“Bu vəziyyət gənclərə başqa yol qoymadı”

bu-veziyyet-genclere-basqa-yol-qoymadi
Oxunma sayı: 733

Yazıçı Rüstəm İbrahimbəyovun evində keçirilən forumun toplantısı Azərbaycan gənclərinin problemlərinə həsr olunub.
Tədbiri açan Rüstəm İbrahimbəyov deyib ki, 150 illik hüquq tarixi olan ölkədə toplantı keçirmək üçün, nəhayət, bir yer tapmaq mümkün olub. O təklif edib ki, gənclərin mövcud problemlərinin araşdırılması məqsədilə yığıncaq açıq müzakirələr formasında keçirilsin.

Professor Cəmil Həsənli deyib ki, forumda gənclərin problemlərini müzakirə etməyi çoxdan arzulayıblar. Lakin bu mümkün olmayıb: “Görünür, gecikmədə də bir pozitivlik var. Tədbirimiz gecikdi və 2 fevral Gənclər Günü ərəfəsinə təsadüf etdi. Ölkənin gələcəyində və taleyində yaxından iştirak etmək və ona biganə olmamaq üçün say məsələsi az rol oynayır. Əsas bu işdə iştirak edənlərin çəkisidir”.

Cəmil Həsənli qeyd edib ki, hazırda ölkədə olan problemlər arasında gənclərin qarşılaşdığı çətinliklər xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycanın gələcəyi gənclərin intellektual səviyyəsindən, təhsilindən, dünyada baş verən proseslərdən çıxış yolları tapmasından, vətənçilik hisslərinin səviyyəsindən asılıdır.

Azərbaycanda işsizlərin böyük bir hissəsi gənclərdir. Ali təhsil almaq istəyənlərin sayı ildən-ilə azalır. Vəziyyət belə davam etsə, gələcəkdə daha da azalacaq. Dövlət hesabına xaricdə təhsil alan gənclər ölkəyə döndükdən sonra onların işlə təminatına problemlər yaradılır. Bəzən bu gənclərə işlədikləri dövlət müəssisələrində daxili ənənəyə uyğun olaraq qanunsuz maaş - pul zərfləri təklif edilir. Onlar da ölkədə üzləşdikləri vəziyyətə görə xaricə getmək məcburiyyətində qalırlar. Dövlət təhsil almaq üçün gəncləri xaricə göndərmək haqda proqram həyata keçirir. Amma bütün gənclər bundan yararlana bilmir. Müvafiq orqanlar xaricə getmək istəyən gənclər, onların ailələri, yaxınları haqda geniş araşdırma aparır. Əgər kiminsə özü, valideyni, yaxın qohumu siyasi və sosial cəhətdən aktivdirsə, proseslərdə iştirak edirsə, belə gənclərin xaricə yolu bağlanır”.

Yazıçısı Əkrəm Əylisli deyib ki, gəncləri siyasi baxımdan iki hissəyə bölmək Azərbaycan cəmiyyətində parçalanmaya səbəb olacaq: “Ərəb ölkələrində inqilablar gənclərin üzləşdiyi problemlərdən başlandı. Gənclər xarici ölkələrdə təhsil alıb qayıtdılar və gördülər ki, hər şey bir qrupun əlində cəmləşib. Bu vəziyyət gənclərə başqa yol qoymadı və küçələrə çıxdılar. İndi Azərbaycanda da bu proses çox sürətlə gedir”.


Əkrəm Əylisli hesab edir ki, Rusiyada baş qaldıran demokratikləşmə Azərbaycana da təsir edəcək: “Bizdə də bir çox yatmışlar oyanacaq. Ancaq hər şeydən əvvəl xalqı dirçəltmək lazımdır. Dirçəlmiş xalq özünə yol tapacaq. Bizdə ümummilli, ruhi, ürəkdən gələn dirçəlmə yoxdur. Bəzən deyirlər ki, Ziyalılar Forumunda ziyalı yoxdur, bizim hansısa iddalarımız var, inkişafı görmürük. Bunlar tamamilə yanlış fikirlərdir. Burada oturanlardan heç kim Azərbaycanın dinamik inkişafına, yəqin ki, şübhə etmir. Ancaq Azərbaycanda inkişaf hormonik getmir. Ziyalıları yandıran budur. Avstraliyadan kaktusu gətirib bulvarda əkirlər, amma insanların min bir dərdinə əlac axtaran yoxdur”.

Professor Rafiq Əliyev çıxışında gənclərin problemlərinin həllinin vacibliyini vurğulayıb: “Gənclik sabahla yanaşı, böyük resursdur. Nə neft, nə qaz, nə də pul böyük resursdur. Ən böyük resurs gənclikdir. Biz gəncliyə parçalanmış vətən miras qoyuruq. Amma bu o demək deyil ki, bütün məsuliyyəti gənclərin üzərinə atırıq. Gənclər bizim potensialdan da istifadə etməlidirlər”.

Yazıçı Mehriban Vəzir deyib ki, forumda səslənən fikirlər həyəcan təbilidir: “Kaş bu ölkəni idarə edənlər bizim göz yaşlarımızı görəydilər. Gəncliklə bağlı durum həqiqətən acınacaqlıdır. Amma qadınların vəziyyəti də ağırdır. Qadınların dövlət idarəçiliyində, mülkiyyətdə heç bir payı yoxdur. Ona görə də növbəti forumu qadınların probleminə həsr etmək yaxşı olar”.


Rüstəm İbrahimbəyov diqqəti uşaqların probleminə yönəldib. O deyib ki, dövlət büdcəsindən uşaqların problemləri üçün vəsait ayrılmalıdır: “Uşaqları məktəbdə rüşvətxor kimi böyüdürlər. Onların vətəndaş kimi formalaşması, gələcəyi necə olacaq?”