Bulvara quşlar gəlib - Video

bulvara-quslar-gelib-video
Oxunma sayı: 692

Mütəxəssislər deyirlər ki, çöl quşlarını şəhərin mərkəzinə son günlərin şaxtalı havaları gətirib.

«Bulvarda çöl quşlarının cəmləşməsi nadir hadisədir». Bunu AzadlıqRadiosuna Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov bildirib: «Adətən biz bulvarda ördək görmürük. Əsasən qağayılar olur. İndi isə şaxtalı havalara görə, bura çöl ördəkləri gəlib. Onlar əsasən şimaldan gəliblər, bizdə qışlayan quşlardır. Azərbaycanda 1 milyon ördək qışlayır. Onlar əsasən Rusiya və Qazaxıstandan, Volqa, Ural tərəfdən, Qərbi Sibirdən gəlirlər».

BU ÇOX, NADİR HADİSƏDİR

Respublika Ovçular Cəmiyyətinin sədri Füzuli Əşrəfov da deyir ki, ilk dəfədir Bakı bulvarında çöl quşları yığışır: «Bu çox nadir hadisədir. Çöl quşları Bakı bulvarına yem axtardıqlarına görə gəliblər. Əvvəllər qış aylarında biz köçəri quşları yemlə təmin edirdik. Onların olduqları limanlara buğda, arpa, saman səpirdik. Ancaq son 5 ildir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bizdən həmin ov sahələrini geri alıb. Bizimlə olan müqaviləni ləğv ediblər. Biz də həmin yerlərə yem səpmirik. Çöl quşları da yem axtardıqlarına görə gəliblər. Bulvar ərazisində onlar üçün müəyyən qida var».

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə oluna təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bildirdi ki, soyuq hava şəraitində yem bazası olmayan quşlar daha münbit yer axtarır: «Bu yem səpməklə bağlı olan məsələ deyil».

MÜRACİƏT OLSA...

Hikmət Əlizadə bildirir ki, Ovçular Cəmiyyəti ilə müqavilə 2004-cü ildə dayandırılıb. Nazirlik isə quşların yem məsələsi üçün pul ayırmır: «Bu sahədə ictimai təşkilatların imkanları daha genişdir. Bu gün qeyri-hökumət təşkilatları, elə Ovçular Cəmiyyəti yem səpməklə bağlı nazirliyə müraciət etsə, nazirlik bunu alqışlaya bilər. Qanuna uyğun şəkildə belə müraciətlər olsa, biz buna baxa bilərik. Ancaq bu günə qədər heç bir təşkilatdan heç bir təklif olmayıb».

Mütəxəssislər deyir ki, havalar isinən kimi– bir həftəyə, 10 günə ördəklər bulvardan gedəcək.

bulvar8080.flv