“Bu, yeganə çıxış yoludur”

bu-yegane-cixis-yoludur
Oxunma sayı: 691


“Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır. Burada azərbaycanlılar daim yaşayıb. Bütün tarixi abidələr, toponimlər Azərbaycana məxsusdur. Bu, tariximiz və mədəniyyətimizin ayrılmaz hissəsidir”. “Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ingilisdilli “The Business Year” jurnalının Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş xüsusi buraxılışına verdiyi müsahibəsində bildirib. Dövlət başçısı vurğulayıb ki, ermənilər bu ərazilərə daha sonralar köçürülüblər. Bu gün isə onlar Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmağa çalışırlar. Nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət buna imkan verməyəcəkdir.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin 2011-ci il mayın 26-da dərc olunmuş birgə bəyanatını müsbət qəbul edib. Azərbaycan münaqişənin tezliklə həll olunmasının tərəfdarıdır.
Helsinki Yekun Aktına əsasən, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmələri hüquqları arasında ziddiyyət olmadığını bildirən dövlət başçısı qeyd edib ki, xalqların öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyü çərçivəsində həyata keçirilə bilər və bu, münaqişənin yeganə mümkün həll yoludur.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyimiz Azərbaycanın ərazi bütövlüyünün bərpasından və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıtmalarından ibarətdir. Yalnız bu addımlardan sonra regionda sülh və əməkdaşlıq bərqərar olacaq və bütün tərəflər bundan faydalanacaq. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyi və onun Ermənistana birləşdirilməsi ilə razılaşmayacaqr. Bu heç zaman baş verməyəcək.
Dövlət başçısı zamanın Ermənistanın əleyhinə işlədiyini xüsusi qeyd edib. Son 20 ildə Ermənistan bütün regional layihələrdən təcrid olunub. Onun iqtisadiyyatı ciddi tənəzzül yaşayır, əhali ağır sosial şəraitə dözməyərək, ölkəni tərk edir. Ermənistan və Azərbaycan arasındakı fərq sürətlə artır.

İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. O deyib: “Bir sözlə, Ermənistanın liderləri və erməni lobbisi həqiqi reallığı düzgün qiymətləndirməli və beynəlxalq ictimaiyyətin işğalın nəticəsini heç zaman tanımayacağını, gec və ya tez münaqişənin həll olunacağını dərk etməlidir . Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmiz üçün əsas problem və ən ağrılı məsələdir. Azərbaycanlılar etnik təmizləmə siyasətinə məruz qalmış, ermənilər işğal edilmiş ərazilərimizdə tarixi və mədəni abidələri məhv etmişlər.

1992-ci ildə Xocalıda qanlı qətliam nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilmiş, yüzlərlə insan əsir götürülmüşdür. Onların bir çoxunun taleyi indiyədək məlum deyildir.
BMT-nin Təhlükəsizlik Şurası qoşunların işğal edilmiş ərazilərdən dərhal və danışıqsız çıxarılması və məcburi köçkünlərin öz evlərinə qayıtmalarının təmin edilməsini tələb edən 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrə indiyədək əməl edilmir. Ermənistan ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə də əməl etmir. Ermənistanı qeyri-konstruktiv mövqedən çəkinməyə məcbur etmək üçün beynəlxalq ictimaiyyət bu ölkəyə təsir göstərmək baxımından daha fəal olmalıdır və bu yeganə çıxış yoludur”.