“Bu, təxribat xaraktelidir”- Mövqe

bu-texribat-xaraktelidir-movqe
Oxunma sayı: 657

Trend-in məlumatına görə, bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov cümə axşamı jurnalistlərə deyib.

"Beynəlxalq aviasiya qanunları mövcuddur. Azərbaycanın icazəsi olmadan bizim hava məkanımızdan heç kəs uçuş xətti kimi istifadə edə bilməz. Hesab edirəm ki, bu, təxribat xarakterlidir", - Səfərov bildirib.

O qeyd edib ki, bu, iqtisadi cəhətdən özünü doğruldan deyil.

"Ağlı başında olan insan Azərbaycanın hava məkanını pozmaz", - İB sədri əlavə edib.

Beynəlxalq təşkilatlara müraciət etmək üçün Birliyin kiçik təşkilat olduğunu deyən Səfərov bildirib ki, bu istiqamətdə Azərbaycan hökuməti mütəmadi işlər görür.

"Xankəndi aeroportunda, ola bilsin ki, bir sıra uçuşlar həyata keçirilsin. Lakin ali baş komandan başda olmaqla, xalqımız buna etirazını bildirib. Ermənilər uçacaqlar, bir də görəcəklər ki, yerdədirlər", - o deyib.

Xankəndi-Yerevan hava nəqliyyatının açılması məsələsi Ermənistan və Azərbaycan arasında ikitərəfli formada həll olunmalıdır. Bunu əvvəllər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) mətbuat katibi Denis Şaqnon deyib. O qeyd edib ki, hava reyslərini həyata keçirmək üçün hava gəmisinin göndərilmə və çatma limanlarının razılığını əldə etmək lazımdır. Bu tamamilə əsaslandırılmış və məntiqi mövqedir, çünki Xankəndi Azərbaycan şəhəri, Yerevan isə Ermənistanın paytaxtıdır.

Ermənistan KİV xəbər verir ki, aeroportun uçuş-enmə zolağının gecə işıqlandırma sistemi sınaqdan keçirilib. Hava limanının uçuş-enmə zolağının uzunluğu 2 min 300 m, eni isə 20 metrdir. Xankəndi hava limanından ilk dövrdə Yerevana reyslərin təşkili planlaşdırılır. İlin əvvəlindən həyata keçirilmiş işlər nəticəsində hava limanına böyük təyyarələrin enməsi üçün uçuş-enmə zolağı genişləndirilib.

Ermənilər 2008-ci ildə aeroportun əsas binasının tikintisinə başlayıblar. Aeroportun açılışı bu il mayın 9-na planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası isə bəyan edib ki, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və rəsmi Bakının icazəsi olmadan Xankəndinə digər ölkələrdən təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Əks halda rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirlər görəcəyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.