“Buna nail olacaqsınız”

buna-nail-olacaqsiniz
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın məzunlara müraciətini oxuyub.

“Sizi orta məktəbi bitirməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gün bütün məzunlar üçün çox əlamətdar bir gündür. Artıq siz qayğısız məktəb illəri ilə vidalaşaraq həyatınızın yeni, daha məsuliyyətli bir mərhələsinə qədəm qoyursunuz. Sizinlə birlikdə 10 minlərlə məzun da bu əlamətdar və sevincli, həm də bir qədər kədərli günü yaşayacaq.

Bu gözəl zalda ilin ən yaxşı məzunları toplaşıb. Aranızda medal alanlar, olimpiada qalibləri, istedadlı musiqiçi və rəssamlar var. Bu illərdə çəkdiyiniz zəhmət, göstərdiyiniz səylər itməyəcək. Qazandığınız bilik və bacarıqlar üzünüzə ölkəmizin və dünyanın ən yaxşı universitetlərinin qapılarını açacaq. İnanıram ki, bir çoxlarınız Avropa, Amerika və Asiyanın nüfuzlu universitetlərinin tələbələri olacaq, dünyanın hər bir nöqtəsində vətənimizi, Azərbaycanı layiqincə təmsil edəcəksiniz. Bilin ki, harada olmağınızdan asılı olmayaraq, doğma vətənimiz Azərbaycan hər yerdə və həmişə sizinlədir", - Mehriban xanım Əliyevanın müraciətində deyilir.

"Əziz dostlar, gənclər siyasəti hər bir dövlətin siyasətinin ən mühüm tərkib hissələrindən biridir. Bu siyasətin qayəsi ölkənin parlaq gələcəyinin təmin edilməsidir. Onun uğurla həyata keçirilməsi isə gələcəyin qurucuları olan siz məzunlardan - bu gün yeni həyata təzəcə qədəm qoyan oğlan və qızlardan asılıdır.

Gənclər siyasətinə çox böyük önəm verən ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: "Bizim dövlətin gələcəyi gənclərə nəyi, necə öyrətməyimizdən asılıdır".

Bu sözlər müasir Azərbaycanda gənclərə münasibətin təməlini təşkil edir. Siz, gənclər siyasətini fəaliyyətinin prioritet istiqamətlərindən biri sayan möhtərəm Prezident İlham Əliyevin qayğı və diqqətini daim hiss edirsiniz. Prezidentin sərəncamı ilə həyata keçirilən xüsusi proqram sizlər üçün də dünyanın aparıcı universitetlərində yüksək səviyyəli ali təhsil almaq imkanı yaradır", - müraciətdə bildirilir.

"Əminəm ki, bir çoxlarınız buna nail olacaqsınız. Qarşıda sizi təkcə universitet divarları arasında deyil, həyatda da ciddi sınaqlar, böyük işlər, yeni vəzifələr və yeni uğurlar gözləyir. Siz artıq özünüzə peşə seçmək ərəfəsindəsiniz. Hansı sahəni seçməyinizdən asılı olmayaraq, yüksək səviyyəli mütəxəssis olmaq əsasdır. Çünki müasir dünyada cəmiyyəti yalnız fundamental bilik və bacarığı olanlar irəli aparır. Bütün bunlar yaxın gələcəyə aiddir. Bu gün isə siz təhsil aldığınız müddət ərzində doğmalaşdığınız, heç vaxt unutmayacağınız, həmişə məhəbbətlə yada salacağınız məktəbdən ayrılırsınız.
İstərdim ki, özünüzlə təkcə buradan əldə etdiyiniz bilik və bacarıqları deyil, müəllimləriniz və məktəb yoldaşlarınızla ülvi insani münasibətləri, artıq arxada qalan bu təkrarsız illərdə yaranan səmimiyyəti və saflığı da aparasınız.

Əziz məzunlar, bu gün sizin üçün böyük bayramdır. Sizi bir daha ürəkdən təbrik edirəm, hər birinizə öz ailəsinə, cəmiyyətə və dövlətə layiqli vətəndaş olmağınızı arzulayıram. Sizə təhsildə uğurlar, həyatda xoşbəxtlik arzulayıram. Yolunuz açıq olsun", - Azərbaycanın birinci xanımının məzunlara müraciətində deyilir.