“Bu siyahının başında ABŞ prezidenti dayanır” - Müsahibə

bu-siyahinin-basinda-abs-prezidenti-dayanir-musahibe-
Oxunma sayı: 666


"Əl Cəzirə" telekanalının icraçı direktoru Vəddah Xənfərlə (Vaddax Xanfar) Sergey Strokanın "Soverşenno sekretno" qəzeti üçün 2008 ildə aldığı eksklüziv müsahibəni telejurnalistika, ümumiyyətlə jurnalistika ilə məşğul olan hər kəs oxusa məsləhətdir. “Qafqazinfo” bu gün də aktuallığını saxlayan həmin materialı təqdim edir.

"ALJAZEERA" qəbul olunan tabulardan imtina etmək, qadağan olunan mövzuları işıqlandırmaqla kiv-də inqilab etdi. Dünyanın bir nömrəli terrorçusu Üsəma ben Ladenin müraciətini yayımlamaqla şöhrət qazandı. Qarşısına gizlində olanı aşkar etmək məqsədi qoyan "ALJAZEERA" bu gün dünya jurnalistikasında dəbi və qanunvericiliyi müəyyənləşdirən telekanaldır.


- Telekanalınızın mövqeli yüksəlişi ətrafında gedən söz-söhbətlər susmaq bilmir. Deyirlər, guya sizə bu və ya digər simalarla əlaqə yaratmağa kömək edən- başqa telekanalların yaxına buraxmadığı "Əl-Qaidə"nin iyrənc siyasətlə məşğul olan siyasətçiləridir.
- Əslində "Əl Cəzirə" bizə peşəkarcasına fəaliyyət göstərməyə imkan yaratmaqla jurnalistika prinsiplərinə sədaqətini nümayiş etdirdi. Və bu heç bir xəbərdarlıq, şərtləşmə, investor təzyiqi, bu və ya digər siyasi cərəyanla sövdələşmə-filan olmadan baş verdi. Ərəb dünyasında ilk dəfə yalnız biz özümüzü azad söz deyə biləcək şəraitdə hiss etdik. Uğurumuzun tərkib hissəsi də televiziya azadlığıdır. İkinci bir məsələ ondan ibarətdir ki, bizim redaksiya siyasətimiz "nyusmeykerlərlə" deyil, qərar və hökm verən simalarla-siyasət, biznes ulduzları, avtoritetlər, mass-media və s. bir də adi adamlarla iş birliyi qurmaq və hadisələri, xəbəri məhz onların dediyi kimi onların dilindən verməkdir.

- Sizinçün heç bir tabu olmadığını düzgünmü anladım?
- Özünüz mühakimə edin. İlk dəfə efirdə "Əl-Qaidə" təşkilatının (qruplaşmasının) müraciətlərini biz verdik. İraq lideri Səddam Hüseynin həbsdə olarkən yazılarını yayımladıq. Məsələ ondadır ki, biz hər hansısa bir materialı ona görə efirə veririk ki, o, xəbərdir. Məsələn, bizə 11 sentyabrda ABŞ dakı terakt haqda 20 dəqiqəlik material gəlsə ondan yalnız 2 dəqiqəlik həqiqi xəbər çıxarıb efirə verəcəyik.
Jurnalistikanın universal qanunu mövcuddur-əgər həqiqi xəbər varsa onu gizləmək auditoriyaya xəyanət etməkdir. Üsəma ben Laden region və dünya hadisələrinin bir hissəsidir. Biz onu işıqlandırmaqla birbaşa görəvimizlə məşğul oluruq. Əlbəttə, bizim də ölçü vahidimiz var. Tabu dediyiniz bizimçün xəbər ötürərkən ifrata yol verməmək, izləyiciyə zərər yetirmədən onu gerçəklikdən yayındırmamaq, onda yalnış təsəvvür yaratmamaqdır.

- Doğrudanmı, sizdə müqəddəslik simvolu yoxdur?
- Auditoriyanı aldatmağa qoymayan peşəkarlıq. Razılaşın ki, televiziya bu gün gerçəkliklə yanaşı, "ikinci reallıq" da yaradır. Gerçəkliyə cavab verməyən ikinci reallıq. Buna görə kim məsuliyyət daşımalıdır? Kiv rəhbərləri, jurnalistlər, redaktorlar, kim?
Yəqin ki, hamısı. Təəssüf ki, dünyanın bir çox KİV-i özünü cəmiyyətin bir parçası yox, elita hesab edir. Onlar yalnız mərkəzi hadisələri işıqlandıraraq ətrafda baş verənləri unudurlar. Nəticədə yüksək kürsülərdə əyləşən məmurlar aparıcı simalara çevrilir. Xəbərlər onların üzərində qurulur deyə mahiyyət gizli qalır.
Yenə də, azad jurnalistikaya kim təhdid edir, güc strukturları, lazımi informasiyanı yerləşdirmək istəyən pul kisələri, jurnalistlərə təcavüz edən terrorçular?
Dünyada bir çox siyasi və iqtisadi faktorlar var ki, jurnalistlərə mane olur. Onların azadlığına qənim kəsilir. Bu fenomen yalnız üçüncü ölkələrə deyil Avropaya, qərbə, ABŞ-a da aiddir. Əgər predmetlərə ayırsaq ilk növbədə jurnalistin özünə əminliyi olmalıdır. Daxili inamsızlığı, cəsarətsizliyi, fikirlərini aydın və qəti ifadə etməyə hazır olmaması nəticədə onu mərkəzi qüvvələrin agentinə çevirə bilər. İkinci məsələ hakimiyyətin müdaxiləsi və mətbuatın fəaliyyətinə məhdudiyyət qoymağa səy göstərməsidir. Mən siyasətçilər və məmurlarla görüşlərdə həmişə söyləyirəm. Əgər siyasətçi, siyasi xadim jurnalistin onun haqda hazırladığı materialı bəyənirsə, deməli, auditoriya əslində heç nəyi bilmir. Əminəm ki, əgər hər hansısa bir jurnalist hazırladığı materialda, fəaliyyətində dövlətin bu haqda nə düşündüyünü nəzərə alırsa, deməli, o, vəzifəsini düzgün yerinə yetirmir. İşində səmimi deyil. Bizim işimizi nəzarət altında saxlayanların böyük bir siyahısı var. Bu siyahinin başında amerika prezidenti dayanır.

- Siz daha çox jurnalistikanın təqib olunmasından danışırsız. Bəs müstəqil KİV-də baş alıb gedən korrupsiya, bu faktın təsiri yoxdu?
- Bu, jurnalistikanın çökməsinin əsas səbəbidir. Jurnalist korrupsiyaya yuvarlanırsa həqiqət əzab çəkir. Bu, jurnalistin törədə biləcəyi ən dəhşətli cinayətdir. Əgər jurnalist özünü müstəqil, cəsarətli, daxilən azad hiss etmirsə qoy gedib başqa işlə məşqul olsun.

- Və siz doğrudan da öz telekanalınızda korrupsiyadan qaça bilmisiz?
- Bu məsələdə bizim qaydalar amansızdı. Biz dövlətlə jurnalistlərimiz arasında qurulan münasibətlərin gedişatını izləyirik. Hiss edəndə ki, hakimiyyət redaksiya siyasətimizə qarışır, qarşısını qətiyyətlə alırıq. Münasibətlər rəsmi müstəvidə qurulursa bunun işıqlandırılması birbaşa bizim peşəkar borcumuzdur. Hiss edəndə ki, hakimiyyət şəxsi mənafeyi və təbliğatı üçün bizdən istifadə etməyə çalışır, imtina edirik. Mənim icraçı direktor kimi vəzifəm hakimiyyət və siyasi partiyalarla televiziya arasında müəyyən distansiya saxlamaqdı.

- Bu gün jurnalistin işi nə dərəcədə təhlükəlidi?
- Məncə, jurnalist ən təhlükəli peşədir. Jurnalistin yeganə silahı sözdür. Hakimiyyətin isə həbsxanaları, təhlükəsizlik xidməti, ordusu var. Odu ki, mətbuat və hakimiyyət arasındakı konfliktdə hər iki tərəfin səviyyə çəkisi fərqlidi. Bu, güclü dünya ilə intellektual dünyanın konfliktidi. Son illər xüsusi ilə də qaynar nöqtələrdə, müharibə zonalarında öldürülən, həbs edilən, təcavüzə uğrayan jurnalistlərin sayı inanılmaz dərəcədə çoxdu. Hesab edirəm ki, biz jurnalistlər milliyyətimizdən, vətəndaşlığımızdan, təcrübəmizdən, asılı olmayaraq şəxsi karyeramız, peşəmiz və haqqımız uğrunda birləşməliyik. Müasir dünyada öz rolumuzu bərpa etməliyik. Bu isə heç bir siyasətçi, biznesmen tərəfə boylanmadan olmalıdı. Anlamaq gərəkdi ki, bizim yeganə hakimimiz-auditoriyamızdı.

- Əvvəllər bir çox başqa məşhur televiziyalarda- CNN, BBC və s. çalışan işçiləriniz az deyil. Səbəb nədi ki, onlar sizin telekanala gəlirlər-yaradıcılıqda yeni imkanların açılması, böyük pullar, keçmiş iş yerindən narazılıq?
- Birincisi, "Əl-Cəzirə" azadlıq verir. Başqa telekanallardan fərqli olaraq biz "bir rəy və başqa bir rəy" prinsipinə hörmət edirik. Biz, məsələn, cənub bölgələrindəki vəziyyəti oradakı insanların gözü ilə canlandırırıq. Cənub deyəndə coğrafi yox, geosiyasi cənub nəzərdə tutulur. Əvvəllər cənubun səsi eşidilmirdi. Biz isə ona danışmaq hüququ qazandırdıq. Bir sözlə, biz digər dünya KİV-lərinin danışmaqdan məhrum etdiyi kəslərə tribuna verdik.
Rusiya prezidenti Dmitriy Medvedyev bir fikir söylədi: “Demokratik ölkə ancaq azad informasiya axınında fəaliyyət göstərə bilər.” Dünya KİV-lərində onun digər deyimi "Azadlıq qeyri-azadlıqdan yaxşıdır"- böyük yer alıb.
Mən bu bəyanatları iki səbəbdən dəstəkləyirəm. Birincisi əgər azad mətbuat yoxdusa reallıq onu eybəcərləşdirən şaiyələr eynəyi arxasından təhrif olunmuş şəkildə görünür. Nəticədə jurnalistika şaiyələr kommunikasiyasına çevrilir. İkincisi hakimiyyət daxilindəki gizli sazişlərdi ki, bunu da dağıtmaq üçün mütləq azad mətbuat olmalıdı. Bu mənada azad mətbuat təkcə cəmiyyətə deyil, hakimiyyətə də lazımdı.

- İşinizdən məsələyə yanaşmanızın vizit kartı ola biləcək bəzi açıq-aydın misallar gətirə bilərsizmi?
- Əlbəttə. 2004-cü ildə İraqda "Əl-Cəzirə" ilk olaraq "Əl-Fəluc" döyüşlərini işıqlandırmışdı. Biz şəhərin içindən reportajlar verən yeganə telekampaniya idik. Amerikalıların tələblərindən biri bizim şəhəri tərk etməmiz idi. Ancaq biz şəhəri tərk etmədik, birbaşa yayımla hadisə yerində həlak olan əhalini göstərdik. Digər telekanalların reportyorları bu məlumatları əldə edə bilmirdilər. Çünki onlar Amerika qoşunlarına təhkim olunmuşdular və məhdud məlumatla kifayətlənməyə məcbur idilər. Həmçinin biz, Nigeriyadakı aclığın miqyasını və insan iztirablarını göstərən ilk stansiya olmuşuq.

-Əgər media bazarına xarici investorlar daxil olursa burda onların öz mövqelərini sırımaq təhlükəsi yaranmırmı?
- Hesab edirəm ki, müasir dünyada hansısa bir media kampaniya və ya korporasiya qarşısında baryer qoymaq mənasızdı. Bir çox kampaniyalar artıq transmilliləşib. İnternet mövcuddu. Baryer qurmağın belə bir dövrdə prinsipial əhəmiyyəti yoxdur. Əsas prinsip odu ki, auditoriyanın haqqı tapdanmasın.