“Büdcə göz qabağında dağıdılır” – Müsahibə

budce-goz-qabaginda-dagidilir-musahibe
Oxunma sayı: 646


Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin seçki məsələləri üzrə müavini Ramil Hüseynovun “Qafqazinfo”ya müsahibəsi




- Partiyanızın son zamanlar gördüyü işlərin əsas istiqamətləri nədən ibarətdir?

-2010-cu ildə keçirilmiş parlament seçkiləri VİP-in malik olduğu resursların özünəməxsus testi oldu və seçkilərdən sonra əsas diqqətimiz imkanlarımızın yenidən dəyərləndirilməsinə, seçki prosesinin gedişində özünü qabarıq göstərən müəyyən çatışmazlıqların aradan qaldırılmasına yönəldildi. Bu mənada fəaliyyətimizin əsas hissəsini VİP-in təşkilati şəbəkəsinin genişləndirilməsi və strukturlarımızın təkmilləşdirilməsi işinə həsr etmişik. Nəzərdə tutduğunuz işlərin ardıcıllıqla və məqbul müddətdə reallaşması üçün bir neçə istiqaməti əhatə edən Fəaliyyət Planı hazırlanıb. Həmin Plana uyğun olaraq, VİP-in Qadınlar və Gənclər təşkilatlarının, Ağsaqqallar Şurasının yenidən formalaşdırılması, eyni zamanda, partiyanın Analitik Mərkəzinin yaradılması istiqamətində fəaliyyət davam etdirilir. Ölkədə siyasi partiyaların fəaliyyətinə yönəlik ciddi məhdudiyyətlər şəraitində bu işləri normal səviyyədə həyata keçirməyə çalışırıq.

- Amma siyasi partiya olaraq, fəaliyyətiniz daxili təşkilati məsələlərlə məhdudlaşmır...

- Təbii ki, qeyd etdiklərim VİP-in fəaliyyətinin bir istiqamətinə - siz deyən kimi, daxili təşkilatı məsələlərə aid işlərdir. VİP müxalifət üçün arzuedilməz nəticələrlə yekunlaşmış 2010-cu parlament seçkilərindən sonra düşərgənin yenidən toparlanaraq bir araya gəlməsi üçün müttəfiqimiz Azərbaycan Liberal Partiyası ilə birlikdə seçkilərdə müstəqil və ya blok formasında iştirak edərək, müəyyən nəticə qazanmış 6 partiyaya birlik çağırışı etdik. Bu təşəbbüsün əsas mahiyyəti müxalifət qüvvələrinin ölkədə demokratik hüquq və azadlıqların təmin olunması istiqamətində birgə fəaliyyətin təşkilindən ibarət idi. Amma təəssüf ki, müxalifət üçün məlum xarakterik səbəblərdən VİP-in və ALP-nin bu təşəbbüsünə qarşılıq verilmədi. Bununla belə, partiyamızın ALP və Azərbaycan Yaşıllar Partiyası ilə dayanıqlı müttəfiqlik münasibətləri mövcuddur və koordinasiyalı fəaliyyət göstərilir. Eyni zamanda, VİP olaraq, müxalifətin real və geniş spektrli səmimi birliyinə hədəflənmiş təşəbbüsləri dəstəkləməyə hazırıq.

- Yeri gəlmişkən, siyasi fəaliyyətin əsas şərtlərindən biri də maddi təminatdır. Bu baxımdan, siyasi partiyalar haqqında qanuna edilmiş dəyişiklikləri necə qarşıladınız?

- Bu dəyişikliklər irəli sürüldüyü ilkin dönəmdə və ondan sonrakı dövrdə partiyamız bununla bağlı bir neçə dəfə rəsmi mövqe bildirib və hakimiyyətin həmin qanuna irəli sürdüyü dəyişikliklər paketinin qəbuledilməz olduğunu, o təkliflərin ölkədə siyasi təsisatların sıradan çıxarılmasına hesablandığını bəyan edib. Amma təəssüf ki, hakimiyyət yenə də daxili siyasi qüvvələrin rəyinə məhəl qoymadan, nəzərdə tutduğu dəyişiklikləri öz nəzarətində olan parlamentdə təsdiq etdirdi. Dəyişikliklərin xüsusilə, partiyaların qeydiyyata alınması proseduru və dövlət büdcəsindən maliyyələşməsi şərtləri qətiyyən məqbul və adekvat deyil. Vurğuladığım məqamlar müxalifətin zəiflədilməsi fonunda hakim partiyanın daha da güclənməsini və onun siyasətini dəstəkləyən partiya adlanan qurumların ayaqda qalmalarını nəzərdə tutur.

- Büdcədən maliyyələşməyə düşməyən müxalifət partiyalarından biri olan VİP haradan maliyyələşir?

- Müxalifət partiyaları ilə əlaqədar maliyyələşmə ifadəsi inanın ki, çox pafoslu səslənir. VİP heç daxili və ya xarici mənbədən maliyyələşir – partiyamız heç də böyük olmayan xərclərini sadəcə, müəyyən üzvlərimizin və bizə yaxın insanların fədakarlıqla göstərdikləri maddi yardımlarla qarşılamalı olur. Azərbaycanın mövcud reallığının bir üzü də bu məsələdir.

- İctimai Palata son üç həftə ərzində artıq iki dəfə mitinq keçirib. Kütləvi aksiyalarla bağlı mövqeyiniz necədir?

- Ümumiyyətlə, Azərbaycan cəmiyyətində real dəyişikliklərə hədəflənmiş bütün hərəkətlənmələri, fəaliyyəti dəstəkləyirik. Dediyiniz aksiyalarla Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq hüququ nəhayət, hakimiyyət tərəfindən qismən də olsa, tanındı. Keçirilən aksiyaların tələbləri aktualdır və haqlıdır.

- Amma “Eurovision” ərəfəsində kütləvi aksiyaların intensivləşməsi də birmənalı qarşılanmır...

- Nəyə görə birmənalı qarşılanmamalıdır ki? Bütün fəaliyyət, o cümlədən həmin aksiyalar da zərurətdən irəli gəlir. Bir çoxları belə iddia irəli sürürlər ki, “Eurovision” ərəfəsində mitinqləri təşkili, yarana biləcək gərginlik Azərbaycanın imicinə zərbə vurur. Bu, fikrimcə, absurd yanaşmadır. Hakimiyyətin ümumi siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki imici onsuz da müsbət çalarda deyil. Digər tərəfdən, Azərbaycanda seçkilər total surətdə saxtalaşdırılır, büdcə vəsaitləri göz qabağında dağıdılır, korrupsiya çiçəklənməkdə davam edir... Bəs bu yumşaq desək, neqativ hallar “imic təəssübkeşləri”ni heç narahat etmirmi? Hər halda, ölkədə gərginliyin yaranmaması üçün hakimiyyət ciddi addımlar atmalıdır. Eyni zamanda, müxalifət qüvvələri də hakimiyyətə nümunə olaraq, Azərbaycan naminə müəyyən məqamda özlərini dayandırmağı bacarmalıdırlar.

Sədan