“Bu, təxribatdır” - Açıqlama

bu-texribatdir-aciqlama
Oxunma sayı: 640

Bunu “Qafqazinfo”ya açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev onun Müsavat başqanı İsa Qəmbəri ümummüxalifət lideri kimi görməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. R. Nurullayev deyib ki, belə məlumatlar müxalifətin birliyinə xələl gətirir: “Mən AXCP rəhbərliyində təmsil olunan bir şəxsəm və AXCP-nin və onun sədri Əli Kərimlinin Azərbaycanda siyasi dəyişiklik yaratmaq üçün bütün şəxsi və mənəvi imkanlara malik olduğu düşüncəsindəyəm. Bütün varlığımla inanıram ki, Azərbaycanda müxalifətin və bütün siyasi liderlərin bir yerdə olması vacibdir. Əsas missiyamız dəyişiklik yaratmaqdır. Əsas hədəflərimizdən biri İctimai Palatada birliyimizi və əməkdaşlığımızı saxlamaqdır. Bu tip informasiyalar isə bizə müxalifətə mənfi münasibət bəsləyən opponentlərimiz tərəfindən şişirdilə, digər səmtə yozula və əməkdaşlığımıza xələl gətirə bilər. Ümid edirəm ki, Müsavat və AXCP arasında əməkdaşlıq daha da dərinləşəcək və hər iki tərəf bu tip informasiyaların meydana gəlməsinə rəvac verməyəcək. Əks halda, təhlükəli bir cərəyan əməkdaşlığımıza ziyan vura bilər”.

Xatırladaq ki, bu gün Facebookda AXCP üzvü olduğu deyilən Nərmin İsmayıl adlı istifadəçi İctimai Palatada İsa Qəmbərin əleyhinə səs verənlərin siyahısını açıqlayıb. Onun paylaşdığı mətndə bu idarələr yer alıb: “AXCP daxilində Razi Nurullayev kimi intellektlər bu mini seçkidən sonra hesab edirlər ki, xalqın İsa Qəmbərə münasibəti daha yaxşı olduğundan onun başqanlıqdan gedərək, ümummüxalifət lideri olması məqsədəuyğundur. İsa bəy İP-də bütün partiyaları öz liderliyi altında birləşdirərək rejimə qarşı mübarizə aparsın. Ancaq Fuad Qəhrəmanlı və klassik yurdçular bu ideyaya düşməncəsinə yanaşırlar”.