“Bu qətlin açılacağına tam əmin deyilik”- Müsahibə

bu-qetlin-acilacagina-tam-emin-deyilik-musahibe
Oxunma sayı: 642


- Rafiq Tağının qətli ilə bağlı istintaqın gedişində yeni bir xəbər varmı? Istintaqın ailə üzvləri ilə təması olurmu?

- Istintaq gedir. Hələ ki, bizə heç bir məlumat vermirlər. Biz də bunu normal qəbul edirik ki, istintaq sirridir. Amma iş gedir. Dünən məni, bu gün də qardaşımı Baş Prorkurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə çağırmışdılar. Bütün mümkün variantları araşdırırlar. Hər halda, bizdə belə təəssürat yaranır ki, çalışırlar. Görək, nə olacaq?


- Bilirsiniz ki, qətli rəsmi istintaqla yanaşı, müstəqil jurnalistlərdən ibarət Təhqiqat Qrupu da araşdırır. Həmin qrupun üzvləri qətllə bağlı maraqlı ipucları da tapıblar. Xəbəriniz var yəqin?

- Xəbərimiz var, mətbuatdan izləyirik. Təbii ki, çox razıyıq, əziyyət çəkirlər, araşdırırlar. Amma onların əldə etdiyi məlumatlar, ipucları nə dərəcədə realdır, bunu deyə bilmərik. Gedib Nardaranda görüşlər keçiriblər, araşdırmalar aparırlar. Sizin kimi, biz də mətbuatdan izləyirik. Əlavə heç bir məlumatımız yoxdur.


- Rafiq bəyin ailəsi xarici ölkələrin birindən sığınacaq almaq istəyir. Bununla bağlı konkret müraciətiniz olubmu?

- Hələ ki, rəsmi müraciətimiz olmayıb. Bu barədə müzakirə aparırıq. Fikrimiz var ki, Rafiqin ailəsinin təhlükəsizliyi üçün sığınacaq istəyək. Hələ ekspertizanın nəticəsini gözləyirik. Həm də baxaq görək istintaqın yekunu necə olacaq? Amma ola bilər ki, paralel olaraq da sığınacaq üçün müraciət etdik.


- Rafiq Tağının qardaşları, bacıları da ölkədən getmək istəyir, yoxsa ancaq həyat yoldaşı və uşaqları?

- Konkret mənim heç bir yerə getmək fikrim yoxdur. Amma Rafiq uşaqlarını yerbəyer etmək üçün ola bilsin, birimiz onlarla getdik. Çünki dil bilmirlər, uşaqlar da elə böyük deyil. Kömək üçün ailədən kimsə onlara qoşula bilər. Rafiqin övladları Azərbaycandan getmək istəmirlər. Amma təhlükəyə görə, getməlidilər. Alınsa, getmələri məsləhətdir.


- Sığınacaq üçün hansı ölkəyə müraciət edəcəksiniz?

- Yəqin ki, Avropa ölkələrindən birinə.


- Rafiq Tağının qətli ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Siz bu versiyalardan hansını real sayırsınız?

- Mən daha çox Iran versiyasını real sayıram. Sifariş 90 faiz o tərəfdən gəlib. Başqa nə ola bilər ki? Rafiq Tağının şəxsi zəmində heç kimlə problemi olmayıb. Ancaq yazıları ilə bağlıdır. Başqa versiyalara inanmıram.


- Hazırda Rafiq bəyin ailəsi ilə bağlı təhlükəsizlik tədbirləri görülürmü?

- Evin ətrafında mühafizə var.


- Hücumdan əvvəl Rafiq Tağıya hansısa hədələr, anonim zənglər olmuşdumu?

- Hadisədən 3-4 gün əvvəl Rafiqdə narahatçılıq olub. Amma bu barədə heç kimə heç nə deməyib. Sadəcə, evdə hiss ediblər ki, nəsə narahatdır. Yəqin, özü nəsə hiss edirmiş, amma bildirməyib.


- Necə hesab edirsiniz, qətlin üstü açılacaq?

- Inamım hardasa, 50 faizdir. Tam əmin deyiləm. Baxır, sifariş hansı tərəfdən gəlib, bu qətl kimin marağında olub. Bunu da hələ ki, bilmirik.

azadlıq.info