“Bu üslub doğru deyil”

bu-uslub-dogru-deyil
Oxunma sayı: 647




“Türkiyə və Azərbaycan münasibətlərinə tərəzi ölçüləri ilə baxmaq olmaz”. Bunu “Qafqazinfo”ya açıqlamasında Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa son vaxtlar Türkiyə və Azərbaycan münasibətlərindəki gərgin məqamlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, istər Türkiyə, istər də Azərbaycan mediasında ayrı-ayrı yazarlar və siyasətçilər tərəfindən səsləndirilən neqativ fikirləri bu münasibətlərin zədələnməsinə yönələn addımlar kimi qiymətləndiriblər. Millət vəkilinin fikrincə, Fransanın saxta soyqırımı iddiasını kriminallaşdırmasına qarşı hər iki tərəfdən atılan addımlar qaneidicidir və hər iki dövlət və cəmiyyətin imkanlarına və real gücünə adekvat sayılmalıdır: “Kiminsə daha artıq iş görməsini arzulamaq olar, ancaq bunu ittiham üslubunda deyil, dostcasına təkliflər formasında ifadə etmək daha doğru olardı. Bu məsələdə həm Türkiyənin, həm də Azərbaycanın media və siyasət dairələri ehtiyatlı davranmağa səy göstərməlidirlər”.

Fazil Mustafaya görə Fransanın insan hüquqlarına zidd olaraq qəbul etdiyi Qanunun Türkiyə ilə yanaşı Azərbaycanı da hədəf aldığı bir gerçəkdir: “Azərbaycanda verilən dəstəyi, göstərilən etirazları sanki Türkiyəni dəstəkləmək və ya Türkiyəyə qarşı bir minnət haqqı kimi təqdim etmək isə ümumiyyətlə qüsurlu davranış sayılmalıdır”. Azərbaycan və Türkiyədə ortaq məsələlərlə bağlı bəlli tarixi məqamlarda edilən qarşılıqlı qardaşlıq yardımlarını, verilən dəstəkləri kəmiyyət və tərəzi ölçüləri ilə müəyyənləşdirmək cəhdlərini də zərərli tendensiya hesab edən millət vəkilinin fikrincə etibarlı və sağlam müttəfiqlik münasibətlərinin güclənməsi üçün hər iki tərəfdən səylər artırılmalıdır.