“Bu qadın başdan-ayağa duyğu vulkanıdır” - Fotosessiya

bu-qadin-basdan-ayaga-duygu-vulkanidir-fotosessiya
Oxunma sayı: 670

Ötən gün “Hezz” klubunda möhtəşəm gecə düzənləyən Xumar Qədimova sözün həqiqi mənasında hər kəsi heyrətləndirdi. O, yaradıcılığı boyu ilk dəfə təqdimat mərasimi keçirdi. Bir tədbiri ilə də sənət meydanının “daşlarını silkələdi”. Şounun tüğyan etdiyi, böyük sərmayəli layihələrin gündəmdən düşmədiyi bir dönəmdə diqqətləri sözün, musiqinin, sənətin məbədinə yönəltdi. Xumar Qədimova bir kompozisiyası ilə bəlkə də bir çoxlarının neçə illər əldə edə bilmədiyi uğura imza atdı. Bəli, müəllif musiqiləri ilə sevilən müğənni “Sevgi harayı” kompozisiyasını təqdim etdi. Sözləri Cəlal Qurbanova aid əsərdə Xumar Qədimova ilə yanaşı böyük aktyorumuz, xalq artisti Rasim Balayev və istedadlı vokalçı Samir Cəfərov yer almışdı. Bu kompozisiya haqda danışmaq mütəxəssislərin payına düşər.
Gecə kompozisiyanın muzikl şəklində təqdimatı ilə başlandı. Bu gözəl səhnəyə tamaşa edənlər arasında millət vəkili Fəttah Heydərov, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektor müavini Rafiq Sadıqov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Güləş Federasiyasının vitse prezidenti Cavanşir Qurbanov, MOK-un vitse prezidenti Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov, Türk PA-nın baş katibi Ramil Həsənov, Azər Şirinov, Əkrəm Abdullayev, Zeynal Məmmədlı, Rəşad Məcid, İradə Tuncay, Firəngiz Mütəllimova, Gövhər Həsənzadə, Xanım İsmayılqızı və bir sıra ziyalılar, KİV nümayəndələri, tanınmış televiziya və radio nümayəndələri vardı.

Təqdimatı ilə Xumar Qədimova sanki gizlətdiyi xəzinəsinin bir parçasını üzə çıxartdı. Heç bir tədbirdə rast gəlinməyən qonaqların Xumar Qədimova sənətinin vurğunu olmaları, onların heyranlıq dolu çıxışları bir-birini əvəz etdi. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektor müavini Rafiq Sadıqov “Sevgi harayı”nı musiqimizdə yeni janr kimi səciyyələndirdi. Zeynal Məmmədlinin fikirləri isə belə oldu: “Ümumiyyətlə mən bu gün çox xoş bir gecə yaşadım. Muzikl çox xoşuma gəldi. Möhtəşəm bir ifanın şahidi oldum. Azərbaycanda musiqisini özü yazan, özü ifa edən və o ifada yaşayan, insanları təsirləndirə bilən yeganə varsa, o da Xumar Qədimovadır. Bu qadın başdan-ayağa duyğu vulkanıdır”.

Səbəbkarı neçə illərdir dinlədiyini deyən Rəşad Məcid “Xumar xanım, elə ifanızda dediyiniz kimi, sizə bir daha cani könüldən aşiq olduq” deyərək müğənninin sənəti barədə dəyərli fikirlərini paylaşdı.

“İradə Tuncayın sevgisini qazanmaq hər adamın işi deyil” deyən İradə Tuncay səbəbkarı şablon ifadələrdən uzaq səmimi, sevgi dolu sözləri ilə təbrik etdi. Demək olar ki, bütün qonaqlar Xumar Qədimovanı orijinal çıxışlarıyla təbrik etdilər.

Hamının heyrətlənməsi ilə başlayan gecə elə həmin möhtəşəm kompozisiya ilə də başa çatdı. Bu gecədən narazı qalan yeganə insan vardısa, o da elə Xumar Qədimova oldu. Bu böyük enerjinin, duyguların içərisində xırda-para da olsa qüsur tapdığı simasından bəlli idi. Bununla da bir daha nə qədər peşəkar və iddialı olduğu özünü büruzə verdi.

Media ilə çox səmimi və isti ortam yaradan müğənni bundan sonra bizlərlə tez-tez görüşmək arzusunda olduğunu da söylədi.

Xumar Qədimovanın bu tədbiri özündə çox dəyərləri ehtiva edirdi. Burada çox ünvanlar üçün ciddi mesajlar vardı. Təbii ki, mesajın ən gözəli və dəyərlisi elə sənət ilə deyiləndir.