Bulvar Nobel prospektinin sonunadək uzadılacaq

bulvar-nobel-prospektinin-sonunadek-uzadilacaq
Oxunma sayı: 894

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, hazırda Bakı bulvarının uzunluğu 4 kilometrdir.

"Artıq genişləndirmə işlərinə başlanılıb. Yaxın 10 ildə Bakı bulvarının hər iki istiqamət üzrə uzadılması nəzərdə tutulub. İlkin olaraq, bulvarın Nobel prospektinin sonunadək uzadılması planlaşdırılır", - rəis müavini deyib.

Onun sözlərinə görə, maya qədər Bakı bulvarında çalışan işçilərin təkmilləşdirilməsi üçün treninqlər keçiriləcək.

Nazim Məcidov bildirib ki, Bakı bulvarında genişləndirmə aparılan ərazidə bütün tikililər sökülüb.

"Bulvarın uzadılması üçün artıq İdman Sarayından Bayraq Meydanına qədər ərazidə işlərin görülməsinə başlanılıb. Yalnız Gəmi Təmiri zavodunun kicik bir hissəsi orada qalıb. Zavod da yaxın vaxtlarda köçürüləcək", - o, əlavə edib.

Nazim Məcidov deyib ki, bulvar ərazisindəki obyektlərin əksəriyyəti fiziki şəxslərə, bəziləri Əmlak Məsələləri Dövlət Komitəsinə, 4 attraksion isə Bulvar İdarəsinə məxsusdur.

Bulvarın uzadılacaq hissəsində fiziki şəxslər tərəfindən yeni obyektlərin yaradılmasına gəldikdə, idarə rəsmisi bildirib ki, adətən, yeni obyektlərin yaradılması üçün iş adamları təkliflərlə Bulvar İdarəsinə müraciət edirlər. Bu məsələlərə idarənin kollegiyasında baxılır. Yaxşı təkliflər qəbul ediləcək və idarə ilə müqavilə bağlanacaq.