Bunu əsasən məmur sürücüləri eləyir...

bunu-esasen-memur-suruculeri-eleyir
Oxunma sayı: 656

Hörmətli oxucular, həyatımızın, günümüzün 2 saat 30 dəqiqəsini tıxacda keçirmək, bizim üçün nə qədər böyük itki olduğunu yəqin hamı gözəl başa düşür. Nədən biz vətəndaşlar, adi insanlar tıxaclara məruz qalmalıyıq? Kimdir günahkar? Bu tıxaclarla mübarizə aparan varmı? Son illər yeni körpülərin, yolların və yol ötürücülərinin inşasına, baxmayaraq tıxac məsələsi hələ də niyə həll olunmamış qalıb?

Bakıda yaranan tıxacın əsas səbbələri avtomobillərin sayının çoxalması, avtobus sürücülərinin istədikləri kimi hərəkət etməsi (YPX-nın gözü qarşısında) dayanacaqların olmaması və nəhayət, ən başlıcası sürücülərin yol hərəkəti qaydalarını bilməməsidir. Mən deyərdim ki, ən əsas problem də məhz bundan ibarətdir, sürücülərimizdə sürücülük etikası yoxdur. Çox vaxt sürücülər əks tərəfdən hərəkət edən avtomobillərin qarşısına çıxırlar, bununla da bütün problemlər başlayır.

Hesab edirəm ki, bu kimi halların qarşısı qəti şəkildə alınmalıdır. Əgər biz sürücülər bunun qarşısını almasaq, heç kim bizə kömək etməyəcək. Bu cür yol hərəkəti qaydalarını pozanlar əksər hallarda məmurların sürücüləri və “taksi şoferləri” olurlar.
Hörmətli sürücülər, bu tıxaclar ilk növbədə bizə - Bakıda yaşayanlara mane olur. Hər birimizin xəstəsi ola bilər, hər birimiz harasa tələsə bilərik. Axı nəyə görə özümüz özümüzü tıxaclardan asılı edirik? Bu tıxaclar respublikamız, paytaxtımız və nəhayət, millətimiz barədə pis imic yaradır. Azərbaycana gələn qonaqlar ilk növbədə Bakdakı tıxaclardan və sürücülərimizdən, onların siqnaldan çox istifadə etməsindən danışır. Əgər müşahidə etmisinizsə, Bakıya ilk dəfə gələn insanlar öz müsahibələrində mütləq avtomobillərin necə idarə olunmasından danışıblar.
Gəlin, günahı heç kimdə yox, ilk növbədə özümüzdə axtaraq.
Mən bir Bakı sakini, eyni zamanda millət vəkili kimi problemdən çıxış yolunu aşağıdakı kimi görürəm:

1.Yollarda təmir işləri, zolaqların çəkilişi gecə vaxtı görülsün

2. Yol kənarlarında avtomobillərin dayandırılması qəti qadağan edilsin

3. Çoxlu yeraltı və yerüstü dayanacaqlar tikilsin

4. Ehtiyac olan küçələrdə işıqforlar quraşdırılsın

5. Avtobus və marşurut sürücülərinin sürücülük vəsiqələri yoxlanılsın

6. İcra başçıları dar küçələrdə binaların tikilməsinə icazə verməsinlər

7. İşıqforlarda xüsusi elektrik xətlərindən istifadə olunsun

8. Köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısı alınsın

Hesab edirəm ki, vətəndaşlarımızda sürücülük mədəniyyəti formalaşmasa, bu yaxınlarda istifadəyə veriləcək “Nəqliyyatın hərəkətinin intellektual idarə etmə sistemi”də bizə kömək etməyəcək.

Sizi hər yerdə, hətta tıxacda belə səbirli olmağa çağırıram...