“Bu, Türkiyəyə nə verəcək?” - Açıqlama

bu-turkiyeye-ne-verecek-aciqlama
Oxunma sayı: 652

Avropa Parlamentindən buna münasibət bildirilib. Avropa Parlamentinin sədri Yerji Buzek bəyan edib ki, Fransa inkara görə cəza qanununu Avropa Birliyinin gündəminə gətirməməlidir.

Digər tərəfdən, Türkiyənin Ankara Böyükşəhər Bələdiyyə Məclisi Fransaya qarşı addımlar atmaq haqda müzakirələr edib. Toplantıda bir sıra təkliflər irəli sürülüb. Onların arasında Fransa səfirliyinin yerləşdiyi “Paris” prospektinə “Əlcəzair” adı verilməsi, “Deqol” prospektinin Əlcəzairin qəhrəmanlarından birinin adına dəyişdirilməsi, Fransa səfirliyinin olduğu yerin yaxınlığına Əlcəzair soyqırımının xatirəsinə abidə qoymaq kimi təkliflər daxildir.

Politoloq Razi Nurullayev Deyerler.Org-a açıqlamasında baş verənlərə münasibət bildirib: "Mənə belə gəlir ki, hal-hazırda həm Türkiyənin Fransaya qarşı atdığı addımlar və eyni zamanda Fransanın Türkiyəyə qarşı atdığı addımlarda birmənalı olaraq dəstək veriləcək məqamlar azdır. Bu, ondan irəli gəlir ki, hal-hazırda iki tərəf arasında artıq qonşuların davasına bənzəyən bir hal formalaşmaqdadır. Artıq bu, siyasi gündəmdən çıxaraq, iki xalq arasında olan mübarizəyə çevrilməkdədir və bu, çox pis tendensiyaya aparır. Ona görə də hesab edirəm ki, Sarkozinin atdığı addımlar son zamanlar Türkiyənin atdığı addımlara cavab olaraq qisas məqsədi güdür və Sarkozi kimi Avropa miqyaslı bir siyasətçiyə özünün şəxsi maraqlarından çıxış edərək, öz şəxsi heysiyyətinə toxunan məsələləri əsas gətirərək, böyük bir dövlət olan Fransanı özünün şəxsi maraqlarına qurban verərək, bu cür addımlar atması əlbəttə ki, Fransa üçün yaxşı heç nə vəd etmir.

Türkiyənin də atacağı addımlar, məsələn küçələrin adının dəyişdirilməsi, Fransanı əsəbiləşdirəcək digər addımlar Türkiyəyə də başucalığı gətirməyəcək. Mənə elə gəlir ki, Türkiyə belə məsələlərdə daha səbirli davranmalı idi, amma biz bu davranışı görmürük . Türkiyədə olan "Paris" adlı küçənin adının dəyişdirilməsi Türkiyəyə nə verəcək? Hansı şəkildə Fransaya təzyiq göstərərək, Fransanın fikrini dəyişməsinə gətirib çıxaracaq? Əksinə bu, Fransada türklərə qarşı olan nifrəti daha da artıracaq.

Bu baxımdan mən hesab edirəm ki, artıq Avropa Birliyi dövlətləri də Fransanın bu addımlarını məhz Fransanın heysiyyətinə toxunuş kimi qiymətləndirir və buna görə də Sarkozinin Avropa Birliyi çərçivəsində də bu addımın atılmasını isti qarşılamayacaq və məlum olduğu kimi, Yerji Buzekin də bu məsələyə mənfi münasibəti artıq özünün göstərib. Mən hesab etmirəm ki, Avropa dövlətləri içərisində eləsi olsun ki, Sarkozinin bu fikirlərini dəstəkləsin.

Digər tərəfdən yəqin ki, Sarkozi məsələni bu cür gündəmə gətirməklə bir çox fransız millətçilərinin də səsini qazanmağa meyllənib. Mən bunu seçkilərə istiqamətli atılmış bir addım kimi dəyərləndirirəm. Anoloji olaraq, Türkiyənin də atdığı bir sıra addımları düzgün saymıram. Bunu bir çox siyasətçilərin şəxsi mənfəətlərinə qulluq kimi dəyərləndirirəm və hesab edirəm ki, bunun fransız və türk xalqlarına heç bir aidiyyəti olmamalıdır. Fransanın "soyqırım"ı tanıması türklərin heysiyyətinə toxunub, bizim də heysiyyətimizə toxunub, çünki biz də türk xalqıyıq. Mən də bunu çox pis qiymətləndirirəm. İstəməzdim ki, bu, iki xalq arasında olan bir münaqişəyə çevrilsin".