“Bu o deməkdir ki, ermənilər Azərbaycan torpaqlarında rahat yaşayacaqlar”

bu-o-demekdir-ki-ermeniler-azerbaycan-torpaqlarinda-rahat-yasayacaqlar
Oxunma sayı: 653

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Qüdrət Həsənquliyev bildirib ki, rəhbərlik etdiyi partiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün aparılan danışıqlar istisna olunmaqla, işğalçı ölkənin dövlət və qeyri-dövlət qurumları ilə olan hər cür təmasının əleyhinədir: "BAXCP hər zaman Azərbaycanın rəsmi dairələrini təmsil edən şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatları təmsilçilərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin işğalçı ölkənin paytaxtına və təcavüzkar ölkənin ərazisindən keçməklə işğal altında olan Azərbaycan ərazilərinə səfər etmələrini qətiyyətlə pisləyib. Biz Azərbaycan torpaqları işğaldan azad edilməyənədək təcavüzkar tərəflə bu qəbildən olan təmasları rədd edirik. Hesab edirik ki, belə əlaqələr Azərbaycanın milli və dövlət maraqlarına xidmət etmir".

BAXCP sədrinin qənaətinə görə, işğala son qoyulmadan ayrı-ayrı sahələr və istiqamətlər üzrə Azərbaycanla əlaqələrin qurulması məhz Ermənistanın istəyindən və maraqlarından irəli gəlir: "Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın və təcavüzkarı himayə edən güclərin başlıca məqsədləri xalqımızı işğal faktı ilə barışdırmaqdan ibarətdir. Snayperlərin cəbhə xəttindən geri çəkilməsilə bağlı məsələ də Ermənistanın istəyidir. Ermənistan bu məsələni mütəmadi olaraq müxtəlif səviyyələrdə qaldırır. Çünki erməni gəncləri cəbhə xəttində xidmət keçmək istəmirlər. Snayperlərin geri çəkilməsi isə müharibə ehtimalının tamamilə heçə endirilməsidir. Bu isə o deməkdir ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını rahatlıqla əkib-becərəcək və heç bir təhlükə hiss etmədən öz doğma evlərində yaşayıblarmış kimi qəsb etdikləri torpaqlarda yaşayacaqlar".

BAXCP sədrinin sözlərinə görə, din xadimlərinin görüşündə imzalanmış bəyannaməyə snayperlərin geri çəkilməsilə bağlı müddəanın əvəzinə Azərbaycan torpaqlarının işğaldan azad olunmasının vacibliyini əks etdirən müddəa salınmalıydı: “Hesab edirəm ki, Azərbaycan Ermənistanla münasibətlərdə münaqişənin ilk dövrlərindəki siyasətinə qayıtmalıdır".