Bunun sonu nə olacaq?

bunun-sonu-ne-olacaq
Oxunma sayı: 717

Bu hakimiyyət nəinki mədəniyyətə mədəniyyət adamlarına da qənim kəsilib. Rusiyada illərlə insanların içində olan xofu, qorxu hissini öldürməkdə İnternet üzərindən vətəndaşlara səslənən incəsənət, mədəniyyət adamlarının rolu böyük oldu.

M. Efremovun təqdimatında “Vətəndaş şair” layihəsi, Liya Axedjakova, K.Sobçak, Y.Şevçuk, T.Kandelaki kimi Rusiyada tanınmış incəsənət adamları vətəndaşlarda olan qorxunu yenməyə kömək edən müraciətlər, çıxışlar etdilər, onların video təqdimatlarına Rusiyada milyonlarla insanlar baxdılar. Bundan sonra da daha bu sahələrin insanları daha aktiv şəkildə demokratik proseslərdə iştirak etdilər.

Rusiyada baş verəcək hadisələrin Azərbaycana bir başa təsiri olacağını bilmək üçün, güclü analitik olmağa ehtiyac yoxdur. Azərbaycan hakimiyyəti Rusiyada gedən prosesləri çox diqqətlə və həyəcanla, qorxu ilə izləyir. Hakimiyyətdəkilər mədəniyyət xadimlərinin Rusiyada proseslərə təsirini görərək, əks addım atmağı düşündülər və bir qrup müğənnini, incəsənət adamını böyük təntənə ilə YAP-a üzv etdilər. Verdikləri mesaj da bu idi ki, bizdə hamı, həm də incəsənət, mədəniyyət işçiləri hakimiyyəti, hakim partiyanı dəstəkləyirlər.

Təhsildə də vəziyyət eynidir. Azərbaycanda 4 il ərzində min nəfər xaricə oxumağa göndərilir, o da rüşvətlə. Qazaxıstanda isə bu rəqəm bir ilə üç min nəfərdir. Hökumət adından bu işləri görənlər bizim mədəniyyətimizə, vicdanımıza zərbə vurur. Bu gün uşaq bağçaları, məktəblərimiz, universitetlərimiz əxlaq pedofiliyası ilə məşğuldur. Bizdə uşaqlar 3-4 yaşından rüşvəti öyrənir. Məktəbdə bu formalaşır, universitetlərə isə özləri rüşvət almağa başlayırlar.

Bu hakimiyyət adında və ruhunda işıq olan adamların- ziyalıların işığını söndürmək, üzlərinə qapı bağlamaq qədərində mədəniyyətə münasibətin ortaya qoyub. Hakimiyyət dairələri belə gülünc şeylərlə məşğul olmamalıdır. Rafiq Əliyevin, Əkrəm Əylislinin, Cəmil Həsənlinin, Ramiz Rövşənin üzünə qapı bağlamağın nə manası var? Bu şəxsiyyətlər açdığı qapıları açıb, həm də o qapıları ləyaqətlə açıblar.

Demək olar ki, bu hakimiyyətin dövründə kitabxanaların çoxu ləğv edildi, ya satıldı və ya yerlərində dükan, mağaza bar tikildi. Bakının mərkəzində, Azad Gənclik Təşkilatının kitab oxuma aksiyası polis tərəfindən vəhşicəsinə dağıdılır, elə bil Azərbaycan polisləri kitab oxuyanların yox, Qarabağı işğal edən Ermənilərin üstünə hücum edirdilər… Hakimiyyətin düşmənlərindən biri də kitab və kitab oxuyandır. Əgər belə olmasaydı bu gün kitaba əlavə dəyər vergisinin qiymətini hakimiyyət analoqsuz etməzdi, belə ki Azərbaycanda kitaba qoyulan ƏDV 18% təşkil edir, bu bütün ölkələrə nisbətən ən böyük faizdir.

Azərbaycan hakimiyyətinin qənim kəsildiyi mədəniyyət ocaqlarıdır. Mədəniyyət evləri ləğv edilir… Məsələn Həmkarlar Təşkilatının balansında olan Şah İsmayıl Xətai adına Xətai Mədəniyyət evi (Xətai rayonunun ərazisində) təmir adı ilə bağlandı və təmirdən sonra görürəm ki, yeni “təmirdən” sonra bu mədəniyyət evi restoran olub…

Gəlin baxaq bu gün hansı kinoteatır işləyir? Bircə “Azərbaycan” kinoteatırı idi ki, onu da bağladılar… “Nizami”, “Vətən” və sairə kinoteatırları isə hələ də “təmirdədir”. Yəqin bu təmirdən sonra onlar da restoran kimi açılarlar. Bunlara mədəniyyət evləri yox, əyləncə, kef mərkəzləri lazımdır…

Mədəniyyət və Turizm nazirliyindən “mədəniyyət” sözü də gərək çıxsın. Mədəniyyəti birdəfəlik ləğv edirlərsə bunu da etsinlər. Əgər bu gün ən cox televiziyaların müzakirə etdiyi Teatrın bədii rəhbəri, rejissoru və aktyorları arasındakı “razborkanı” həll edə bilmirlərsə və etmirlərsə onda nəyə lazım bu nazirlik?

Təzə bir icad da tapıblar, bu dəfə qəzetləri sıxışdırırlar. Bakıda qəzet köşklərini yığışdırıb, lap təzə, yəni müasirlərini qoyurlar. Bu təzə “Köşk press” qəzet köşklərində isə qəzet və jurnaldan başqa nə desən satırlar, bircə qəzetdən başqa. Bu köşklərin bir küncündən “Azərbaycan”, “Səs”, “Xalq”, “Respublika” qəzetlərini satırlar və bilirsiniz də onları oxucu elə çap olunan kimi nəşriyyatdan alıb oxuyur, heç köşklərə çatmağa qoymurlar… rayon mərkəzlərinə gedirsən qəzet köşkləri tapmaq qəliz məsələyə dönüb, qəzet köşkü tapmaq çətindir, tapılanlarda isə anca hakimiyyətin qəzetləri var, başqaları yoxdur… dəlil kimi Göygöl rayonunun mərkəzində bir qəzet köşkü var, yaxınlaşdım ki, mənə “Azadlıq” ver, dedi yoxdur, “Yeni Müsavat”, “Bizim Yol”, “Vətəndaş Həmrəyliyi” heç biri yoxdur satıcı dedi və əlavə etdi ki, bizdə belə qəzetlər olmur…

Bu gün iki Azərbaycan mövcuddur: Biri real olan, digəri isə kabinet, padşah saraylarından görülən Azərbaycandır. Düzdür bugünkü Azərbaycan bir il bundan əvvəlki Azərbaycan deyil. İnternetdə böyüyən, sosial şəbəkələrdə formalaşan yeni nəsil gəlir. Onlar fərqli yaşamaq istəyirlər. Bizim bu gün ən güclü təsir mexanizmimiz yazılarımızda sözlərimizdədir. Vətəndaş cəmiyyəti formalaşdırmaqdır. Cəmiyyət bütün bunları izləyir və bir gün öz sözünü deyəcək. Bütün totalitar rejimlər kimi bu rejim də tarixin arxivinə gedəcək. Amma ortada bərpa edə bilmədiyimiz mədəniyyət məhv olur…

Sizdə düşünün, biz susuruq bunlar isə mədəniyyətimizi kökündən ləğv edirlər.

Papağımızı qarşınıza qoyaq və düşünək: bunun sonu nə olacaq?