Bu ölkədə nazirlə müğənninin fərqi

bu-olkede-nazirle-mugenninin-ferqi-
Oxunma sayı: 657

Ay evitikilmiş, başına at təpib nədir, yayın bu cırhacırı hara, Şaxta Baba hara?! Məsələ bundadır ki, Şaxta Baba kimi mən də pay gətirmişəm. Sevindiniz, hə, amma tələsməyin bu saat payınızı verəcəm. İçi yer-yeməliylə dolu İki kisəm var – biri yazarlar, ikincisi oxucular üçün.

Həmişə oxucular yazarlara şərh yazır. Çünki yazarın yazısı elə özü bir şərhdir, əlbəttə, “şərh” sözünün geniş anlamında. Onun əlavə şərhinə lüzum yoxdur - çoxları belə düşünür. Mən bir neçə dəfə yazılarımın altındakı şərhlərə münasibət bildirdim, dostlarım başladı yer-yerdən qınağa ki, buna ehtiyac yoxdur... Guya ki, köşə yazarı böyük bir adammış və oxucu şərhlərinə münasibət bildirsə, xəncərinin qaşı düşəcəkmiş. Azdan-çoxdan tanınan qələm dostlarım isə oxunmaların və şərhlərin sayı, xüsusən də məzmunu ilə bağlı marağımı belə dəyərləndirdilər: neynirsən o şərhləri, sən bəyəm uşaqsan, mətbuata dünən gəlmisən? Sənin elə vaxtındır ki, gərək yazılarını şərhlərə ümumən qapadasan və s. və s.... Aman allah, Sabirabadda bir qarpız qalmadı, hamısını verdilər qoltuğuma!!! Bir sözlə, bir yığın kompleks!

Mən belə düşünmürəm, daha doğrusu, dostlarımdan fərqli olaraq, nə düşünürəmsə, onu da deyirəm. Oxunmaların sayı, şərhlərin kəmiyyət və keyfiyyəti mənim üçün maraqlıdır. Şərhlərə qapanmış yazı isə mənə pəncərəsiz evi xatırladır. Axı yazını özüm yox, oxucu üçün yazıram. Mən nə Misir kahini, nə Tibet Dalaylaması deyiləm ki, özümü gizlədəm və başıma yalançı bir müqəddəslik haləsi taxam. Bir də bu etirafda alçaldıcı nə var ki? Kim desə ki, oxucu sayı və rəyi onun üçün önəmsizdir, inanmayın. Bu, sadəcə bir stil, özünü durub-toxtamış, yetkin yazar kimi göstərmək üsuludur. Bizdə hamı özünü göstərir, özü də əksərən olmadığı kimi. Əksərinin ünisyyəti çöllədir, kənara hesablanıb, içə yox. Atam, anam, bacım, qardaşım, nəsənsə, osan da, kimi aldadırsan?

Hərdən Rusiyanın saytlarına baxıram, görürəm ki, müəllif oxucularla əməlli-başlı polemikaya girir, uzun-uzadı söhbətlər edir. Elə bil ki, Volqa göz işlədikcə uzanıb gedən yamyaşıl çöllərlə sakit-sakit axır və Lyudmila Zıkina əfsanəvi səsiylə oxuyur - “Teçyot Volqa...” Avropa adamı daxilən nə qədər azaddır, komplekssizdir, özüdür. Görəsən, bəs biz niyə beləyik? Bu qədər kompleksli, bu qədər özündənrazı. Özü də özündən razı olmağa haqqı çatan yox, çatmayanlar belə komplekslərə daha meyllidir. Bunu cavan qələm əhlində daha çox müşahidə etmək isə adamı lap... Hərəsi iki-üç çızmaqara eləyir, başlayırlar özlərini Pamuka, Selincerə, Markesə... oxşatmağa. “Heç görmüsən ki, Pamuk şərh yaza, mən də yazmıram, yox, Selincer intervyü verməzdi, mən də vermirəm, yox, Markes belə eləməzdi...” Ay balam, a qadanı alım sənin, O Pamukdur, öz bildiyi kimi eləyib, Pamuk olub, sən də öz bildiyin kimi eləyib Məmməd ol də! Ondan sənə nə?! Axı dünyada yazıçı davranışının vahid tipi yoxdur ki, sən özünü hansısa belə süni çərçivələrə salırsan! Bir də ki, yamsılamaqdır, qoy səni yamsılasınlar də, day sən niyə başqasını yamsılayırsan! Qürurun yoxdur bəyəm sənin?

Təqlidçisənsə, demək, öz sözün yoxdur, öz sözün yoxdursa, istedadın yoxdur, istedadın yoxdursa, ədəbiyyatda, yazı-pozuda nə işin var? Zəncirin uzunluğuna bax e! Dart ki dartasan! Nə isə... Bu zəncir çox uzanacaq... Yazarların payını verdik, indi də keçək möhtərəm oxucularımıza!

Söz sözü çəkib, deməyi tamam unutmuşam, axı əsas mövzumuz Qafqazinfonun, ümumən internet saytları oxucularının yazıya münasibətidir. Amma söhbət sadəcə saytlara gələn şərhlərdən yox, genəlliklə oxucu səviyyəsindən gedir. Bəzən yazı qalır bir tərəfdə, söhbət tamam başqa məcraya yönəlir, xüsusən də, dini, milli, regional məsələlərə, məsələn, sünni-şiə qarşıdurması, rusdilli-türkdilli, yaxud bakılı-qarabağlı mövzusuna. Hələ bu harasıdır, peşmandır ki, bir başıləçəklinin yazısı dərc olunsun, bütün başı papaqlılar elani-eşq çabasında bulunurlar: “Nə qəşəng qızsan, şəklini dəyiş, bu şəkildə emolara oxşayırsan və s.”

Ay atam, a qardaşım eşq elan etməyin də öz yeri var, məsələn, Milli Park, söhbət virtual məkandan gedirsə, facebook, odnoklassnik, cürbəcür saytlar, çatlar, nə bilim nələr... Sənin xalqın qızının qaşı-gözü, geyimi, şəkliylə nə işin var? İnternet sənə özünü gizlətmək imkanı verdiyi üçün bəyəm hər hoqqadan çıxmalısan? Tutaq ki, kim olduğunu heç kəs bilmədi, bəs sənin özünə hörmətin harda qaldı?!

Ən betəri isə odur ki, kimin kimdən xoşu gəlmirsə, “Dayan, indi gör sənin saytda payını necə verəcəm!”, - deyə ana-bacıya, ailə məsələlərinə qədər söyüş, təhqirlərə əl atır... Day, zavallı sayt əməkdaşları bu təhqirləri pozmaqdan zinhara gəliblər. Təsəvvür edirsinizmi, bu söyüş-təhqirlərin sayta çıxarılmasına imkan verilsəydi, nə qədər iyrənc, ürəkbulandıran bir mənzərə alınardı?!

Bir az da öz yazılarıma olan münasibətdən danışmaq istəyirəm. Götürürəm, son iki yazımı. “Manaf Ağayev Vüqar Hüseynovu niyə döymək istədi?” adlı sonuncudan əvvəlki yazıma görə məni nə qədər qınayanlar oldu: bu mövzu sənə yaraşmır, sən ciddi bir ədəbiyyat tənqidçisisən, nə yapışmısan bu bayağı toy müğənnisindən və s... Bunu şərhdə yazdılar, facebookda yazdılar, yolda-rizdə rastlaşanda dedilər. Amma biri də fərqinə varmadı ki, “bayağı toy müğənnisinin” adı keçən yazını dörd mindən çox adam oxuyub və yazıya 90-dan çox şərh yazılıb. Bilmədilər ki, bir həftə ərzində kiminlə rastlaşdımsa, mənə “toylar kralından” danışdı, ya təqdir, ya da tənqid etdi onu. Və mən bir müəllif olaraq başa düşdüm ki, yazım necə deyərlər rezonans doğurub.

Amma bunu başa düşə-düşə də dostlarımın rəyini nəzərə alıb sonuncu yazımı “ciddi” mövzuda yazdım – xalq və hakimiyyətin birliyi problemi. “İsmət Abbasovun taxıl biçməyi” adlı bu yazıda mifologiya, din, tarix, fəlsəfə, siyasət, ədəbiyyat, hətta həndəsə... bütün bildiklərimi bir yerə yığıb sübut etməyə çalışdım ki, birincisi, hakimiyyətin yaşarlığı xalqla birliyindədir, ikincisi, hazırkı iqtidarın xalqla münasibətlər çevrəsində qısa qapanma var, üçüncüsü, kənd təsərrüfatı nazirinin taxılbiçən maşının sükanı arxasına əyləşməsi kimi sadə xalqla birlik nümayişi ruslar demişkən “pokazuxa”dır.
Bəs, bu “ciddi” mövzunun oxucu münasibəti baxımından nəticəsi nə oldu: 1200 oxunuş, 10 şərh! Demək, oxucu Manafı İsmət Abbasovdan 4 dəfə çox oxuyur. Demək, xalq Manafı İsmət Abbasovdan 9 dəfə çox sevir. Özü də söhbət burda konkret olaraq İsmət və Manafdan yox, “ciddi” və “bayağı” mövzudan gedir. Və ümumi yekun: demək, Azərbaycan oxucusuna Manaf Ağayev, yəni bayağı mövzular lazımdır!

Hə, əziz oxucular, bilirəm, payınız bir az oldu. Amma Şaxta babadan inciməyin, allah qoysa, qoy qış düşsün, görün sizə nə sovqatlar gətirəcəyəm...