“Bu ölkəni kriminal xarakterli hakimiyyət idarə edir”

bu-olkeni-kriminal-xarakterli-hakimiyyet-idare-edir
Oxunma sayı: 783

Dünya azərbaycanlılarının III qurultayında iştirak edən ölkə başçısı İlham Əliyev Azərbaycanın demokratik əsaslarla idarə edildiyini, söz və mətbuatın azad olduğunu, siyasi sistemin təkmilləşdiyini bildirib. “Qafqazinfo”nun məlumatına görə, ölkə başçısı vurğulayıb ki, Azərbaycan indiyədək nə xarici, nə də daxili siyasətdə səhvlərə yol verib. Əliyev Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını deyib.

AXCP sədri Əli Kərimli prezidentin bu açıqlamalarının Azərbaycan reallığını əks etdirmədiyini bildirir: “Azərbaycanda demokratiyanın hansı durumda olduğunu 2010-cu ilin parlament seçkiləri ən bariz şəkildə nümayiş etdirdi. Bu dəfə əvvəlki seçkilərdən daha böyük saxtakarlıqlar oldu. İlk dəfə Azərbaycanda müxalifətsiz parlament formalaşdırıldı. Sərbəst toplaşmaq azadlığı altı ildir qeyri-rəsmi qadağan olunub. Bütün dünya Azərbaycan hökumətindən bu azadlığın təminatını tələb edir. Məhz bu il sərbəst toplaşmaq azadlığının təmini üçün keçirilən tədbirlərdə 17 müxalifət funksioneri həbs edilib. Ölkədə söz və mətbuat azadlığının hansı səviyyədə məhdudlaşdırıldığını tək Azərbaycan vətəndaşları yox, bütün dünya bilir. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsinin, Sərhədsiz Reportyorlar Təşkilatı kimi qurumların bəyanatlarından bütün dünya xəbər tutub ki, Azərbaycanda media azadlığı yoxdur, ölkədə bütün televiziyalar İlham Əliyev hökumətindən tam asılıdır. Müstəqil medianın imkanları həddən artıq məhdudlaşdırılıb. Onlara qarşı təzyiqlər, ayrı-seçkilik siyasəti davam edir. Ölkə müxalifətinə olan repressiv münasibət, müstəqil məhkəmə hakimiyyətinin olmaması, hüquq və azadlıqlara etinasız münasibət İlham Əliyevin demokratiya, söz və mətbuat azadlığı ilə bağlı dediklərini təkzib edir”.

Azərbaycanın indiyədək nə xarici, nə daxili siyasətdə səhvlərə yol verməsi və etibarlı tərəfdaş kimi tanınmasına gəlincə, Ə. Kərimli bildirir ki, bu cür bəyanatları ancaq avtoritar liderlər verə bilər: “Daxili və xarici siyasətində heç bir səhvə yol verməyən dövlət olmur. Azərbaycana gəlincə, bu ölkəni, avtoritar, korrupsioner, kriminal xarakterli hakimiyyət idarə edir. Dünyanın bütün nüfuzlu KIV-ləri və təşkilatları Azərbaycan hakimiyyətinə məhz belə qiymət verir. Xarici siyasətə gəldikdə, əvvəla Azərbaycanın xarici siyasətinin uğuru Qarabağ münaqişəsinin nizama salınması ilə ölçülməli idi. Bu sahədə bir uğurlu addım da atılmayıb. Gün-gündən Azərbaycanın diplomatik sahədə mövqeləri daha da pisləşib. Son illərdə Azərbaycanın qeyri-neft sektoruna demək olar ki, sərmayə gəlmir. Bu da həmin xarici siyasətdəki uğursuzluğun nəticəsidir.

Nəhayət, Qərb dünyası ilə ölkənin münasibətlərinin qeyri-səmimi olduğu ən yüksək səviyyədə etiraf olunur. Bu yaxınlarda Avropa Parlamenti Azərbaycanla bağlı tənqidi qətnamə qəbul etdi. Biz onu da xatırlayırıq ki, ötən il ABŞ prezidenti Barak Obama öz məktubunda Azərbaycan-Amerika münasibətlərində problemlərin olduğunu açıq etiraf etmişdi. Bu da diplomatiyada hər gün rast gəlinən hal deyil.

“WikiLeaks” göstərdi ki, Azərbaycan hökuməti heç yaxın qonşularıyla da səmimi deyil
Hamımız bilirik ki, Azərbaycanın indiki hökumətinin Qərb dünyası ilə münasibətləri qeyri-səmimidir. Çünki Azərbaycan hökuməti demokratiyadan çəkinir, daxili islahatlara getmir, avtoritar mahiyyətini qoruyub saxlayır. Bu gün Avropa Birliyi və ABŞ-la münasibətlərdə gərginliyin olması məhz onların Azərbaycan hökumətindən islahatlar tələb etməsi ilə bağlıdır. “WikiLeaks”in açıqlamalarından da görünür ki, Azərbaycan hökumətinin heç yaxın qonşuları ilə də münasibətləri səmimi deyil. Ona görə də xarici siyasətdə hər hansı uğurdan danışmaq tamamilə yersizdir. Azərbaycan müttəfiqsiz bir duruma düşüb. Heç bir ölkə ilə ciddi müttəfiqlik münasibətlərində deyil. Bir sözlə, Azərbaycan hökumətinin daxili və xarici siyasəti iflasa uğrayıb”.