əksəriyyəti sovet ölkələrindən gələn gənclərdir. Avropa gəncləri müstəqil ayaq üstə durmağa, iş adamı olmağa daha çox meyl edirlər, nəinki Azərbaycan və digər sovet ölkələri gəncləri .Bizim gənclər qurub yaratmaq, özünü təsdiq etmək əvəzinə məmur olmaq istəyirlər. Məmur da olmaq lazımdır, dövlət idarəçiliyində də iştirak etmək lazımdır. Lakin dünya standartlarını götürdükdə müstəqil iş adamlarının güclənməsi daha gərəklidir. Elə transmilli şirkətlər vardır ki, onlar dövlətlərinin siyasətlərini belə müəyyənləşdirə bilirlər.

- Bəs Sizcə bunun üçün nə etmək lazımdır. Hansı dəyişikliklər olmalıdır?
- Buna zaman lazımdır. Faktdır ki, biz Avropaya gedirik yenilikləri görürük və qayıdıb evimizə gələndə hamımızın anamız, atamız, nənəmiz, babamız var. Təbii ki, yaşlı nəsillə gənc nəslin toqquşması problemi də buna gətirib çıxarır. Çünki dövr dəyişib, stereotiplər də dəyişib. Müsəlman olduğumuz üçün bu faktorlar var, çünki bizdə böyük-kiçik həmişə sayıldığından bu problem hansısa şəkildə qalır. Yəni ailəm mənə hansı ixtisası seçibsə məni də onu seçməliyəm, çünki bu mənim valideynimdir. Valideyn də öz uşağı üçün ixtisas seçəndə bunu öz baxışı, öz çaları ilə edir və hesab edir ki, ən düzgününü edir.

- Bizim gənclər niyə görə başqalarının fikrilərindən bu qədər asılıdırlar daxili azadlıq yoxdur onlarda?
- Məncə əksinə bizim gənclər çox azaddır. Əgər küçədə yüksək musiqi ilə sürətlə maşın idarə edirlərsə, bu daxili azadlığın bir nümunəsidir. Çünki daxilən azad olmayan gənc bunu edə bilməz.

- İndi universiteti bitirən gənclərin əksəriyyəti ixtisaslarına uyğun iş tapmaqda belə çətinlik çəkirlər.
- Təhsilli gənclərin ixtisaslaşma səviyyəsi aşağıdır. Bunu tək mən yox, dövlətimiz özü də deyir. Bu gün diplomlu gənclərimiz öz sözünü deyən brend bir şirkətə iş üçün müraciət etsə onu təbii ki, işə götürməzlər. Çünki onun iş təcrübəsi yoxdur. Bizim bank olaraq fəaliyyətimiz ondan ibarətdir ki, həmin tələbələrə kurslar keçərək onları ixtisaslaşdırmaq və həmin şirkətlərdə iş təcrübəsi keçməyə yardım etməkdir ki, daha sonra onlar asanlıqla iş tapa bilərlər.

- Deyirsiniz ki, Azərbaycan gəncləri məmur olmağa daha çox meyllidir. Bəs siyasi proseslərdə necə aktiv iştirak edə bilirlər?
- Vaxtilə Azərbaycanın ictimai-siyasi həyatında aktiv olan gənclər indi ölkənin müəyyən strukturlarında təmsil olunurlar. Hansı ki, bu təşəbbüsün banisi ümummilli lider Heydər Əliyevdir. Onun diqqəti sayəsində gənclərə etimad göstərildi. Bu gün parlamentdə təmsil olunan gənclər də biz zaman ictimai-siyasi həyatda aktiv iştirak ediblər. Əgər sənin qabiliyyətin, özünə inamın vardırsa öz işinizlə məşğul olmalı və onu yerinə yetirməlisiniz. Zaman gələcək mütləq səni görəcəklər. Əgər strategiyanı düzgün qurmusansa, gördüyün işdən dövlətinə, xalqına fayda verməyi bacarırsansa mütləq səni görəcəklər.

- Sizcə parlamentdə daha çox gənclərin təmsil olunması bizə üstünlüklər qazandırmaz?
- Faiz nisbəti olmalıdır. Çünki burada praktika, uzun illərin təcrübəsi var. Gəlin bütün yaşlı nəsli ataq, cavanları gətirib oturdaq parlamentdə. Görün o strukturlar nə günə qalar. Bu elə nisbətdə olmalıdır ki, gənclər də işsiz qalmasınlar. İndi çox gənclər var ki, işsizliyi bəhanə gətirib xaricə üz tuturlar. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin 65%-i 35 yaşına kimi olan şəxslərdir ona görə də limit məsələsi tənzimlənməlidir.

- Siyasi proseslərdə iştirak edən gənclərin bir qismi də hazırda həbsdədir bunu necə qiymətləndirirsiniz bəs?
- Gənclər həmişə inqilabçı ruhda olurlar. O baxımdan ki, gənc hər zaman novatordur, dinamikdir, enerjilidir. Bu o demək deyil ki, siz gəncsiniz deyə bütün hüquqları pozmalısınız, bu da düzgün deyil axı. Gəncsənsə ilk növbədə dövlətinin qanunvericiliyinə hörmət etməlisən. Onu xaricilərin yanında təbliğ etməlisən. Ən azı biz xarici ölkəyə gedəndə ilk olaraq onların qanunlarını öyrənirik. Gəncsənsə o demək deyil ki, maşını harada gəldi vurub qaçasan yaxud restorana girib stolu aşırmalısan.

- Axı burada söhbət sadəcə söz azadlığı, siyasi azadlıqlardan gedir...
- Azad söz olmasaydı indi facebookda kim nə istəsə idi yazmazdı. Azad söz olmasaydı o uşaqlar ən azı o sözü deyə bilməzdilər. Bu mütləq bir şey deyil, çünki hər kəsin öz baxışı var. Birinə yaxşı görünən bir şey digərinə də yaxşı görünə bilməz. Biri bu prosesi yaxşı dəyərləndirirsə başqası pis dəyərləndirəcək. Bu anormal bir hal olardı. Sadəcə burada balansa, əksəriyyətə baxılır. Məncə bizim gənclər 15 il əvvələ nəzər salsalar nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı görə biləcəklər. Bu gün həmin gənclər kiminsə ardınca gedər, kiminsə sözünü danışır. Həmin sözün sahibləri olan insanlar gündəmdə qalmağı qarşılarına məqsəd qoyublar. Gənc isə beynəlxalq təşkilatlarda iştirak etməli, dövlətini tanıtdırmalıdır. Dağlıq Qarabağ probleminin dünyada, öz yaşıdları arasında tanıdılması üçün işlər görməlidirlər. Hər bir evin içində söz-söhbət olur. Ata da uşağına acıqlananda inciklik olur. Ancaq bundan istifadə edib, kənara çıxarmağın yeri yoxdur.

Səidə