“Bunu Azərbaycan prezidentindən hamı gözləyir”- Rəy

bunu-azerbaycan-prezidentinden-hami-gozleyir-rey
Oxunma sayı: 651

“Qafqazinfo”ya açıqlama verən Elxan Şahinoğlu deyib ki, Əhməd Davudoğlunun Fransanın Minsk Qrupundan uzaqlaşdırılması istəyinə Nalbandyan Türkiyəni aşağılamaqla cavab verib. “Erməni nazir əvvəlcə deyib ki, ATƏT-in Minsk Qrupunda kimin həmsədr olmasına Türkiyə qərar verə bilməz. O, ardından belə bir ifadə işlədib: “Türkiyəyə hər zamankı kimi qapını göstərirsən, o bacadan keçməyə çalışır”. Əlbəttə ki, Ankara Nalbandyanın bu tonunu cavabsız qoymayacaq. Ancaq rəsmi Bakı da erməni naziri yerində oturtmalıdır. Çünki, Nalbandyan daha sonra deyib ki, Fransa həmsədr kimi fəaliyyətinə davam edəcək”, -deyə qeyd edib.

Elxan Şahinoğlu bildirib ki, Fransanın həmsədrlik məsələsini ATƏT rəhbərliyi qarşısında qaldırmaq lazımdır: “Əlbəttə, bu o demək deyil ki, məsələni gündəliyə gətirən kimi məsələ öz müsbət həllini tapacaq. Ancaq ən azı başda Nikola Sarkozi olmaqla Fransanın siyasi dairələri və ictimaiyyəti qırımımızı görəcək. Anlayacaqlar ki, Azərbaycan hazırki şəraitdə Fransanın həmsədrliyinin davamına razılaşa bilməz. Yox əgər, Fransanın həmsədrliyinin davamını əvvəlkitək həzm etsək, onda təəssüf ki, Nalbandyanın sözləri doğru olacaq. Təsadüfi deyil ki, Nalbandyan Fransanın həmsədrliyinin davamına dəstək kimi Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə qəbul etdikləri birgə bəyannaməni göstərib. Fransa Senatı “erməni soyqırımının” inkarına görə hüquqi məsuliyyəti nəzərdə tutan qanunu qüvvəyə mindirərkən, eyni saatlarda Soçidə prezidentlər ABŞ və Fransanın vasitəçiliyindən razılıqlarını da ifadə edən sənədə imza atırdılar”.

Analitik deyib ki, Rusiya və Ermənistan prezidentləri Fransadan razı qala bilərlər, bəs mövcud durumda “Azərbaycan dövlət başçısını Parisin vasitəçiliyini müsbət qeyd edən müddəaya imza atmağa nə vadar edib” sualına cavab tapmaqda çətinlik çəkir. “Buna baxmayaraq, bu sadə bəyanatdır, sənədin Fransaya aid bəndindən imtina etmək heç zaman gec deyil. Yetər ki, Fransanın vasitəçiliyinin bundan sonra davam etdirilməməsi ilə bağlı konkret mövqe ortaya qoyulsun. Bunu Azərbaycan prezidentindən ölkə ictimaiyyəti, siyasi partiya liderləri, QHT-lər, media və açıq danıqşaq, lap elə öz yaxın ətrafı, partiyadaşları da gözləyir”, -deyə bildirib.