“Bu təşkilat Putinin göstərişi ilə yaranıb” - Analiz

bu-teskilat-putinin-gosterisi-ile-yaranib-analiz
Oxunma sayı: 640



- Rauf bəy, ÜmumRusiya Azərbaycanlıları Konqresinin parçalanması nəticəsində oliqarxların yaratdıqları yeni Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqına (RATİ) rəsmi Bakının münasibətini və bu istiqamətdəki şərhləri yəqin ki, izləyirsiniz. Əksəriyyət yeni ittifaqın Kremlin dəstəyiylə yarandığını iddia etsə də, Abbasa Abbasov, Araz Ağalarov, Söyün Sadıqov bu barədə olan fikirləri rədd edirlər. Siz bu barədə nə deyə bilərsiniz?
- Baş verənləri dəyərləndirərkən üç əsas cəhət nəzərə alınmalıdır: birincisi yeni ittifaqın təsisçilərinin kimliyi, bu insanların əksəriyyəti Rusiyada yaşayır və bizneslə məşğul olurlar. Rusiyada isə bizneslə məşğul olmağın nə demək olduğunu Siz də, mən də çox yaxşı bilirik. Bütövlükdə böyük bizneslə məşğul olmaq hakimiyyətlə bağlılıq deməkdir. İkincisi rəsmi Bakının iki hadisəyə ilk nəzərdən qeyri-adekvat reaksiyası, əgər diqqət yetirdinizsə, Diaspora ilə İş Komitəsi ittifaqın yaranmasına qeyri-adekvat reaksiya verdi. Faktiki olaraq, rəsmi Bakının mövqeyini bildirdi ki, hakimiyyət təşkilatın yaradılmasından narazıdır. Əslində, komitənin bəyanatında nədən narazılığın olması aydınlaşmadı. Amma ilk nəzərdən çox pozitiv hadisə baş verir, həddindən artıq varlı insanlar diasporanın işinə fəal qoşulmağa hazır olduqlarını bildirirlər. Bu, diasporanın imkanlarını ilk baxışdan həddən artıq genişləndirir. Bir daha deyirəm, Rusiyada böyük biznes hakimiyyət ilişgiləri deməkdir, yalnız böyük pullar deyil, hakimiyyət dairələrində əlaqələr deməkdir. Belə olanda hakimiyyət niyə buna qarşı çıxmalıdır? Sonradan Ermənistan və Azərbaycan diasporasının bir hissəsinin görüşü oldu, Söyün Sadıqovun rəhbərlik etdiyi təşkilatla…

- Ancaq Azərbaycan baş nazirinin sabiq birinci müavini, yeni birliyin təsisçilərindən Abbas Abbasov həmin görüşün ona aidiyyatı olmadığını söylədi...
- Bəli, o, belə dedi, amma gəlin onun məsələsini bir qədər kənara qoyaq. Çünki bu, daha çox fərdi məsələdir. Qayıdıram ilk sualınıza, həmin görüşə də rəsmi Bakı sərt və qeyri-adekvat reaksiya sərgilədi. Ona görə qeyri-adekvat ki, rəsmi Bakı son dövrlərdə ictimai təşkilatlar səviyyəsində görüşlərin ümumiyyətlə əleyhinə çıxmırdı, hətta təqdir edirdi. Nəzərə alın ki, Rusiya iki ölkə arasında müharibənin başlayacağı təqdirdə, münaqişənin onun ərazisinə keçməsində maraqlı deyil, bu mənada iki xalqın diasporasının diskussiyalarında maraqlıdır. Görünür, hər iki hadisəyə ümumi kontekstdə baxmaq lazımdır. Hiss olunur ki, Azərbaycan hakimiyyəti məlum ittifaqın təsis olunmasını və erməni-azərbaycanlı diasporalarının görüşünün keçirilməsini ümumi bir həlqənin tərkib hissəsi kimi baxır. Üçüncü amil, Vahid Ələkbərovu şəxsən tanıdığımdan deyə bilərəm ki, onu siyasətlə məşğul olacaq ittifaqa üzv olmağa məcbur etmək çox böyük problemdir. Hətta Qarabağ münaqişəsinin ən ağır dövrlərində Vahid Ələkbərov siyasətdən kənarda qalırdı, bu mənada onun yeni ittifaqda iştirakı çox təəccüblü fenomendir. “Lukoyl” isə Rusiyanın neft biznesində çox güclü mövqeləri olan şirkətdir. Eyni zamanda, şirkət Rusiyanın neft biznesinin xarici əlaqələrində önəmli mövqeləri olan şirkət hesab olunur. Belə bir şəxsin və o cümlədən, digərlərinin yeni ittifaqda iştirakı yalnız bir halda mümkündür ki, bu, Kremlin birbaşa göstərişi ilə olsun.

- Bilirsiniz ki, RATİ-də hakim ailə ilə qohum olan Araz Ağalarov da üzvdür və o, qurumun Azərbaycan hakimiyyətinə əleyhinə olmadığını bildirib. Əgər Kremlin dəstəyi olubsa, RATİ kimin əleyhinə və kimin lehinədir?
- Belə olanda biz növbəti suala cavab verməliyik, mən dedim ki, RATİ Kremlin birbaşa göstərişi ilə təsis olunub.

- Bəs məqsəd nədən ibarətdir?
- Bu suala cavab vermək üçün Kremllə rəsmi Bakı arasındakı münasibətləri bilmək lazımdır, əsasən də Əliyevlə Putin arasındakı münasibətlərə baxmalıyıq. Bilirsiniz ki, Azərbaycan MDB üzvü olaraq Rusiya ilə bir ittifaqa daxildir. Təsəvvür edin ki, Medvedev prezident postuna gələndən sonra, 2008-ci ildən bəri Putinlə Əliyev arasında bir dəfə də olsun görüş olmayıb. Hətta Londonda Olimpiya oyunlarında Azərbaycan və Rusiya milli komandaları pis çıxış etdiklərindən hər iki ölkənin prezidentləri Böyük Britaniyaya getdilər. Buna baxmayaraq MDB-ni təmsil edən iki prezidentin eyni vaxtda Londonda olub qeyri-rəsmi görüş keçirməməsi özü-özlüyündə təəccüblüdür. Putin Kremlə qayıdışından sonra yarım il keçib, amma iki prezidentin yalnız protokol qaydası əsasında telefon danışıqları ilə kifayətlənməsi faktı var, bu daha çox ad günləri ilə bağlıdır. Mən səbəblərə toxunmuram, çünki bu, söhbəti uzadacaq. Ən azından qeyd etdiyim fakt iki prezident arasında münasibətlərin kifayət qədər soyuq olduğunu göstərir.

- Ancaq Sizdən politoloq Zərdüşt Əlizadə əks fikir söyləyərək bildirir ki, Prezidentlərin münasibətləri çox yaxşıdır və Kremlin Azərbaycanda hakimiyyət dəyişmək istəyi yoxdur, çünki Bakı Moskvanın əksər istəklərini yerinə yetirir...
- Mən Zərdüşt Əlizadənin dediklərini şərh etmək fikrində deyiləm, onun öz baxışı ola bilər. Ən azından mənim sadaladığım faktlar öz--özlüyündə çox şey deyir. Yaxşı münasibətləri olan və bir qurumun üzvü olan iki dövlət başçısı 6 aylıq bir dövrdə vaxt və məkan tapıb görüşə bilərdilər. Başqa məqamlar da var, məsələn, Suriya probleminə rəsmi Bakının münasibəti məlumdur, heç kimə sirr deyil ki, Suriya problemini İrana münasibət yaradıb. Və Tehranla Bakının münasibətlərinin kəskinləşməsinin Rusiya-Azərbaycan münasibətlərinə təsiri var. Bundan əlavə, enerji daşıyıcılarının dünya bazarına çıxarılması bu münasibətlərin soyuqlaşmasında rol oynayır, bu məsələdə Azərbaycan və Rusiyanın mövqeyi daban-dabana ziddir. Ən azından Qəbələ RLS problemi qalır, icarə müqaviləsinin bitməsinə 2 ay qalmasına baxmayaraq hələ də prosesin necə tənzimlənəcəyi məlum deyil. Yəni tərəflər danışıqlarda pozitiv nəticələrə gəlməyə yaxın olduqlarına hətta işarə də etməyiblər. Mən faktları sadalayıram, rəsmi Bakının müharibə edir, etmir, bu artıq tamamilə başqa söhbətin mövzusudur. Sözsüz ki, bu, Azərbaycan-Rusiya münasibətlərinə daxil olan bir məsələdir. Amma demək ki, Azərbaycan müharibə etmir və bu, Rusiyanın maraqlarına cavab verir, yaxud müharibəyə getsək, bu Moskvanın mənafelərinə cavab veriləcək halda olacaq, bu, çox mübahisəli məsələdir. Moskvanın nə zaman müharibənin başlanmasını istəyib-istəməyəcəyi də mübahisəli məsələdir. Əgər söhbət Qarabağdan gedirsə, Siz Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Abdullayevin son bəyanatına diqqət yetirməliyik. O, ötən əsrin 90-cı illərinin əvvəllərində italiyalı diplomat Mario Rafeollonun vaxtında masanın üzərindəki planı yada salır. Həmin plan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında hazırlanmışdı, söhbət mərhələli həll planından gedirdi. Bu planda Rusiyanın marağına daxil olmayan sülhməramlı qüvvələrin regionda yerləşdirilməsi nəzərdə tutulmuşdu. Beləliklə, rəsmi Bakının birdən-birə Madrid Prinsiplərini kənara qoyub 90-cı illərin əvvəllərindəki planı xatırlaması düşünmürəm ki, Kremlin maraqları çərçivəsində olsun. Ümumi fikir odur ki, Moskva status-kvonu saxlamaq istəyir, çünki bununla hər iki ölkəyə təsir imkanları olur. Amma rəsmi Bakı bütün beynəlxalq və yerli tədbirlərdə mövcud status-kvonu dəyişməsinin vacibliyini israrla bildirir.

- Son günlər mediada Elşad Abdullayevin sabiq baş prokuror Eldar Həsənovun sifarişi ilə danışdığını və Abbas Abbasovun da ikinci ilə əlaqələrindən bəhs edən məqalə dərc olundu. Beləliklə, yeni ittifaqı Azərbaycan siyasətində yeni bir mərhələ kimi təqdim etmişdilər...
- Mən birmənalı qiymətin verilməsinin tərəfdarı deyiləm. Əvvəla, düşünmürəm ki, Vahid Ələkbərov Eldar Həsənovun diktəsi altında olan adamlardandır, yaxud cənab Ağalarov. Eldar Həsənov kifayət qədər ciddi bir insandır, amma düşünmürəm ki, “Lukoyl” şirkətinin sahibi Rusiya prezidentinin tapşırığı ilə yox, Azərbaycanın sabiq baş prokurorunun qurduğu ssenari ilə hərəkət etsin. O cümlədən Abbas Abbasovun adının bu kontekstdə hallanmasını qəbul etmirəm. Bu, bir qədər çox bəsit yanaşmadır. Sözsüz ki, Abbas Abbasovun neytral çıxışlar etməsinin səbəbləri var, ən azından şəxsi mənada da. Onun özü Moskvada olsa da, ailəsi Bakıdadır. Fikir verdinizsə, mən dəyərləndirmə aparanda Kremlin Azərbaycanda hakimiyyəti dəyişmək istədiyini, yaxud qarşısına belə bir məqsəd qoyduğunu söyləmədim. Söhbət təsir vasitəsindən gedir, Kreml Bakıya nümayiş etdirir ki, istənilən vaxt Azərbaycana qarşı əllərində milyardları olan azərbaycanlıları qoya bilər. Bu, çox vacib məqamdır. Bəli, Azərbaycanın diaspora qurmaq üçün pulu vara, amma dövlət Rusiyadakı diaspora milyardlarla pul ayıra bilməz. Yəni milyardları ayırıb diasporanı öz qüvvəsi kimi arxasında saxlamaq Rusiyanın rəsmi dairələrinin ciddi təpkisi ilə qarşılanar, o cavab verilər ki, Siz öz pulunuzla bizim ölkə daxilində siyasi atmosfer yaradırsınız. Amma Vahid Ələkbərov, Araz Ağalarov kimi insanların milyonlar vermək imkanı var. Nəzərə alın ki, Azərbaycanın ən böyük diasporası Rusiyadadır və onların ölkə ilə çox sıx əlaqələri var. Bir daha deyirəm, təşkilatın yaranması bir siqnaldır, bu, o demək deyil ki, ittifaq təsis olundusa, sabah rəsmi Bakının əleyhinə bəyanatlarla çıxış edəcək. Ola bilər, həmin bəyanatlara heç ehtiyac da qalmasın. Sadəcə olaraq. Yeni ittifaq bir siqnal və nümayişdir, bu nümayiş də ondan ibarətdir ki, bəli, pullara maliksiniz, çox iş görə bilərsiniz, ancaq Rusiya bir qədər fərqli dövlətdir, şimal qonşunuzda çox şeylər hakimiyyətlə bağlıdır. Bu gün milyarder olan insanı sabah həbsxanada görə bilərsiniz, Xodorkovskinin aqibətini misal çəkmək olar. Əgər adlarını xatırladığım insanlar Rusiyada bizneslə məşğuldurlarsa, Kremlin cızdığı çərçivədən kənara çıxa bilməzlər.

- Bu günlərdə ABŞ-ın Azərbaycandakı səfiri Morninqstar 2013-cü il seçkiləri ilə bağlı bildirib ki, onlar üçün vacibi demokratik seçkidir, nəinki Əliyevin üçüncü dəfə namizəd olması. Bu bəyanatın son olaylarla bir əlaqəsini görürsünüzmü?
- Düşünmürəm ki, Vaşinqtonun Azərbaycana qarşı siyasəti hakimiyyətin dəyişməsinə yönəlik siyasətdir. Birincisi ABŞ-ın münasibətlərində həmişə bir praqmatizm olub, əgər Azərbaycanın xarici siyasəti Vaşinqtonun maraqlarına cavab verirsə, bu halda kimin hakimiyyətdə olmasına baxmayaraq onlar əməkdaşlıq edirlər. İkincisi seçkilər vasitəsilə hakimiyyətin dəyişməsindən söhbət gedirsə, bunun üçün ilkin şərtlər olmalıdır, Azərbaycanda həmin şərtlər yoxdur. Hakimiyyətin dəyişdirilməsi üçün söhbət yalnız təlatümdən gedə bilər. Regionda çox ciddi və qlobal proseslər getdiyi bir zamanda hakimiyyət dəyişikliyi şəraitinin yaradılması ABŞ-ın maraqlarına cavab vermir. Çünki nəticənin necə olacağı məlum deyil. Mən düşünmürəm ki, Amerika tərəfindən Azərbaycan üçün hazırlanmış bir plan var. Ancaq Vaşinqtonun Gürcüstan və Ermənistanla bağlı mövqeyi çox aydındır. Fikir verirsinizsə, Morninqstar müsahibəsində daha çox üstünlüyü vətəndaş cəmiyyətinə verir, əslində, bu o deməkdir ki, olanı qorumaq və gələcəkdə inkişaf üçün əsaslar yaratmaqdır. Təəssüflər ki, Azərbaycanda proqnozlaşdırılması mümkün olmayan daxili siyasi şərait yaranır. Siyasi hadisələri o zaman proqnozlaşdırmaq mümkündür ki, siyasi oyunçular mövcuddur, siyasi oyunçuların real gücləri, resursları var və bunun nəticəsində nəyisə proqnozlaşdırırsan. Bizdə isə siyasi müstəvi tamamilə təmizlənib, bu, özü çox təhlükəlidir, yəni siyasi kataklizmlərin nə zaman baş verəcəyini heç kim proqnozlaşdıra bilmir. Əgər gözlənilmədən kataklizm olarsa, bu halda Amerika proseslərdə iştirak edəcək və çalışacaq ki, vəziyyət daha çox “ərəb baharı” modelinə yaxın olsun.

bizimyol.info